Dağ kimisən, zirvələrin qarısan - Azad Mirzəcanzadə

Əfsanəvi akademik Azad Mirzəcanzadə.

 

Onu sevənlər arasında sağlığındaykən belə bir rəvayət dolaşıb: “Azad müəllimə yaxın düşərsən, yandırar, uzaq düşərsən, dondurar”.

 

O, neft sənayesi üzrə böyük mütəxəssis olsa da, iş otağında və evində masanın üzərində yalnız bir adamın şəkli olardı - Üzeyir Hacıbəylinin...

 

- Dünyaşöhrətli alim, neft və qaz mədən mexanikası, texnikası, texnologiyası və işlənməsi üzrə fundamental elmi istiqamətlərin banisi, bir sıra ölkələrin elmlər akademiyalarının həqiqi üzvü, fəxri neftçi, fəxri qaz sənayesi işçisi, iki dəfə Dövlət, üç dəfə İ.M.Qubkin adına mükafat laureatı, Əməkdar Elm və Texnika xadimi Azad Mirzəcanzadə. O, 23 yaşında elmlər namizədi, 29 yaşında elmlər doktoru, 34 yaşında Azərbaycan Respublikası Elmlər Akademiyasının müxbir üzvü, 40 yaşında isə həqiqi üzvü olub.

 

Təkcə bunları qeyd etmək kifayətdir ki, Azad Mirzəcanzadənin nə qədər qeyri-adi istedada malik elm fədaisi olduğunu görək. Akademik Azad Mirzəcanzadə dünyanın yeganə alimlərindəndir ki, 60 illik elmi fəaliyyəti ərzində 100-ə yaxın elmlər doktoru, 300-dən çox elmlər namizədi yetişdirib. Bu böyük alimin elmi irsində dünyanın nüfuzlu jurnallarında çap olunmuş 500-ə yaxın elmi məqaləsi, 100-ə yaxın monoqrafiya, dərslik, dərs vəsaiti, 50 ixtirası və elmi kütləvi əsərləri də xüsusi yer tutur.

 

QISA ARAYIŞ:

 

Görkəmli alim, böyük müəllim, unudulmaz şəxsiyyət Azad Mirzəcanzadə 1928-ci il sentyabrın 29-da Bakı şəhərində anadan olub. Orta məktəbi bitirdikdən sonra ali təhsilini 1944-1949-cu illərdə Azərbaycan Sənaye İnstitutunun neft-mədən fakültəsində alaraq, dağ mühəndisi ixtisasına yiyələnib. 1951-ci ildə texnika elmləri üzrə namizədlik, 1957-ci ildə doktorluq dissertasiyaları müdafiə edib. 1959-cu ildə professor adını alıb, 1962-ci ildə Azərbaycan Elmlər Akademiyasının müxbir 1968-ci ildə isə həqiqi üzvü seçilib. 1951-1957-ci illərdə Azərbaycan Dövlət Universitetinin nəzəri mexanika kafedrasının dosenti, 1957-1959-cu illərdə professoru, 1959-cu ildən ömrünün sonunadək Azərbaycan Dövlət Neft Akademiyasında kafedra müdiri işləmişdir. Azad Mirzəcanzadə orta məktəblərdə dəqiq elmlərin tədrisi ilə bağlı bir sıra layihələrin də müəllifi idi. 1992-2001-ci illərdə Azərbaycan Ali Attestasiya Komissiyasının sədri olmuş, 1993-2001-ci illərdə Dövlət Elm və Texnika Komitəsinə rəhbərlik etmişdir.

 

Azad Xəlil oğlu Mirzəcanzadə 2006-cı il iyulun 17-də, 78 yaşında vəfat etmişdir. Xatirələrdən: * Həmişə ürəyində işıq gəzdirirdi sanki... * O, masasının yığılmasını sevməzdi. Hətta Elm Komitəsi və Ali Attestasiya Komissiyasının sədri olan zaman qulluqçuya iş masasının üstünü təmizləməyi, oranı sahmana salmağı qadağan etmişdi... Özünün də dediyinə görə, masanın üzərindəki qarışıqlıq onun iş rejimini əks etdirirdi. * A.Mirzəcanzadə üçün orta təhsil insan həyatında xüsusi yer tutduğundan onun təşəbbüsü ilə 1989-cu ildə Bakı şəhərinin mərkəzində Hacıbəy Mahmudbəyov adına lisey, 1998-ci ildə isə Xətai rayonunda 147 nömrəli texniki-humanitar təmayüllü lisey fəaliyyətə başlayıb. Qeyd edək ki, Azad müəllimin pedaqoji fəaliyyətində xüsusi orijinallıq və özünəməxsus mühazirə oxumaq üslubu olub. Riyazi və fiziki məsələləri o qədər sadə dillə, ədəbiyyatdan, incəsənətdən və fəlsəfədən misallar çəkərək izah edib ki, qarşısındakı ən savadsız tələbə belə onun mühazirələrindən nəsə götürüb. Tələbələrinin sevimlisi olan qəhrəmanımızın dediyi bu fikri indi də onun tanıyanlar unutmayıb.

 

“Şagird birinci müəllimini, sonra onun fənnini sevir”.

 

Tələbələrinin yoluna daim işıq tutan dahi fenomenin “istedadlılara kömək edin, yol göstərin. İstedadsızlar özləri-özlərinə onsuz da yol tapacaqlar” fikri də onu tanıyanlar arasında deyimə çevrilib.

* Hamının tanıdığı məşhur diktor Rafiq Həşimov da A.Mirzəcanzadənin şəxsən evinə gəlib-getdiyi tələbələrdən olub:

* Neft mütəxəssisi olsa da, onun musiqimizə, folklorumuza baxışları yüksək milli koloriti ilə fərqlənirdi. Tez-tez xalq mahnılarımızı zümzümə edir, şerlər söyləyərdi.

* Hər gün fasiləsiz elmlə məşğul olan alimin gündəlik yeməyi əsasən kolbasa, pendir və "selyodka" idi.

* Neft sənayesi üzrə böyük mütəxəssis olsa da, iş otağında və evində masanın üzərində yalnız bir adamın şəkli olardı - Üzeyir Hacıbəylinin...

* Həmişə güzgüyə baxanda deyərmiş: "Çox xoşbəxtəm ki, anama bənzəyirəm". O həmişə deyərdi: "Mənim kumirim anamdır".

* Nə bacısı, nə də özü heç vaxt ailə həyatı qurmayıb. Ona görə onların ailəsinin davamçısı yoxdur. Bacısı İradə xanımla aralarında sirli bir bağ olub. Bir-birinə həddindən artıq bağlı olan bacı-qardaşın taleyi də bənzər olub. Hər ikisi 78 yaşında dünyasını dəyişib.

* Ən maraqlı cəhət odur ki, Azad müəllim bacısının ölümündən iki il sonra onun öldüyü palatada, onun yatdığı çarpayıda və onun öldüyü gün - iyulun 17-də vəfat edib.

* "Həyatda heç nə düz xətt üzrə gedə bilməz. Enişlər var, yoxuşlar var. Heç nə nə düz xətt, nə də artan xətt üzrə gedə bilər. İnsan yüksəlişdədi və onun pik nöqtəsinə çatanda özünü hazırlamalıdı ki, ordan sərt şəkildə enməsin. Elə etsin ki, çox zərər çəkməsin və sonradan özünə gələ bilsin”.

* “Mənim arzum özümdən sonra məndən çox bilən, öz işini sevən professionallar yetişdirməkdən ibarətdir”. Dağ kimisən, zirvələri qarlısan, Bax özünə, gör necə vüqarlısan!...

 

Nurlanə Əliyeva,

Azərbaycan Jurnalistlər Birliyinin üzvü.

Buta.ws

ƏVVƏLKİ XƏBƏR

Türkiyənin “İYİ” partiyası Azərbaycanı dəstəklədi - FOTO

SONRAKI XƏBƏR

Ermənilər təşvişdə: Azərbaycan güclü hücuma hazırlaşır