Orta məktəblərimizdə yoluxmalar xofu hər gün çoxalır…

Orta məktəblərimizdə yoluxmalar xofu hər gün çoxalır…

Nəsib Quliyev: “Yoluxma evdə, küçədə, məktəbdə də baş verə bilər, odur ki, insanlarımız qaydalara riayət etməlidirlər”

Yeni tədris ilinin başlanmasından cəmi bir həftə keçib. Lakin qısa müddət ərzində məktəblərdə şagirdlər, eləcə də pedaqoji heyət arasında koronavirusa yoluxma faktları aşkarlanıb.

Təhsil Nazirliyinin yaydığı məlumata görə, dərs ili başlayandan bu günədək 95 şagird və 26 işçi heyəti olmaqla 121 nəfərdə koronavirus aşkarlanıb. Koronavirusa yoluxma ilə əlaqədar respublika ərazisində cəmi bir məktəbdə, Quba rayonu Qamqam kənd orta məktəbində 8 müəllimin virusa yoluxması səbəbindən əyani formada tədris dayandırılıb, distant formaya keçid edilib. Müəllimlər arasında kütləvi yoluxmanın səbəbi olaraq sosial məsafənin qorunmaması və şəxsi gigiyena vasitələrindən istifadə edilməməsi ehtimal olunur. Təhsil Nazirliyi bütün şagirdləri, valideynləri, müəllimləri və işçi heyətini sosial məsafəni qorumağa, şəxsi gigiyenik vasitələrdən mütəmadi olaraq istifadə etməyə və sanitar-gigiyenik qaydalara əməl etməyə çağırır.

Son olaraq 10 şagirdin və 7 işçi heyətin virusa yoluxması xəbərləri yayılıb.

Məktəblərdə yoluxma hallarının baş verməsi cəmiyyətdə böyük xof yaradıb. Valideynlər və şagirdlərin bir çoxu əndişə içindədir. Hətta sosial şəbəkələrdə yayılan məlumatlara görə, yoluxanların sayı artarsa, oktyabrın 1-dən məktəblərdə əyani tədris dayandırıla bilər. Əlbəttə, bu barədə hələ rəsmi qərar olmadığından, məktəblərin bağlanıb-bağlanmayacağı haqqında fikir bildirmək olmaz. Amma fakt budur ki, məktəblərdə yoluxma halları müşahidə edilir.

“Ehtimal var ki, o şagirdlərin və işçi heyətin bir qismi məktəbə gəlməzdən əvvəl yoluxub”

K.Fərəcov adına Uşaq Pediatriya İnstitutunun rəhbəri, professor Nəsib Quliyev “Bakı-Xəbər”ə bildirdi ki, məktəblərdə yoluxma hallarının müşahidə edilməsinin səbəbi yalnız məktəb deyil. Məktəblərdə bütün qabaqlayıcı tədbirlərin həyata keçirildiyini, sanitar-gigiyena qaydalarına əməl edildiyini, sinif otaqlarında şagirdlərin dərs keçməsi üçün hər cür şərait yaradıldığını deyən N.Quliyev hesab edir ki, virusa yoluxan məktəblilər və işçi heyətin virusa məktəbdə yoluxması ehtimalı elə də doğru deyil: “Pandemiya başlayandan yoluxma halları müşahidə olunur. Şagirdlər hər yerdə yoluxa bilər, küçədə, başqa yerdə də. Belə qəbul edilməli deyil ki, şagirdlər məktəbə getməsəydi, yoluxmayacaqdılar. Elə deyil. Digər tərəfdən, cəmi bir həftədir dərslər başlanıb, yoluxma məktəbdə olsaydı, onda hələ xəstəliyin gizli dövrü davam edə bilərdi. Yəni insan bu gün yoluxdusa, o, həmin gün xəstə olmur, xəstəliyin gizli dövrü keçir. Burada ehtimal var ki, o şagirdlərin və işçi heyətin bir qismi məktəbə gəlməzdən əvvəl yoluxub, məktəb başlananda isə xəstəliyin əlamətləri üzə çıxıb. Gizli dövr 14 günə qədər davam edir. Ona görə də yoluxmanın günahını məktəbin üzərinə qoymaq düzgün deyil. Digər tərəfdən, heç kim deməyib ki, məktəbə gedəndə yoluxma olmayacaq. Ona görə də pandemiyanın ilk dövrlərindən məktəblər də, uşaq bağçaları da, ali məktəblər də bağlandı. Onlar öz işini ona görə dayandırdılar ki, virusa yoluxma risqi var. Payız mövsümü gəldi, havalar dəyişdi, uşaq kollektivləri bir yerə cəmləşdikcə, bu da virusun artmasına səbəb olur”.

N.Quliyev qeyd etdi ki, pandemiya dövründə Operativ Qərargah və digər təşkilatlar çoxlu sayda təlimat verib, qərarlar qəbul edib, Təhsil Nazirliyi tərəfindən də bütün mümkün olan tədbirlər görülüb. “İstər valideynlər, istər tibb işçiləri, istərsə də digər aidiyyəti şəxslər bu işin həyata keçirilməsi üçün səfərbər olundular. Amma buna baxmayaraq, virus risqi var. Məktəblərdə hər cür şərait yaradılıb, partalar ayrılıb, təmaslar azaldılıb, şagirdlər bir-birilə əl verib görüşmür, onların hərarəti ölçülür. Dezinfeksiya işləri aparılır. Amma bir həqiqəti də bilməliyik. İstər müəllim, istərsə də şagird beş-altı saat məktəbdə olur, günün qalan hissəsini küçədə, evdə olur, yoluxma evdə, küçədə, məktəbdə də baş verə bilər, odur ki, insanlarımız qaydalara riayət etməli, maska taxmalı, sosial məsafə saxlamalıdırlar” - deyə N.Quliyev bildirdi.

İradə SARIYEVA

Mənbə: www.baki-xeber.com