Ehtiyatsızlıq, yoxsa seçim? - Bakıdakı ölümlərin ƏSL SƏBƏBİ

Ehtiyatsızlıq, yoxsa seçim? - Bakıdakı ölümlərin ƏSL SƏBƏBİ

Sentyabrın 22-də Bakı şəhər Xətai rayonunda inşa edilməkdə olan fərdi yaşayış evinin damında təmir işləri aparılarkən orada fəhlə işləyən 1970-ci il təvəllüdlü Habil Mahmudov təhlükəsizlik qaydalarının pozulması nəticəsində damdan yıxılıb və aldığı xəsarətlərdən dünyasını dəyişib. 10 gün öncə də Yasamalda çoxmərtəbəli binada fəhlə işləyən Nəcməddin Məstəliyev taxta parçaları iplə aşağı endirərkən 11-ci mərtəbədə müvazinətini itirərək yıxılıb və yerindəcə dünyasını dəyişib…

Demək olar ki, hər həftə, az qala hər gün bu tip xəbərlərlə qarşılaşırıq.

Əksər tikinti sahələrində təhlüksizlik qaydalarına və normalara əməl olunmaması bədbəxt hadisələrin baş vermə riskini də artırır. Ya da həmin qaydalarının işçilərə izah edilməməsi, tikiti sahəsində təhlükəsizlik avadanlıqlarının və bildirişlərin olmaması bədbəxt hadisələrə şərait yaradır. Bir sözlə səbələr müxtəlifdir.

Əslində hər hansı hadisə baş verdikdə məsuliyyəti hər iki tərəf - həm tikinti şirkətləri, həm də işçilər daşıyır. Bəs necə etmək olar ki, bu sektorda baş verən bədbəxt hadisələrin sayı minumuma ensin? “Bakıda növbəti fəhlə ölümü…” başlığı xəbər saytlarının manşetinə çevrilməməsi üçün hansı addımlar atılmalıdır?

Təhlükəsizlik üzrə ekspert Elmar Nurəliyev Publika.az-a bildirib ki, bu sahədə baş verən qəzaların böyük faizi texniki təhlükəsizlik və əməyin mühafizəsi qaydalarına əməl olunmaması, tikinti sahəsinin ərazisində təhlükəsiz əmək şəraitinin yaradılmaması səbəbindən baş verir.

"Bu, sahibkarın vəzifə borcudur"

Ekspertin sözlərinə görə, tikinti sahələrində təhlükə riskini göstərən bir neçə amil var: “Orada yıxılma riski ilə yanaşı, insan səhhətinə ziyan vuran kimyəvi tərkibli tikinti materailları da risklidir. Qaldırıcı mexanizmlər, kranlar və ağır yüklü maşınlar, beton qarışdıran maşınlar, iri nəqliyyat vasitələri, kəsici-deşici tikinti alətləri, qaynaq aparatı insanların həyatı üçün potensial təhlükə mənbəyidir. Buna görə də baş verən qəzaların 30 faizi tikinti sektorunun payına düşür. Burada təşkilatçılıq yüksək səviyyədə olmalıdır ki, insanların həyat və sağlamlığına təhlükə yaranmasın. Əks halda hündürdə çalışan işçi yıxıla bilər. Ötən il bir nəfər beton qarışdıran maşının içinə düşmüşdü. Bəzilərinin üstünə kran aşır, yuxarıdan başına çəkic, balta kimi kəsici-deşici alətlər düşənlər də olur. Bu qədər risk olduğu halda, təhlükəsizlik qaydalarına ciddi şəkildə əməl edilməlidir. Bunun üçün tikintini aparan şirkət tikinti sahəsində təhlükəsizlik qaydalarının ciddi əməl olunmasını təmin etməlidir. Bu, onun bir sahibkar olaraq vəzifə borcudur”.

E.Nurəliyevin sözlərinə görə, hanısa bir hadisə baş verərsə, işçilərin dövlət təminatının olması üçün ilk növbədə onlar əmək müqaviləsi ilə işləməlidirlər: “İkinci vacib məsələ isə, işçilərə ilkin təlimat verildikdən sonra işə götürlməlidir. Orada bütün davranış qaydaları işçiyə başa salınmalıdır. Bu olarsa, işçi də təhlükəsizlik qaydalarına riayət edəcək. Onlar eyni zamanda fərdi mühafizə vasitələrindən istifadə etməlidir. Başlarında qoruyucu olmalı, xüsusi ayaqqabılar geyinməlidirlər. İşçilərin çoxu isə yay ayaqqabısında gəzirlər. Bu, potensial təhlükədir. Ayda bir dəfə işçilərə təlimlər keçilməli, ərazidə təhlükəsizlik nişanları olmalıdır. Dünyada 100 faiz sığortalanma anlayışı yoxdur. Sadəcə bu təhlükənin qarşısını maksimum dərəcədə almaq olar”.

Ekspert deyir ki, bu təhlükəsizlik tədbirləri görüldükdən sonra ərazinin təmiz saxlanması, istifadə olunmayan mal və materialların yığılıb yerinə qoyulması, günəşli havalarda hündürlükdə işçilərin çalışmalarının qarşısının alınması çox vacibdir.

"Bu halda işləmək hüququndan imtina edə bilərlər"

Onun sözlərinə görə, bu təhlükəsizlik tədbirlərinin hamısı var, ancaq qaydalara riayət edən yerlərin sayı çox azdır: “Aidiyyəti qurumlar bu işə ciddi nəzarət etməlidirlər. İnzibati cəza tədbirləri və ya işin dayandırılmasına qədər gedilə bilər. Qanunda əməyin təhlükəsizlik qaydalarının pozulmasına görə hətta cinayət məsuliyyəti də var. Bununla yanaşı, işçilərin də burada məsuliyyət hüququ var. Əgər onlar tikinti sahələrində öz həyatları üçün real təhlükə hiss edirsə, işləməkdən imtina edə bilər. Buna görə onlara cəza metodu yoxdur. Əgər işçinin təhlükəsizliyi tam təmin olunmadan və heç bir qoruyucu vasitə vermədən işləmək üçün 16-cı mərtəbəyə göndərilirsə, o işləmək hüququndan imtina edə bilər. Buna görə o şəxsi heç kəs işdən çıxara, töhmət verə və ya əməkhaqqısından tuta bilməz. İşçilər özləri həyatlarına biganə yanaşmamalıdır”.

Sadalanan bu qaydaları tələb edən işçilərin işdən çıxarılması halları da mövcuddur. Ancaq, E.Nurəliyev bunun yolverilməz olduğunu deyir.

O bildirib ki, işi quran şəxsin borcudur ki, iş yerində təhlükəsiz əmək şəraiti yaratsın və buna görə də bütün bunlar qanunla təmzinlənir: Düşünürəm ki, bu barədə sahibkarlarla görüşlər keçirib, maarifləndirmə işi aparılmaldır. Dünyada 160 milyondan çox insan peşə xəstəliyindən əziyyət çəkir. Hər il ölkəmizdə 200-dən çox bədbəxt hadisə baş verir. 2019-cu ilin birinci rübünün statistikasına görə istehsalatda 40-dan çox bədbəxt hadisə baş verib, 8 nəfər ölüb. Bu, kifayət qədər böyük rəqəmdir. Ona görə də təhlükəsizlik qaydalarına əməl etmək iş icraçılarının birbaşa borcudur. Nəzarət çox güclü olmalıdır. Əgər bir tikinti şirkətində bədbəxt hadisə baş veribsə, sabahısı gün işçilər heç nə olmamış kimi işə çıxa bilməzlər. Bu, qanunla da tənzimlənir. Bütün istehsalatda olan şəxslər toplanmalı və təlimlər keçirilməlidir. Buna növbədənkənar təlimat deyilir. Ondan sonra iş davam etməlidir. Bütün səbəblər deyilməli, təhlil edilməlidir.Tikinti sahəsinə yeni avadanlıq, mexanizm və qurğu gəlibsə, təlimatdan sonra istifadəyə verilməlidir. Bu hadisələrin 95 faizi tikinti sahəsində texniki qaydalara riayət olunmaması, nəzarət mexanimzminin olmaması və ya zəif olması səbəbindən baş verir.

Bəzən isə tikintidə çalışan işçi bədbəxt hadisə nəticəsinə ağır xəsarətlər alır və bunun üçün çalışdığı müəssisə ona təzminat ödəməkdən yayınır. Bunun əsas səbəb isə həmin işçinin qanunlar çərçivəsində fəaliyyət göstərməməsidir.

"İşçilərin təhlükəsizliyini təmin edən şöbə yaradılmalıdır"

Daşınmaz əmlak və inşaat üzrə ekspert, Azərbaycan Rieltorlar Assosiasiyasının rəhbəri Elnur Azadov deyir ki, bütün bunlar qanunla tənzimlənir və tikinti şirkəti bütün prosesləri özü həyata keçirirsə, onun ərazidə olan işçilərlə müqaviləsi olmalıdır: “Müəyyən olunmalıdır ki, tikinti şirkətləri özü tikir və yaxud da ora hər hansı şirkəti cəlb edib, işçiləri qəbul edir. Müqavilə qanunvericiliyə uyğun olaraq tərtib olunmalıdır. Qanunvericilikdə işçilərin təhlükəsizliyi təmin olunmalı və bununla bağlı müqavilədə bənd qeyd edilməlidir. Digər məqam isə, tikinti şirkəti tikinti ərazisinin təhlükəsizliyini təmin etmək üçün xüsusi şöbəsi yaratmalıdır. Bu şöbə işçilərin təhlükəsizliyini təmin etməlidir. Bu, tikinti şirkətinin özündə yoxdursa, bu sahədə peşəkar olan şirkətlərin xidmətindən yararlanmaq olar. Təəssüflər olsun ki, Azərbaycanda belə yanaşma yalnız böyük şirkətlərdə olur. Onların xərcinin çox olduğu üçün, tikinti şirkətləri bu sahədə qənaət etməyə çalışırlar”.

E.Azadov digər bir halın tikinti şirkətinin özünün işləri aparmamasını, aqrar şirkətləri cəlb etməsini göstərir.

Onun sözlərinə görə, aqrar şirkətlərlə müqavilələ imzalandıqda, bu kimi bədbəxt hadisələrin məsuliyyəti tikinti şirkətinin yox, aqrar şirkətin üzərinə düşür: “Onlar da bir çox hallarda müqavilədə əks olunmur. Bu baxımdan bədbəxt hadisələr, əməyin mühafizəsinə zidd olan hərəkətlər, qeyri-qanunu fəaliyyət bu şəkildə baş verir. İşçi qüvvəsi ilə müqavilə bağlamayan şirkətlər qanuna zidd olaraq fəaliyyət göstərirlər. İşə götürən deyir ki, mən səni rəsmi işə götürmürəm, istəyirsən işlə, istəmirsən yox. Fəhlə də məcbur olur, gəlib işləyir.Fəhlə bazarından ustalar cəlb olunur, hansı ki, onların müqaviləsi yoxdur. Onlar da təhlükəsizlik qaydalarına riayət etmirlər, bir çox hallarda savadsız olurlar. Ona görə də bu sahədə problemlər həmişə olub və hazırda da var. Ziyanın qarşısının alınması üçün nəzarət mexanizminin gücləndirilməli, cəmiyyətdə təbliğat aparılmalıdır”.

Akqabay Mıradov

Mənbə: publika.az