İçərisində İçərişəhər gəzdirən adam - Arif Babayev

İçərisində İçərişəhər gəzdirən adam     - Arif Babayev

Azərbaycanın tanınmış kinorejissoru, televiziya rejissoru, Azərbaycanın Əməkdar İncəsənət xadimi, Azərbaycan kinosunda "müəllif" kinosunun nümayəndələrindən olan Arif Hacı oğlu Babayev.

Hörmərlə xatırlayaq.

Ruhu şad olsun!

Cəmi 54 il yaşamağa gücü çatan Arif Babayev 9 film çəkə bildi:

İnsan məskən salır" (1966), ssenari müəllifi İmran Qasımov;

"Uşaqlığın son gecəsi" (1970), ssenari müəllifi Maqsud İbrahimbəyov;

"Gün keçdi" (1972), ssenari müəllifi Anar;

"Ömrün ilk saatı" (1975), ssenari müəllifi Ramiz Fətəliyev;

"Alma almaya bənzər" (1976), ssenari müəllifi Alla Axundova;

"Arxadan vurulan zərbə" (1978), ssenari müəllifi Elçin;

"Bizi bağışlayın" (1980), ssenari müəllifi Yuri Bondarev;

"Birisigün, gecəyarısı" (1981), ssenari müəllifləri R.Fətəliyev, M.Avdıyev və A.Donets;

Kinodakı xidmətlərinə görə, respublika Dövlət Mükafatı laureatı oldu, sonuncu filmi - "Birsigün, gecəyarısı" ona SSRİ Təhlükəsizlik Komitəsinin "Ədəbiyyat və incəsənət sahəsindəki xidmətlərinə görə" mükafatını qazandırdı. Bu mükafatı alan ilk azərbaycanlı rejissor kimi tarixə düşdü. Amma bütün böyük rejissorlar kimi Arif Babayev də təltifləri, aldığı, ala biləcəyi mükafatlarla deyil, çəkdiyi ekran əsərləri ilə yadda qaldı. "Uşaqlığın son gecəsi", "Gün keçdi", "Arxadan vurulan zərbə" filmləri onun necə böyük bir istedad sahibi olduğunu sübut etdi.
O bu filmlərlə milli kinomuza öz möhürünü vurdu. Maraqlıdı ki, sovet dövrünün rəsmi və qeyri-rəsmi qaydalarına görə, əlində Moskvada ali kino-rejissor təhsili aldığını sübut edən diplom alanlar film çəkmək üçün illərlə növbə gözlədiyi halda, Arif Babayev üçün hər iki-üç ildən bir "yaşıl işıq" yanırdı. Ondan ali kinorejissorluq təhsili barədə sənəd tələb etməyə heç kimin cürəti çatmırdı. Arif Babayev istehsalat filmi çəkəndə, o dövrün terminləri ilə desək, zəhmət adamlarının həyatını ekrana gətirəndə ("İnsan məskən salır"), dedektiv əsəri ekranlaşdıranda da ("Arxadan vurulan zərbə"), çekistlərin həyatından bəhs edən filmə quruluş verəndə də ("Birisigün gecəyarısı") əsl istedad sahibi olduğunu sübut edə bildi.

İçərişəhərdə doğulan, İçərişəhər sevgisini son nəfəsinə qədər ürəyində gəzdirən Arif Babayev milli kinomuzda İçərişəhərin tərənnümçüsü, poetik kinonun yaradıcısı oldu.

Qısa arayış:

Azərbaycanın tanınmış kinorejissoru, televiziya rejissoru, Azərbaycan SSR Əməkdar İncəsənət xadimi Arif Hacı oğlu Babayev 25 sentyabr 1928-ci ildə Bakıda anadan olmuşdur.

1947-1953-cü illərdə M.A.Əliyev adına Azərbaycan Dövlət İncəsənət İnstitutunun rejissorluq fakültəsində təhsil almışdır.

1956-1968-ci illərdə Azərbaycan Dövlət Teleradio komitəsində çalışmışdır.

1964-cü ildən "Azərbaycanfilm" kinostudiyasında bir neçə sənədli, 8 tammetrajlı bədii və 1 qısametrajlı bədii film çəkmişdir.

26 avqust 1983-cü ildə 54 yaşında vəfat etmişdir.

Rejissor haqqında 2000-ci ildə "Kinorejissor Arif Babayev" sənədli filmi, həmçinin bir neçə televiziya filmləri çəkilmişdir.

O, rejissor Vasif Babayevin qardaşıdır.

Arif Babayev "Azərbaycan SSR Əməkdar İncəsənət xadimi" fəxri adına (29.06.1964), İrəvanda II Zaqafqaziya və Ukrayna respublikaları filmlərinin "Prometey-68" zona kinofestivalında "İnsan məskən salır" filmi üçün "ən yaxşı debütə görə" diploma (1968), Kiyevdə Zaqafqaziya və Ukrayna respublikalarının "Prometey-69" III zona kinofestivalında "Uşaqlığın son gecəsi" filmi üçün, Gənclik üçün ən yaxşı filmə görə mükafatına(1969), Bakıda VII Ümumittifaq kinofestivalında "Ömrün ilk saatı" filmi üçün fəhlə sinfi və nəsillərin varisliyi mövzusuna müraciətə görə həvəsləndirici diploma (1974), "Birisigün, gecəyarısı…" filmi üçün SSRİ Dövlət Təhlükəsizliyi Komitəsinin çekistlər və sərhədçilər haqqında ən yaxşı kino əsəri üçün III mükafata (1981), "Birisigün, gecəyarısı…" filmi üçün Azərbaycan Dövlət Mükafatına (1986) layiq görülmüşdür.

Son söz yerinə:

...Kino sənəti onun üçün illər boyu xəyalı ilə yaşadığı, arzusunda olduğu bir dünya idi. Bu dünyanın içərisində öz dünyasını yaratdı Arif Babayev...

1964-cü ildə İmran Qasımovun ssenarisi əsasında lentə alınan "Kimi daha çox sevirik?" almanaxına daxil olan "Zirvə" adlı qısametrajlı bədii filmi onun kino sənətində ilk zirvəsi oldu. Amma daha böyük zirvələr yolunu gözləyirdi...

Bir-birinin ardınca çəkdiyi filmlərin hər biri ürəyinin bir parçası oldu. Kinonu çox sevdi və kino da, ona rəhbərlik edənlər də onun xidmətini yüksək dəyərləndirdilər...

Respublika Dövlət Mükafatı laureatı adını kinodakı xidmətlərinə görə aldı. "Birsigün, gecəyarısı" isə ona SSRİ Təhlükəsizlik Komitəsinin "Ədəbiyyat və incəsənət sahəsindəki xidmətlərinə görə" mükafatını qazandırdı. Azərbaycanlı rejissorlar arasında bu mükafatı da almaq ilk dəfə Arif Babayevə qismət oldu...

1958-cı ildə anası Sürəyya xanım vəfat etdi. Ondan iki il qabaq da atası Hacıağanı itirmişdi. Onlarla birlikdə sanki doğma İçərişəhərdə yaşadığı günlər də bitmişdi...

Özünə yer tapa bilmirdi. Ata-anasından sonra İçərişəhərdəki evlərindən getməkdən başqa çarəsi qalmadı. On beş il Bakının ayrı-ayrı yerlərində kirayədə yaşamalı oldu.

Sonra kinostudiyanın yanında kino xadimləri üçün tikilmiş binada ona da mənzil verdilər...

Ancaq doğma evlərindən, məhəllələrindən köçsə də, qəlbi, ruhu İçərişəhərdən bir an belə ayrılmadı Arif Babayevin.

Tez-tez kiçik qardaşları Vasiflə Azəri görməyə gedirdi. Ancaq onu İçərişəhərə bağlayan yalnız qardaşları deyildi.

İçərişəhər, onun ecazkar dünyası, uşaqlığı, gəncliyi, şirin xatirələri, heç bitməyən sevdası idi...

Və beləcə, içərisində İçərişəhər gəzdirən adam - Arif Babayev günün birində bu sevgisi ilə birgə getdi və özünün yeni dünyasına qovuşdu...

Nurlanə Əliyeva,

Azərbaycan Jurnalistlər Birliyinin üzvü

Mənbə: buta.ws