Tanınmış həkim: “Nazirə yazığım gəlir, bu gün-sabah məktəblər bağlanacaq...”

Tanınmış həkim: “Nazirə yazığım gəlir, bu gün-sabah məktəblər bağlanacaq...”

“Həkim olaraq hazırda məktəblərin fəaliyyət göstərməsini istəmirəm. Çünki nə olacağını bilirəm. Əlbəttə ki, vətəndaş, insan və valideyn kimi uşaqların təhsil almasını istəyirəm. Amma hazırda çıxılmaz bir durum yaranıb”.

Bu sözləri Cebhe.info-ya açıqlamasında tanınmış pediatr Vaqif Qarayev virusun gəncləşməsi və şagirdlər arasında kütləvi yoluxmanın artmasından danışarkən deyib.

Onun sözlərinə görə, nə qədər ki, yoluxmanın aşkar edildiyi məktəblərin adları açıqlanmayacaq, təhsil müəssisələri yenidən bağlanacaq:

“Açığı, indi yeni Təhsil nazirimizə yazığım gəlir. O, elə bir vaxtda Təhsil Nazirliyinə rəhbər təyin olundu ki, nə etsə, hansı addımı atsa, tənqid olunacaq. Məktəblər açıldı, yoluxma var, niyə açıldı, nazirə söz deyiləcək. Məktəblər bağlansa, niyə bağlandı, yenə eyni vəziyyət. Yəni belə bir çıxılmaz vəziyyət yaranıb. Təhsil Nazirliyi məktəblərdəki ilk yoluxma statistikasını açıqlayanda sadəcə şok keçirdim. Düşündüm ki, 5 gündür məktəb açılıbsa, 93 nəfər necə yoluxa bilər? Əvvəlcə məlumat yayıldı ki, yoluxanlar yuxarı sinif şagirdəridir. Bu açıqlama bir qədər özünüqoruma instinkti idi. Çünki yuxarı siniflər məktəbə getmir, onlayn təhsil alırlar. Demək ki, xəstələnənlər məktəbdən kənarda yoluxublar. Bu, bir qədər məni sakitləşdirdi, o mənada ki, məktəbin içi “yanmır”. Yəni virus orada oynamır. Amma sonra dedilər ki, yoluxma ibtidai siniflər arasında olub. Halbuki bu informasiyanı da rəsmilər təsdiqləmədi. Bu barədə məlumat cəmiyyətə dəqiq açıqlanmalıdır. İlk növbədə onu deyim ki, məktəblərdəki yoluxma ilə bağlı statistikanı niyəTəhsil Nazirliyi verir? Bu işi icra edən ölkədə yeganə qurum var, o da Nazirlər Kabineti yanında Operativ Qərargahdır. Yaxşı, bunun da fərqi yoxdur. Amma yoluxma ilə bağlı məlumat verilirsə, məktəbin adı açıqlanmalıdır. Bu faktınn gizli qalması çox pisdir. Gürcüstan hazırda epidemiya ilə bağlı pis durumdadır. Amma onlar 6 ay virusu lokallaşdıra bildilər. O şərtlə ki, yoluxma ocağını əhaliyə dəqiq açıqlayırdılar və konkret ərazini bağlayırdılar. Əhali bilirdi ki, filan rayonun filan qəsəbəsi və ya kəndində durum pisdir. Azərbaycanda da yoluxma olan ərazi açıqlanmalıdır. Burada gizlin nə var ki?”

Həkim bildirib ki, məktəblə bağlı məsələdə isə xüsusilə heç nə gizli qalmamalıdır:

“Əgər məktəb və ya sinifdə yoluxma ilə bağlı konkret məlumatlar açıqlanmasa, bu gün-sabah məktəblər bağlanacaq. Narazılığım yalnız və yalnız əhaliyə düzgün məlumatların çatdırılmamasıdır . Onsuz da hamı bu gün dırnağının üstündədir. Onu da deyim ki, 2 il normal təhsil haqqında danışmaq mənasızdır. Çünki uşaqlar nə əyani, nə də distant təhsil ala bilirlər”.

Qeyd edək ki, koronavirus epidemiyası yayılan gündən rəsmilərin, hətta Ümumdünya Səhiyyə Təşkilatının nümayəndələrinin çıxışlarında uşaqların sadəcə daşıyıcı olduğu və virusu yüngül simtomplarla keçirdikləri deyilir. O zaman məktəblərdə şagirdlər arasında kütləvi yoluxma nədən qaynaqlanır? Halbuki xarici ölkələrin bəzilərində fəaliyyəti məhdudlaşdırılmayan məktəblərdə mənzərə bizdəki kimi deyil. Vaif Qarayev sözügedən məsələyə də toxunub:

“Koronavirusla bağlı epidemiya yeni başlayanda ilkin qənaət o idi ki, uşaqlar bu virusa yoluxmur. Açığı, bu məni həm həkim, həm pediatr, həm də valideyn kimi sevindirirdi. Amma sonra pandemiya başladı və bu, bütün dünyaya yayıldı, uşaqlar arasında da yoluxanlarla bağlı statistik rəqəmlər verildi. Təbii ki, böyüklərlə bu statistikanı müqayisə etmək olmazdı. O zaman xəstələnmə və ölüm halları uşaqlar arasında çox olmasa da, mart ayında məktəblər bağlandı. Çünki təhsil müəssisələri uşaqların ən sıx təmasda olduğu və toplaşdığı məkandır. Təsəvvür edin ki, Bakının bir məktəbində minlərlə şagird var. Digər tərəfdən, bilirsiz ki, koronavirus tibbə, elmə bəlli və tanış olmayan virusdur. O zaman üçün məktəblərin bağlanmasını düzgün hesab edirdim. Çox maraqlı və dəbdə olan bir məsələ var. Bu gün deyilən sabah təkzib olunur. Ümumdünya Səhiyyə Təşkilatı nə qədər məlumatı sonra təkzib etdi. Bu baxımdan, daha çox ayrı-ayrı ölkələrin tanınmış virusoloqlarının və mütəxəssislərinin çıxışlarını oxuyuram. Ümumiyyətlə, ÜST-ü oxumuram”.

Alçina Amilqızı
Cebhe.info

 

Mənbə: cebhe.info