FHN it yemi üçün 190 min manatı kimə verib? – MÜƏMMA

FHN it yemi üçün 190 min manatı kimə verib? – MÜƏMMA


Fövqəladə Hallar Nazirliyinin Maddi Texniki-Təchizat İdarəsi tərəfindən keçirilən tender müsabiqəsinin qalibi "Vıtes Group” MMC olub.
Yeniavaz.com xəbər verir ki, "Vıtes Group” MMC Fövqəladə Hallar Nazirliyinin Maddi Texniki-Təchizat İdarəsinə 189 min 910 manatlıq it yemləri satacaq.
Tender müsabiqəsinin qalibi olan "Vıtes Group” MMC – 13.07.2020-ci il tarixində dövlət qeydiyyatına alınıb. Fövqəladə Hallar Nazirliyinin Maddi Texniki-Təchizat İdarəsi tender müsabiqəsini 31.07.2020-ci il tarixində elan edib. Bu isə o deməkdir ki, tender müabiqəsinin qalibi olan "Vıtes Group” MMC tender elanının verilməsindən cəmi 14 gün əvvəl yaranıb. Bu günlərin də 6-sı qeyri iş günləri olan şənbə-bazar günlərinə düşüb. Rəsmi məlumatlardan belə görünür ki, "Vıtes Group” MMC dövlət qeydiyyatına alındıqdan 8 iş günü sonra Fövqəladə Hallar Nazirliyinin Maddi Texniki-Təchizat İdarəsi 190 min manatlıq tender müsabiqəsi elan edib və "Vıtes Group” MMC qalib gəlib.
Bundan başqa tenderlə bağlı diqqət çəkən məqamlardan biri, müsabiqə elanında qeyd olunan şərtlərlə bağlıdır. Müsabiqə elanında açıq şəkildə yazılıb ki, müsabiqədə iştirak etmək istəyən şirkət “son bir il ərzində (fəaliyyətini dayandırdığı müddət nəzərə alınmadan) vergiödəyicisinin Azərbaycan Respublikasının Vergi Məcəlləsi ilə müəyyən edilmiş vəzifələrinin yerinə yetirilməməsi hallarının mövcud olmaması” barədə sənəd təqdim etməlidir.
Məlumat üçün onu da qeyd edək ki, "Dövlət satınalmaları haqqında" Qanunun 6-cı maddəsində malgöndərənlərin (podratçıların) ixtisasına dair tələblər yer alıb. Həmin maddənin 6.2.1-ci bəndində açıq şəkildə yazılır ki, satınalma müqaviləsinin icrasını təmin etmək üçün müvafiq sahədə peşəkarlığın, təcrübənin, texniki və maliyyə imkanların, işçi qüvvəsinin, idarəetmə səriştəsinin, etibarlığın olması lazımdır.
Onu da bildirək ki, "Vıtes Group” MMC barədə açıq internet resurslarda heç bir məlumata rast gəlmək mümkün deyil. Tender elanından cəmi 8 gün (iş günü) əvvəl yaranan və 190 min manatlıq tenderin qalibi olan MMC-nin hüquqi ünvanı Bakı şəhəri, Nərimanov rayonu, Əliyar Əliyev, ev 13, m. 1-də yerləşir. Nizamnamə kapitalı 10 manat olan MMC-nin qanuni təmsilçisi Həsənov Nicat İxtiyar oğludur.
"Vıtes Group” MMC ilə bağlı diqqət çəkən başqa bir məqam isə odur ki, iyul-avqust aylarında qeyd olunan hüquqi ünvanda - Bakı şəhəri, Nərimanov rayonu, Əliyar Əliyev, ev 13, m. 1-də daha 5 şirkət dövlət qeydiyyatına alınıb: Adı Ünvan Nizamnamə kapitalı Qanuni
təmsilçi Qeydiyyat
tarixi “Real-Texno Servis” MMC Əliyar Əliyev, ev 13, m. 1 5 manat Məmmədov Arif Zülfəli oğlu 17.08.2020 “Z.F.S İnşaat” MMC Əliyar Əliyev, ev 13, m. 1 5 manat Səyyubsoy Zahid Fəqani oğlu 27.07.2020 “Meris Project” MMC Əliyar Əliyev, ev 13, m. 1 5 manat Həbibov Pərviz Ramis oğlu 27.07.2020 “Azər-in Project” MMC Əliyar Əliyev, ev 13, m. 1 5 manat Həbibov Pərviz Ramis oğlu 27.07.2020 “NS-İnşaat” MMC Əliyar Əliyev, ev 13, m. 1 10 manat Ağayev Əfrail Mübariz oğlu 27.07.2020
A. Cəfərov

Mənbə: www.yeniavaz.com