Masallıdakı "ASAN xidmət" mərkəzinin 4 ili - FOTOLAR

Masallıdakı "ASAN xidmət" mərkəzinin 4 ili -    FOTOLAR

Masallı “ASAN Həyat” kompleksinin açılışı Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin iştirakı ilə 3 sentyabr 2016-cı tarixində baş tutub. Kompleksin ərazisində “ASAN xidmət” mərkəzi, “ABAD” mərkəzi, Kinoklub, İncəsənət mərkəzi, ASAN Kafe fəaliyyət göstərir. Azvision.az xəbər verir ki, Masallı regional “ASAN xidmət” mərkəzi 20 sentyabr 2016-cı il tarixində fəaliyyətə başlayıb. Mərkəzin fəaliyyəti operativlik, şəffaflıq, nəzakətlilik, məsuliyyət prinsiplərinə və vətəndaş rahatlığına hesablanıb. Fəaliyyət göstərdiyi müddət ərzində 871 986 dan çox vətəndaş müraciəti qeydə alınıb. Mərkəzdə müxtəlif dövlət orqanları, həmçinin özəl şirkət və müəssisələr tərəfindən 320-dən çox xidmət həyata keçirilir. Fəaliyyət dövrü ərzində vətəndaşlara səyyar formada da xidmət göstərilib. Səyyar xidmətlərdən bu bölgədə 152 mindən çox vətəndaş yararlanıb.



Masallı “ABAD” mərkəzi tərəfindən regionda qida məhsulları sahəsində çalışan “ABAD”çılara onların rəqabətədayanıqlı istehsala yönləndirilməsi üçün müasir standartlara cavab verən istehsal avadanlıqları ilə təchiz olunmuş monoblok -konteynerlər təqdim edilib.
Bu günə qədər Masallıda 8 ailəyə istehsal konteynerləri verilib. Konteynerlərdə bu məhsullar istehsal edilir: Pendir, Sosiska, Kolbasa, Tərəvəz konservləri, Tərəvəz turşuları, Mürəbbə-cem (3 ədəd konteyner).

Arıçılıqla məşğul olan 3 ailənin bal məhsulunun brenləşdirilməsi və qablaşdırılması “ABAD” tərəfindən həyata keçirilir. Təqdim edilmiş bu istehsal sahələri üzrə məhsulların hər biri “ABAD” satış mərkəzlərində və “BRAVO” şəbəkələrində öz yerlərini alıb.



Bundan əlavə “ABAD” Masallıda dekorativ-tətbiqi xalq sənətkarlığı sahəsində fərdi istehsal ilə məşğul olan 10 vətəndaşın əl işinin etno-butiklərində həm yerli əhali, həm də əcnəbi turistlərə satışını təmin edir. Bu sahələrə həsirçilik, dulusçuluq, taxta oymaçılıq, toxuculuq, keramika və misgərlik kimi sənətkarlıq sahələri daxildir.

2018-ci ildən etibarən “ABAD” Masallı “ASAN Həyat” Kompleksinin daxilində ödənişsiz xalçaçılıq kursları təşkil edir. Burada həm xalçaçılıq dərsləri keçirilir, həm də bu sənətə yiyələnən əsasən evdar xanımların toxuduqları xalçaların satışı təşkil edilir. Eyni zamanda 2019-cu ildən etibarən kompleksin ərazisində “ABAD”ın etno-butiki də fəaliyyətə başlayıb. Burada “ABAD”çıların əl işləri və bəzi qida məhsulları təqdim olunur.



Hazırda Səyyar ASAN xidmət bu bölgədə Cəlilabad rayonunda fəaliyyətini davam etdirir. Ümumiyyətlə Səyyar ASAN xidmət 21 sentyabr – 1 oktyabr Neftçala və Samuxda, 21 sentyabr – 2 oktyabr Maştağa, Mehdiabad və Şəmkirin Dəllər qəsəbələrində, həmçinin Şabran, Cəlilabad, Yevlax, İsmayıllı, Zaqatala, Füzulidə vətəndaşlara səyyar formada xidmət göstərəcək.

Səyyar şəkildə göstərilən xidmətlərə funksional yardımçı xidmətlər, həmçinin Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi, Daxili İşlər Nazirliyi, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi, Əmlak Məsələləri Dövlət Xidməti tərəfindən təqdim olunan xidmətlər aiddir.



Səyyar ASAN xidmətin həyata keçirilməsinin əsas məqsədləri dövlət xidmətlərinin vətəndaşlara daha rahat, yeni və innovativ üsullarla təqdim edilməsi, vətəndaşlar üçün əlçatanlığın təmin edilməsi və vətəndaş məmnunluğuna nail olunmasıdır.



Azvision.az

Mənbə: azvision.az