Dilimizin orfoepiya lüğəti indiyə qədər hazırlanmayıb - AMEA indi-indi tərpənir...

Dilimizin orfoepiya lüğəti indiyə qədər hazırlanmayıb  - AMEA indi-indi tərpənir...

Fəxrəddin Veysəlli: “Vaxtilə ruslardan köçürüb, Azərbaycana gətirib, adını da orfoepiya qoyublar”

Azərbaycan Milli Elmlər Akademiyasının Dilçilik İnstitutu Azərbaycan dilində sözlərin düzgün tələffüz formasını göstərən yeni orfoepiya lüğəti hazırlamağı planlaşdırır. Bu barədə mətbuata institutun direktoru, akademik Möhsün Nağısoylu deyib.

İnstitut direktoru əlavə edib ki, lüğətin bu ilin sonunadək hazırlanması nəzərdə tutulsa da, pandemiya ilə əlaqədar tətbiq edilən karantin rejiminə görə bu iş ləngiyə bilər: “Buna görə də lüğətin nə zaman hazır olacağını konkret söyləyə bilmərəm. Amma lüğətin hazırlanması üçün işçi qrup yaradılıb və müəyyən planlar tərtib edilib”.

AMEA-nın aidiyyətı institutu orfoepiya lüğətini hələ yeni hazırlamaq niyyətindədir. Yeri gəlmişkən, bildirək ki, Sovet dövründən bəri ilk dəfədir bu lüğət hazırlanacaq. Hələ bizim danışıq qaydamızı tənzimləyən bir orfoepiya lüğəti yoxdur, dilçilik institutu şifahi nitqlə bağlı çıxış edənlərdə qüsur tutur. Halbuki, bu lüğət çoxdan hazırlanmalı və istifadəçilərin ixtiyarına verilməli idi. Ədəbi dilin düzgün ifadəsini öyrədən sözügedən lüğətin indiyə qədər ortada olmaması bir sıra problemlər yaradır. Bir neçə il əvvəl bir çox dilçi-alim Azərbaycan dilinin orfoepiya lüğəti ideyası ilə gündəmə gəldi, lakin hələ də bu məsələ reallaşmayıb. Dilçilər hesab edirlər ki, Azərbaycan orfoepiyası sahəsində görüləcək işlərə çox böyük ehtiyac var.

Araşdırmamız nəticəsində məlum oldu ki, müstəqillik dövründə hələ ki, Azərbaycan dilinin vahid orfoepiya qaydaları yoxdur. Yəni bu sahədə kitab, vəsait nəşr edilməyib. Ötən əsrin 80-ci illərinin sonunda çap olunan orfoepiya qaydaları kitabı da dilimizin, şifahi nitqimizin, danışıq tərzimizin bugünkü vəziyyətini ifadə etmir.

Qeyd edək ki, orfoepiya dilçilik elminin ədəbi dilin tələffüz normaları və qayda-qanunlarından bəhs edən bir bölməsidir. Yeri gəlmişkən, vurğulayaq ki, orfoepiya sözü yunanca “düzgün”, “dürüst” mənasında olan “orthos” sözü ilə “danışıq”, “nitq” mənasında olan “eros” sözünün birləşməsindən əmələ gələn bir termindir.

Məlumdur ki, dilimizin lüğət tərkibinə daxil olan sözlərin müəyyən qrupu yazıldığı kimi tələffüz edilmədiyi kimi, əksinə, deyildiyi kimi də yazılmır. Məsələn, kitab (kitap), bağlayır (bağlıyır), iqtidar (iktidar), hikkə (hikgə), səcdə (səjdə), şəhərli (şəhərri), məxfi (məxvi) və s.

“Fonetika” bölməsində bəzi saitlərin uzun tələffüzü, (k) səsinin yazıda ifadəsi, qoşa saitli və qoşa samitli sözlərin yazılışı və tələffüzü, sözlərin sonunda cingiltili samitlərin yazılışı və tələffüzü, sonu “q” və “k” ilə bitən çoxhecalı sözlərin yazılışı və tələffüzü barədə müfəssəl məlumat verildiyindən, biz düzgün tələffüz üçün vacib olan bir sıra xüsusiyyətləri göstərməklə kifayətlənəcəyik.

Mütəxəssislər qeyd edirlər ki, indiyə qədər orfoepiya lüğətinin qaydalarının hazırlanaraq çap edilməməsi efirdə, ekranda, ictimaiyyətdə, məktəbdə müşahidə etdiyimiz danışıq dilinin pozulmasına səbəb olur.

İndiyə qədər Azərbaycanda orfoepiya lüğəti niyə hazırlanmayıb?

“2014-cü ildə mənim rəhbərliyimlə Dilçilik İnstitutunda “Orfofoniya lüğəti” hazırlanıb”

AMEA-nın Dilçilik İnstitutunun sabiq direktoru, professor, tanınmış dilçi-alim Fəxrəddin Veysəlli “Bakı-Xəbər”ə bildirdi ki, vaxtilə onun rəhbərliyilə Dilçilk İnstitutunda “Orfofoniya lüğəti” hazırlanıb. Lüğətin adının orfoepiya olması özü düzgün deyil: “2014-cü ildə mənim rəhbərliyimlə Dilçilik İnstitutunda “Orfofoniya lüğəti” hazırlanıb. 1200 səhifədən ibarət bir kitabdır. Azərbaycanda düzgün danışıq qaydalarını öyrədən kitabın olmadığı fikrilə razı deyiləm. Var bu kitab. Sadəcə olaraq, bunlar Azərbaycanda köhnə qayda ilə gedirlər, lüğətin adını orfoepiya lüğəti qoyurlar. Mən də onlardan soruşuram ki, orfoepiya nə deməkdir? Bu lüğətin adının orfoepiya adlandırılması düzgün deyil. Vaxtilə ruslardan köçürüb, Azərbaycana gətirib, adını da orfoepiya qoyublar. Dünyanın heç yerində orfoepiya adında lüğət yoxdur. Bu lüğətin adı orfofoniya-danışıq, tələffüz lüğətidir. Mən o kitabı hazırlamışam. Onlar Dilçilik İnstitutunun direktorlarının hamısının adını qeyd ediblər, təkcə mənim adım qeyd edilməyib, ora mənim şəklimi qoymayıblar. Bunlar o qədər paxıldırlar ki, həqiqi elmi söhbəti yaxına qoymurlar” - deyə F.Veysəlli vurğuladı.

İradə SARIYEVA

Mənbə: www.baki-xeber.com