Azərbaycanda katrantin yenə uzadılacaq? - Deputatdan məktəb, toyla bağlı təklif

Azərbaycanda katrantin yenə uzadılacaq? - Deputatdan məktəb, toyla bağlı təklif

"Nə qədər ki, koronavirusun spesifik müalicəsi tapılmayıb, nə qədər ki, geniş şəkildə vaksin tədbiq olunmayıb biz karantin rejimini saxlamalıyıq".

Bunu BAKU.WS-ə açıqlamasında Milli Məclisin Əmək və sosial siyasət komitəsinin sədri Musa Quliyev deyib. Onun sözlərinə görə, təcrübə göstərir ki, bir balaca yumşalma olan kimi yoluxma sayında artım olur.

"Nəzərə alaq ki, üzü payıza, qışa doğru gedirik, soyuq küləkli, rütubətli günlərin sayı artacaq. Bu aylarda insanların immuniytetləri də aşağı düşür. Eyni zamanda nəzər almaq lazımdır ki, bu il karantin rejimi uzun müddət davam etdiyi üçün insanlarda immun sistemi də bir o qədər güclü formalaşmayıb".

Komitə sədri bütün bu amilləri nəzərə alaraq karantin rejimini gələn aylarda da davam etdirilməli olduğunu deyib. Karantinin sərtləşməsinə gəldikdə isə hələlik o buna ehtiyac duymur və sərtləşmənin epidemioloji şəraitdən asılı ola biləcəyini qeyd edib. "Əgər yoluxma halları 150, 200-dən yuxarı olarsa, virusun aqresivliyi, ölüm hallarının artımını müşahidə edəriksə onda yenidən sərt karantin rejiminə keçmək haqqında danışmaq olar. Amma hələlik yumşaldımış karantin rejiminə davam etməliyik.

Maskadan istifadəyə nəzarəti artırmalıyıq. Son müşahidələr göstərir ki, artıq maskadan istifadəyə bir qədər biganə yanaşma var. Xüsusi ilə metrolların çıxışlarında olan xırda ticarət mərkəzlərində. İri marketlərdə maskadan istifadəyə nəzarət var, kiçiklərdə isə o qədər də ciddi yanaşma yoxdur.

Çalışmalıyıq ki, insanların kütləvi toplandığı qapalı məkanlarda məhdudiyyət tədbirləri tədbiq olunsun. Toy və yas mərasimlərinin də formatı dəyişməlidir. Toy mərasimlərinin ləğvi də doğru deyil. Artıq mart ayından bu yana belə mərasimlərin keçirilməsi qadağan edilib. Amma ailə daxili şənlik şəklində kənar qonaqlar olmadan bu məraismlər təbliğ olunmalıdır ki, gənclər də ailə qura bilsinlər. İstənilən halda qapalı məkanlarda bütün kütləvi tədbirlərin keçirilməsi vaksin tapılana qədər dayandırılmalıdır".

M.Quliyev məktəblərin də yenidən tam şəkildə onlayn tədrisə keçməli olduğu qənaətindədir. Millət vəkili deyir ki, müşahidələr məktəblər açıldıqdan sonra yoluxma hallarının artmasını göstərir. "Bunun üçün də mən düşünürəm ki, məktəbləri də ən azı bu ilin sonuna, daha yaxşı olar ki, gələn ilin mart ayına kimi onlayn təhsil rejiminə keçirmək lazımdır".

Əmək və sosial siyasət komitəsinin sədri paytaxtda ictimai nəqliyyatda tədbiq edilən həftəsonu qadağalarının da tərəfdarı deyil. O, həftəsonu ictimai nəqliyyatın fəaliyyətinin dayandırılamsının bir nəticəsinin olmadığını düşünən M.Quliyevin sözlərinə görə, indi daha çox nəqliyyatda sıxlığın azaldılması haqqında düşünmək lazımdır.

Çıxış yolu kimi isə o payız qış aylarında iş rejimlərində dəyişiklik edilməsinin daha məqsədəuyğun olacağını qeyd edib. "Yaxşı olardə ki işləyənlər günün müxtəlif vaxtlarında işə gedib gələrdilər. Hər halda Operativ Qərargah hasısa göstərici ortaya qoysa fikir söyləmək olardı. Amma indiki halda çalışmalıyıq ki nəqliyyatda sıxlıq olmasın, oruracaq yerlərindən əlavə sərnişin götürülməsin. Bu sahədə təəssüf ki, hələ problemlər qalmaqdadır".

Mənbə: baku.ws