Kosmik Məsələlər üzrə Şuranın tərkibi, strukturu və fəaliyyətinin təşkili qaydası açıqlanıb

Kosmik Məsələlər üzrə Şuranın tərkibi, strukturu və fəaliyyətinin təşkili qaydası açıqlanıb

 

Azərbaycan Respublikasının Kosmik Məsələlər üzrə Şurasının tərkibi, strukturu və fəaliyyətinin təşkili qaydası açıqlanıb.

APA-nın məlumatına görə, bu, Nazirlər Kabinetinin Kosmik Məsələlər üzrə Şuranın yaradılması, “Azərbaycan Respublikasının Kosmik Məsələlər üzrə Şurasının Əsasnaməsi”nin və “Azərbaycan Respublikasının Kosmik Məsələlər üzrə Şurasının tərkibi”nin təsdiq edilməsi barədə qərarda öz əksini tapır.

Qərara əsasən, Şuranın tərkibi Nazirlər Kabineti tərəfindən müəyyən edilir və Şura sədri Şuranın üzvləri arasından üzvlər tərəfindən seçilir. Şuraya rəhbərlik Şuranın sədri tərəfindən həyata keçirilir.

Şuranın sədri Şuranın fəaliyyətini təşkil edir; iş planını təsdiq edir; Şuranın iclaslarının keçirilməsi vaxtını və yerini təyin edir; bu iclasların gündəliyini təsdiq edir və iclasları aparır, Şuranın sənədlərini imzalayır; Şuranı təmsil edir; Şuranın ictimai əsaslarla fəaliyyət göstərən katibini təyin edir.

Şura üzvlərinin Şuranın iclaslarında və fəaliyyətində iştirak etmək, iclas materialları ilə tanış olmaq; Şuranın səlahiyyətlərinə aid məsələlərlə bağlı Şuranın iclasında baxılması üçün təkliflər vermək; Şuranın adından qərarların qəbul edilməsi ilə bağlı səsvermədə iştirak etmək; bu Əsasnamədə nəzərdə tutulmuş digər vəzifələri yerinə yetirmək və hüquqları həyata keçirmək hüquqları və vəzifələri var.

Şuranın katibi Şuranın iş planlarının, Şuranın iclaslarının gündəliyinin və bu iclaslarda müzakirəyə çıxarılması nəzərdə tutulan sənədlərin, Şuranın qərarlarının layihələrinin, habelə Şuranın iclaslarının protokollarının hazırlanmasını təmin edir; Şuranın üzvlərini, Şuranın növbəti iclasının keçirilmə vaxtı və yeri barədə məlumatlandırır və onları zəruri materiallarla təmin edir; Şuranın protokollarının əsl nüsxələrini, habelə Şuraya daxil olmuş və toplanmış sənədləri saxlayır; Şuranın sədrinin göstərişlərini icra edir.

Şuranın cari fəaliyyətinin zəruri təşkilati təminatını “Azərkosmos” Açıq Səhmdar Cəmiyyəti həyata keçirir. Şuranın iclasları ildə bir dəfədən az olmayaraq keçirilir. İclaslara Şuranın sədri rəhbərlik edir. Şuranın iclasları onun üzvlərinin yarıdan çoxu iştirak etdikdə səlahiyyətlidir. Şuranın qərarları iclasda iştirak edən üzvlərinin sadə səs çoxluğu ilə qəbul olunur. Şuranın qərarı qəbul edilərkən səslər bərabər olarsa, Şura sədrinin səsi həlledici hesab edilir.

Şuranın qərarları iclasa sədrlik edənin və Şuranın katibinin imzaladığı iclas protokolları ilə rəsmiləşdirilir. Şuranın qərarları iclas protokolundan çıxarış şəklində maraqlı şəxslərin nəzərinə çatdırılır. Şuranın iclaslarına dövlət və yerli özünüidarəetmə orqanlarının, təşkilatların nümayəndələri dəvət edilə bilər.

Mənbə: apa.az