İsraildə çıxan “Ha-Aretz” qəzeti: Azərbaycanda yeni açılmış muzey dağ yəhudilərinin ənənələrini əbədiləşdirir

İsraildə çıxan “Ha-Aretz” qəzeti: Azərbaycanda yeni açılmış muzey dağ yəhudilərinin ənənələrini əbədiləşdirir

Bakı, 24 sentyabr, AZƏRTAC

XIX əsrdə hazırlanmış gümüş kuzə, 1920-ci illərdə çap olunmuş, artıq rəngi solmuş sovet təbliğat jurnalları, nasistlərlə döyüşən yəhudi əsgərlərin cəbhədən göndərdiyi gizli məktublar...

Bütün bunlar Azərbaycanın paytaxtdan uzaq, lakin məşhur yaşayış məntəqələrindən olan Qırmızı Qəsəbədə yeni açılmış Azərbaycan Dağ Yəhudiləri Muzeyindəki yüzlərlə artefakt arasında yer alıb. Əhalisinin sayı təqribən 3500 nəfər olan, Azərbaycan-Rusiya sərhədindən 25 mil cənubda yerləşən Qırmızı Qəsəbədə iki sinaqoq fəaliyyət göstərir.

AZƏRTAC xəbər verir ki, bu məlumatlar israilli jurnalist Larri Laksnerin bir neçə gün bundan əvvəl İsraildə çıxan “Ha-Aretz” qəzetində dərc olunmuş “Azərbaycanda yeni açılmış muzey dağ yəhudilərinin ənənələrini əbədiləşdirir” sərlövhəli məqaləsində qeyd edilib.

Müəllifin vurğuladığı kimi, yeganə problem ondan ibarətdir ki, qlobal koronavirus pandemiyası üzündən Azərbaycan öz sərhədlərini əcnəbi turistlər üçün bağlamağa məcbur olub. Pandemiya səbəbindən muzey qeyri-müəyyən müddətə bağlanıb.

Dünyada ilk və yeganə olan bu muzey 2020-ci ildə Azərbaycan Prezidenti İlham Əliyevin və Azərbaycan mənşəli, muzeyin tikintisini maliyyələşdirmiş üç rusiyalı yəhudi biznesmenin iştirakı ilə açılmalı idi. Açılış mərasimində İsraildən və digər ölkələrdən gələn qonaqların da iştirak etməsi planlaşdırılırdı. Lakin təəssüf ki,

Azərbaycanda koronavirus problemi yaranandan sonra bu tədbirlər ləğv edildi.

Müəllif qeyd edir ki, Azərbaycan sərhədləri əcnəbi qonaqlar üçün yenidən açılanda onlar keçmiş Sovet İttifaqı ərazisində iudaizmin ən maraqlı kolleksiyalarından biri ilə tanış olmaq imkanı əldə edəcəklər.

Uzun illər boyu fəaliyyət göstərməyən, sonradan bərpa olunmuş Karçoqa sinaqoqunda yerləşən Dağ Yəhudiləri Muzeyi yəhudi icması irsinin qorunub saxlanması üçün Azərbaycan rəhbərliyinin göstərdiyi səylərin rəmzidir.

Yerli liderlərin sözlərinə görə, Azərbaycanda təqribən 24.000 yəhudi yaşayır. Onlardan təxminən 4 min nəfəri Avropa Aşkenaz yəhudiləri, qalanları isə dağ yəhudiləridir. Aşkenaz yəhudiləri əsasən Azərbaycanın paytaxtı Bakıda yaşayırlar. Dağ yəhudilərinin fərqli dili, mədəni və dini ənənələri var. Dağ yəhudilərinin ənənələri digər yəhudilərlə müqayisədə daha çox öz müsəlman qonşularının oxşar ənənələrini xatırladır.

Larri Laksner göstərir ki, Qırmızı Qəsəbənin sakinlərinin əksəriyyəti dağ yəhudiləridir və onlar fars yəhudi dialekti sayılan cuuri dilində danışırlar.

15 il bundan əvvəl Kfar-Sabadan Qırmızı qəsəbəyə köçüb gəlmiş Habada ravvini Yoni Yaakobi deyib: “Bütün dünyada İsrail hüdudlarından kənarda başqa belə şəhər yoxdur”. Məqalə müəllifi qeyd edir ki, dağ yəhudilərinin belə adlanması təsadüfi deyil: onlar əvvəlcə Böyük Qafqaz silsiləsinə daxil olan Şahdağın yaxınlığında yaşayıblar. Aşkenazi və ya sefarda yəhudiləri kimi təsnif olunmayan dağ yəhudilərinin əksəriyyəti buraya XIII əsrdə İrandan gəlməyə başlayıb. Nəticədə onların mətnlərinin çoxu cuuri dilində yazılıb. O qədər də məşhur olmayan bu qədim dil əsasən fars və ivrit dillərinin qarışığından ibarətdir.

Yeni muzeydə dağ yəhudilərinin çoxsaylı nadir elementləri, o cümlədən ənənəvi geyim və bəzək əşyaları, habelə mərasim müxəlləfatı, əlyazmalar və ktubot - nikah kontraktları nümayiş etdirilir.

Məqalədə qeyd edilir ki, muzeyin tikintisi rusiyalı milyarder, Ümumdünya Yəhudi Konqresinin vitse-prezidenti Qod Nisanov və Qırmızı Qəsəbədə doğulmuş digər iki moskvalı yəhudi – biznesmen Zarax İliyev və Rusiya Yəhudi Konqresinin vitse-prezidenti German Zaxaryayev tərəfindən maliyyələşdirilib.

Pesax İsakov deyib: “Belə bir muzey yaratmaq ideyası çoxdan vardı, lakin bunun üçün münasib yer tapa bilmirdik, çünki Qırmızı Qəsəbədə əhali çox sıx məskunlaşıb. Onda biz fikirləşdik ki, bu sinaqoq dağılıb. Sadəcə onu bərpa edib muzeyə çevirmək olmazmı?”

Muzeyin ekspozisiyalarında israilli məşhur müğənni, əslən dağ yəhudiləri ailəsindən olan Yaffa Yarkonidən başlamış Azərbaycan ordusunun tank komandiri Albert Aqarunova qədər məşhur dağ yəhudiləri təmsil olunub. 1992-ci ilin may ayında 23 yaşlı Aqarunov Azərbaycanın Şuşa şəhərini müdafiə edərkən erməni snayperi tərəfindən güllələnib. Azərbaycanın ərazi bütövlüyü uğrunda qəhrəmancasına həlak olmuş Aqarunov ölümündən sonra Azərbaycanın Milli Qəhrəmanı adına layiq görülüb.

28 ildən bəri davam edən Ermənistan-Azərbaycan münaqişəsi nəticəsində Azərbaycanın Dağlıq Qarabağ bölgəsi və ona bitişik 7 rayon erməni işğalı altındadır. Aralarında yəhudilərin də olduğu bir milyondan çox insan qaçqın və məcburi köçkün vəziyyətinə düşüb”.

İsraildə çıxan “Ha-Aretz” qəzetində dərc olunmuş məqalənin müəllifi Larri Laksner vurğulayır ki, İsrail dövləti Azərbaycanı silahla fəal təchiz edir və eyni zamanda dünya bazarında Azərbaycan neftinin iri alıcılarından biridir.

Bakıdakı Avropa Yəhudiləri İcmasının sədrinin müavini Yevgeni Brenneysen deyib: “Bizdə antisemitizm yoxdur, ona görə ki, azərbaycanlılar bizə çox yaxşı, müsbət münasibət bəsləyirlər. Hər halda biz yəhudilər bu insanlardan böyük hörmət və ehtiram görürük”.

Azərbaycan Avropa Yəhudiləri İcmasının baş ravvini Şneyer Seqal deyir: “Keçmiş SSRİ şəhərlərinin əksəriyyətində sinaqoqlar bağlanmışdı. Burada, Bakıda isə sinaqoqlar açıq idi, lakin oraya yalnız yaşlı adamlar gedirdi”.

Məqalə müəllifi vurğulayır ki, bu gün Azərbaycanda yeddi sinaqoq, o cümlədən Bakıda Avropa yəhudilərinin böyük sinaqoqu fəaliyyət göstərir. COVID-19 pandemiyasına qədər bu sinaqoqda hər gün ibadət mərasimləri keçirilirdi. Bakıdakı dağ yəhudilərinin böyük sinaqoqu fəaliyyətdədir. Azərbaycan paytaxtında “Bet Habad Or Avner” adlı yəhudi təhsil mərkəzində 180-ə yaxın tələbə oxuyur.

Jurnalist Larri Laksner İsraildə çıxan “Ha-Aretz” qəzetində dərc edilmiş məqaləsinin sonunda yazır: “Yerli yəhudilər turistlərin qayıtmasını səbirsizliklə gözləyir, lakin Bakıya uçan reyslərin, o cümlədən Təl-Əvivdən gələn təyyarələrin uçuşu müvəqqəti olaraq dayandırıldığına görə bu perspektiv hələ uzaqdadır”.

Mənbə: azertag.az