TSEK tərəfindən sənədin qəbul edilməməsi kimi bir yanaşma cəfəngiyyatdır - Fazil Talıblı

TSEK tərəfindən sənədin qəbul edilməməsi kimi bir yanaşma cəfəngiyyatdır  - Fazil Talıblı

Əmək və Əhalin Sosial Müdafiəsi Nazirliyi əlillik dərəcəsi ala bilməyən Pərvanə Mahir qızı Muradinin şikayəti ilə bağlı açıqlama yayıb.

Nazirliyinin İctimaiyyətlə əlaqələr və kommunikasiya şöbəsinin müdiri Fazil Talıbov "Qafqazinfo"ya açıqlamasında bildirib ki, əgər hər hansı bir şəxsə dair tibb müəssisəsi göndəriş (Forma 88) rəsmiləşdirirsə, o sənəd üzrə mütləq şəkildə TSEK tərəfindən qərar verilir:

"Yəni TSEK tərəfindən sənədin qəbul edilməməsi kimi bir yanaşma cəfəngiyatdır".

Qurum rəsmisinin sözlərinə görə, vətəndaş Pərvanə Mahir qızı Muradi barədə 9 nömrəli şəhər poliklinikasının göndərişinə imtinanın əsaslı olub-olmaması ilə bağlı isə mövqe artıq bildirilib ki, forma 88-in doldurulmasında nöqsanlar var. Necə ki, ötən aylar ərzində 9 nömrəli Şəhər Poliklinikası tərəfindən verilmiş əsassız, saxta sənədlər üzrə əlilik təyinatı aparılmış 13 əlillik təyinatı ləğv edilib. Adıçəkilən poliklinikanın bu şəxslərə dair forma 88 yazılarkən aşağıdakı saxtakarlıq faktları müəyyənləşdirilib:

· Forma 88-də şəxsin guya xəstəxanada stasionar müalicədə olduğu, yəni yatdığı qeyd edilsə də, aidiyyəti informasiya sistemlərində olan məlumatlar əsasında həmin şəxsin xəstəxanada guya yatdığı dövr üzrə işdə olması və əmək haqqı alması (işəgötürən həmin dövr üzrə həmin şəxsə dair gəlir vergisi və digər sosial ödənişləri edib), eləcə də xəstəlik dövrü üzrə bülleten ödənişlərinin aparılmadığı müəyyənləşdirilib,

· göndərişdə qeyd edilmiş ixtisaslaşmış göz institutunun tibbi rəyinin nömrəsi və tarixi üzrə belə bir rəyin olmadığı müəyyənləşdirilib,

· göndərişdə qeyd edilən stasionar müalicə məlumatlarına əsasən şəxs eyni gündə, eyni saatda iki fərqli xəstəxanada müalicə almışdır ki, bu da praktiki olaraq qeyri-mümkündür,

· şəxs qəbula gəldiyi zaman, əyani müayinə edildikdə göndərişdə qeyd edilmiş məltumatların bilərəkdən şişirdilməsi və təhrif edilməsi faktları müəyyənləşdirilib".

F. Talıblı əlavə edib ki, cari il ərzində 9 nömrəli şəhər poliklinikası əlillik təyinatı üçün 154 göndəriş rəsmiləşdirib. Onların 43%-i (66 ədədi) müxtəlif texniki səhvlərə görə sistem tərəfindən avtomatik geri qaytarılıb. 49 göndəriş üzrə təyinat aparılıb. Yalnız 15%, başqa sözlə 24 göndərişə TSEK-lər tərəfindən baxaraq imtina verilib. 15 göndəriş hazırda emaldadır. Bununla yanaşı, Binəqədi rayonu ərazisində yerləşən 11 tibb müəssisə üzrə 2017-2019-cu illərdə ilkin əlillik təyinatının 17%-i məhz 9 nömrəli Şəhər Poliklinikasının verdiyi göndərişlər əsasında aparılıb.

Sonda bir daha qeyd etmək vacibdir ki, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi əlilliyi tibb müəssisələrinin sənədləri əsasında qiymətləndirir və ötən dövr ərzində rast gəlinən tibbi sənədlərin kütləvi saxtalaşdırılması faktları onu deməyə əsas verir ki, bütün bu problemlərin səbəbi həmin göndərişlərin (forma 88-nin) etibarlı olmamasıdır. Tibbi sənədlər etibarlı olduğu zaman əlillik təyinatı ünvanlı, ədalətli və şəffaf olacaq, vətəndaşlar rahat şəkildə əlilliyini əldə edəcək, hüquq çatmayanlar isə əldə edə bilməyəcək. Bu istiqamətdə İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyi və Səhiyyə Nazirliyi tərəfindən qısa müddət ərzində qətiyyətli addımların atılacağına əminik.

Mənbə: qafqazinfo.az