Hüquqşünas Adil Minbaşı:"HUMANİTAR DƏHLİZ YARATMALIYIQ Kİ, ERMƏNİLƏR ORADAN ÇIXSINLAR"

Hüquqşünas Adil Minbaşı:"HUMANİTAR DƏHLİZ YARATMALIYIQ Kİ, ERMƏNİLƏR ORADAN ÇIXSINLAR"

“Ria.ru” saytının yaydığı məlumata görə, sentyabrın 27-də Ermənistan hökuməti Avropa İnsan Haqları Məhkəməsinə (AİHM) müraciət edərək, Azərbaycan barəsində tədbirlər görülməsini tələb edib. Müraciətdə Azərbaycan ordusunun, guya, Xankəndi də daxil olmaqla, yaşayış məntəqələrini, mülki şəxsləri və mülki obyektləri hava və raket hücumlarına məruz qoyaraq bombalaması əsas göstərilir.

“Təzadlar” məsələ ilə bağlı tanınmış hüquqşünas Adil Minbaşıya müraciət edib.

“Strateq.az” həmin müsahibəni oxucularına tədim edir:

– Adil müəllim, Ermənistanın növbəti təxribat hərəkətlərinə qarşı Azərbaycan öz tarixi ərazilərini işğal altından azad etmək üçün uğurlu əks-hücum əməliyyatları aparır və belə bir vəziyyətdə Ermənistanın Avropa İnsan Haqları Məhkəməsinə müraciət etməsi hərbi əməliyyatların gedişinə təsir edə bilərmi?

– Sualınıza konkret cavab versək, xeyr! AİHM-nin hüquqi statusu buna imkan vermir, onun belə bir səlahiyyəti yoxdur. Əgər dövlət və ya konkret dövlət orqanı tərəfindən insan haqları pozulması halları varsa, təqsirkar dövlətə qarşı AİHM də iddia qaldırıla bilər. Əgər bu faktlar sübuta yetirilərsə, məhkəmə yalnız vurulan maddi və mənəvi ziyanın ödənilməsi barədə qərar qəbul edə bilər, bundan əlavə, hüquq pozğunluqlarına səbəb olan halların aradan qaldırılması istiqamətində tövsiyələr verə bilər.

Konkret halda, mübahisənin predmetinə görə məhkəmə hərbi əməliyyatlar zamanı 1949-cu il Cenevrə Konvensiyası ilə qəbul olunmuş “Beynəlxalq Humanitar Hüquq” (BHH) normalarının pozulub-pozulmamasına, pozulubsa, bunun nəticələrinə görə qiymətləndirmə aparmalıdır.

Bildirim ki, BHH müharibəni qadağan etmir. Onun səbəbləri, əsaslılığı, onların dayandırılması kimi məsələləri nizamlamır. Hərbi konfliktlərin qurbanlarına humanist münasibətin və hərbi əməliyyatların aparılmasının xüsusi prinsiplərini nizamlayır.

Qanunun mahiyyəti ondan ibarətdir ki, müharibə gedişində zərurət olmadan artıq qırğına, xüsusilə müharibə əməliyyatlarının iştrakçısı olmayan insanların öldürülməsinə, yaralanmasına yol verilməsin. Nə onlara, nə də hərbi əməliyyatların iştrakçısı olub da təslim olmuş, əsir düşmüş insanlara qarşı zorakı, alçaldıcı hərəkətlərə yol verilməsin, işgəncələr tətbiq olunmasın. Müharibənin gedişində də məhz bu halları yarada bilən hərbi vasitə, üsul və əməliyyatların tətbiqinin məhdudlaşdırılması və qadağan edilməsi nəzərdə tutulur.

Eləcə də döyüş texnikası, hərbi silah və sürsatların yerləşmədiyi, hərbi əməliyyatların aparılmasına aidiyyəti olmayan mülki obyektlərə, yaşayış məntəqələrinə, dinc əhaliyə və vətəndaşlara qarşı silahların tətbiqinə yol verilmir. Bu kateqoriyaya aid olan obyektlərin də dairəsi, məktəblər, xəstəxanalar, tarixi və mədəni abidələr və s. olmaqla, çox genişdir…

Qanun insanlara humanist və insani dəyərləri və onları qorumağın vacib, məcburi olduğunu anladır. Yəni, müharibənin də kriteriyaları, bir ölçüsü və əxlaqı olmalıdır. Hansı ki, ermənilərə yaddır. Azərbaycana qarşı törətdikləri vəhşiliklər, soyqırım, öldürülmüş minlərlə günahsız insanlar işğal olunmuş ərazilər, dağıdılmış yüzlərlə yaşayış məntəqələri, minlərlə mülki öbyektlər – evlər, xəstəxanalar, muzeylər, kitabxanalar, tarixi abidələr… saymaqla qurtarmaz. Bəşəriyyət əlehinə törədilmiş bu ağır cinayətlərə görə, Ermənistan hakimiyyətinin bir çox rəhbərləri də daxil olmaqla, bu cinayətlərin törədilməsində iştrak etmiş ermənilər qanun qarşısında, həm də Avropa İnsan Haqları Məhkəməsində deyil, Beynəlxalq Hərbi Tribunalda cavab verməlidirlər.

Həmişə olduğu kimi, indi atəşkəsin pozulmasında öz günahlarını, cinayətlərini gizlətmək üçün qabaqlayıcı informasiya hücumu olraq Avropa İnsan Haqları Məhkəməsinə müraciət ediblər.

Qaldırılmış iddianın hüquqi əsası yoxdur ona görə ki, Qanun bu hədəflərin yalnız qəsdlə, bilərəkdən, yəni onları məhv etmək məqsədi ilə vurulmasını cinayət hesab edir.

Ermənistan hərbçilərindən fərqli olaraq, bizim hərbçilərin qəsdən, bilərəkdən belə hərəkətlərə yol verməsi faktları mövcud deyil. Hazırda gedən döyüş əməliyyatlarında da Azərbaycan bir daha düşmən mövqeyindəki mülki vətəndaşların zərər görməməsini qarşısına məqsəd qoyur və buna nail olunmasına çalışır. Buna görə də Azərbaycan rəhbərliyi, Xarici işlər Nazirliyi, Müdafiə Nazirliyi dəfələrlə ermənilərə müraciət ediblər ki, hərbi əməliyyatların aparıldığı yerlərdən uzaq dayansınlar.

Əgər ermənilər bilərəkdən mülki vətəndaşların yerləşdiiyi ərazilərdən və mülki obyektlərdən hərbi əməliyyatlar üçün istifadə edəcəklərsə, bu zaman mülki obyektlərin vurulması və mülki şəxslərin zərər görməsi halları qaçılmazdır, ancaq bu zaman günah da, məsuliyyət də Ermənistan tərəfin üzərində qalır.

Məsələnin başqa bir tərəfi var ki, ermənilər öz himayədarlarının əlinə bəhanə vermək üçün belə faktlardan istifadə etməyə çalışacaqlar. Ancaq onları belə saxta ittihamlar uydurmaq imkanından da məhrum etmək olar və bu mümkündür. Bunun üçün belə bir humanist aksiya keçirilməsini mümkün hesab edirəm – Dağlıq Qarabağın ərazisindəki Azərbaycan vətəndaşları olan ermənilərin və onların ailələrinin müdafiəsi üçün humanitar koridor yaradaq, onların Azərbaycanın hərbi əməliyyatlardan kənar rayonlarında yerləşdirərək təhlükəsizliklərinə təminat verək. Ermənistan vətəndaşları olan şəxslər isə öz ölkələrinə çəkilməklə təhlükəsizliklərini təmin etməlidirlər. Əgər könüllü olaraq hərbi əməliyyat ərazilərində qalacaqlarsa, məsuliyyət onların və Ermənistan hakimiyyətinin üzərinə düşür. Bu təklifimiz rəsmi elan edək və maraqlı dövlətlərə, dünya ictimaiyyətinə çatdıraq. (Red. – ?!)

– Açığını deyim ki, maraqlı da olsa, birmənalı qarşılanmayacaq təklifdir və ona görə də çapa gedərkən, cavabınızın bu hissəsinin qarşısında sual və nida işarəsi qoyacağıq, bununla oxucu münasibətini də öyrənmək istərdik.

– Müharibədə qələbələr və onun davamlılığı təkcə hərbi güc və hərbi əməliyyatlarlarla bağlı deyil. Müharibəyə başlamazdan hələ xeyli əvvəl siyasət və diplomatiyada uğurlu mövqe qazanmalı və bunu davam etdirməlisən. Ədalətli, haqlı, doğru olduğun məqamları catdırmalı və nümayiş etdirməli, ictimai dəstək qazanmalısan. Dağlıq Qarabağ ərazisində yaşayan Azərbaycan vətəndaşlarının təhlükəsizliyini təmin etmək bizim borcumuzdur. Bu, həm bizim ermənilərdən fərqli əxlaqımızdan, həm də dövlət olaraq beynəlxalq təşkilatlar, dünya ictimaiyyəti qarşısında verdiyimiz vəd və götürdüyümüz öhdəliklərdən irəli gəlir.

Oxucuların fərqli dünyagörüşündən, savad və hüquqi biliklərindən asılı olaraq bu təklifi necə qarşılaycağını artıq proqnozlaşdırmaq olar. Elə dünən “Ovqat.com” saytında vaxtilə Azərbaycan Respublikası Prokurorluğu və Ədliyyə Nazirliyinə rəhbərlik etmiş hüquq elmləri doktoru İlyas İsmayılovun təxminən bu mövzuda müsahibəsi gedib. Müsahibənin leytmotivi budur ki, inşallah, ərazilərimiz düşmən işğalından azad ediləndən sonra orada yaşayan və milliyyətcə erməni olan Azərbaycan vətəndaşlarının taleyi, onlara münasibət necə olacaq!? İlyas İsmayılov haqlı olaraq münaqişənin həllinin “Madrid prinsipləri” ilə bağlı Azərbaycanın vilayətə geniş muxtariyyət verilməsi öhdəliyinə diqqət çəkir və şəxsi fəaliyyəti dövründə şahidi olduğu, Azərbaycanın mövqeyini müdafiə edib erməni fitnəkarlığına qarşı çıxdığına görə ermənilər tərəfindən öldürülən bir ailəni xatırlayaraq, orada yaşayan vətəndaşları separatizmin zülmünə boyun əyməməyə çağırır.

Əlbəttə, erməni separatçılığının işə salındığı vaxta qədər bu xalqların əvvəlki mehriban birgəyaşayışının bərpa olunması çətin və ağrılı olacq. Bu problem Qərbi Azərbaycandan gələn qaçqın soydaşlarımızın öz evlərinə qaytarıldığı zaman da yaşanacaq, ancaq hər halda, bu mərhələni yaşamalı və problemlərin həlli yollarını tapmalıyıq. İnformasiya məkanında xeyli videoçəkilişlər var ki, ermənilər döyüş bolgəsindən qaçan və döyüşmək istəməyən öz əsgərlərini öldürmək təhdidi ilə geri qayıtmağa məcbur edirlər. Çox güman ki, yerli əhali də silah gücünə eyni təhdid altında saxlanılır. Mümkündür ki, dediyim bir keçid dəhlizi açılarsa, həm yerli əhali, həm də əsgəri kontingentin bir hissəsi silahlarını ataraq, bu dəhliz vasitəsi ilə ərazini tərk etsinlər. Bu da DQ ərazisinin boşaldılması prosesini sürətləndirə bilər.


– Döyüş əməliyyatlarının dayandırılmasını tələb edən dövlətlərin əlindən Sizin təklif etdiyiniz qaydada mülki şəxslərin zərər görməsi faktını alarıqsa, onların əlində başqa hansı arqument qalır?

– Digər arqumentləri münaqişə tərəfləri arasında 12 may 1994-cü ildə atəşkəs razılaşmasının olmasıdır ki, Azərbaycanı buna əməl etməyə və münaqişəni danışıqlar yolu ilə həll etməyə çağırırlar. Bu danışıqların boş və mənasız olmasını həmin dövlətlər də, beynəlxalq təşkilatlar da gözəl bilirlər, sadəcə Ermənistanı məğlubiyyətdən xilas etməyə çalışırlar. Təsəvvür edin ki, BMT-nın Baş Katıbı Antonio Quterriş də bugünlərdə Azərbaycan Prezidentinə müraciət edərək hərbi əməliyyatların dayandırılmasını, sülh danışıqlarının bərpa edilməsini xahiş etdi. Rəhbərlik etdiyi yüksək təşkilatının 4 qətnamələrinin 27 ildir heçə sayıldığı, icra olunmadığı bir vəziyyətdə bu xahişlə müraciət etmək…!

Dövlət Başçısı İlham Əliyev cənabları ən yüksək səviyyədə olan müraciətlərin də cavabını, hüquqi əsaslandırılmış yüksək diplomatik dildə qətiyyətlə verdiyi üçün bu mövzunu xırdalamağa ehtiyac qalmır. Bu məqsədlə müraciət edən bütün dövlətlərə və beynəlxalq təşkilatlara bir cavabımız ola bilər: biz hərbi əməliyyatları nə üçün dayandırmalıyıq, yenidən 30 il boş danışıqlar masasına qayıtmaq üçünmü?! Əgər hərbi əməliyyatların dayandırılmasını, münaqişənin ədalətli həllini istəyirsinizsə, bunun çox asan bir yolu var. Buyurun, BMT qətnaməsinin icrasını təmin edin, Ermənistan silahlı qüvvələri münaqişə zonasını tərk etsin. Qanunsuz separatçı və terrorçu qruplar silahları yerə qoyub, təslim olsunlar. Bunun üçün 1 və ya 2 gün tamamilə kifayət edər. Həmin gün biz qanuni ərazilərimizdə yerli hakimiyyət strukturlarını bərpa edərək anında atəşkəsə əməl edək! Hərbi əməliyyatların bir daha təkrarlanmasının qarşısını almaq üçün bundan sonra danışıqlar masasına oturmaq olar və bu, vacibdir.


– Terrorçu qrup deyəndə, Siz, yəqin, döyüşlərdə öldürülən əsgərlər arasında aşkar edilən Suriyadan və Livandan gətirilmiş muzdlu erməniləri nəzərdə tutursunuz?

– Öldürülən əsgərlər arasındakı əcnəbilərin erməni olmasını kim, nə ilə müəyyən edib? Oxucular da məni bağışlasın, sünnətinə baxıblar? Faktlar başqa şey deyir axı! Təəssüf ki, son günlər bizim siyasi leksikonda səhv olaraq, mahiyyəti ifadə etməyən termini Siz də eyni qaydada təkrar edirsiniz. Bir-neçə ildir, əsasən də 2016-cı ildən Ermənistanın Yaxın və Orta Şərqdən terrorçuları Dağlıq Qarabağ ərazisinə yerləşdiyi barədə məlumatlar movcuddur. Bu yaxınlarda Misir kəşfiyyat orqanlarının aşkar etdiyi faktlar əsasında “Cairo24.com” saytı bu məlumatları açıqlayarkən, məlum oldu ki, “Hizbullah” terror təşkilatının yardımı ilə Suriya və İraqdan, digər terrorçu təşkilat olan PPK və YPG qanadından 250 nəfərlik qrup hazırlanaraq ilk dəstələrindən 8 nəfər təyyarə ilə birbaşa Yerevana göndərilib. 25 nəfərin isə İran üzərindən Ermənistana göndərilməsi təmin edilib. Digər hissəsi isə Suriya – İraq sərhədindəki Qamışlı məntəqəsində hazırlıq təlimləri keçir. Rusiyada da bu faktları Ermənistan siyasətçilərinin “Yaxın Şərqə qayıdış” tezisləri kontekstində təhlil edərək bu nəticəyə gəliblər ki, Ermənistan Rusiyada fəaliyyəti qadağan olunmuş terrorçu qrupları “Rusiyanın qarnının altına” – Zaqafqaziyaya yerləşdirərək, öz məqsədləri naminə bölgəni təhlükəli zonaya çevirir və böyük gücləri hərbi münaqişəyə cəlb etmək istəyir… (Qazeta.ru) Siyasi müstəvidə niyə biz bu ciddi faktı diqqətdən kənarda saxlayırıq, mənə aydın deyil. Bu məsələdə yenə də sərhəd qonşumuz, guya, İslam dövləti olan İranın bizə qarşı növbəti çirkin hərəkətləri ortaya çıxır deyə, ola bilsin ki, diplomatik mülahizələrə, münasibətlərin kəskinləşməməsi xatirinə rəsmilər bunu hallandırmaq istəmirlər. Ancaq müstəqil siyasətçilər, ekspertlər, şərhçilər niyə hər şeyi öz adı ilə çağırmırlar?! Əgər bu hadisədə İranın, “Hizbullah”ın adını hallandırmaq məsləhət deyilsə, hallandırmayın, ancaq baş verənlərin hamısı ilə birbaşa bağlı olan, Ermənistanın məqsəd və fəaliyyətinin mahiyyətini açıqlayan bu fakt niyə kölqədə qalmalıdır? Nəyə görə biz öz torpaqlarımızın işğaldan azad olunmasında həm də terrorçularla mübarizə apardığımızı gizlətməli, dünyaya bildirməməliyik?!- Adil müəllim, Ermənistanın hərbi təyyarəsinin Türkiyəyə məxsus F-16 təyyarəsi ilə vurulması, Türkiyənin bizə hərbi texnika sursat və əsgər göndərmiş olması, Suriyadan da Türkiyəyə bağlı qüvvələrin Azərbaycana əsgər göndərməsi barədə məlumatlara munasibətiniz?

– Azərbaycan Prezidenti cənab İlham Əliyev Rusiyanın “Rossiya1” telekanalına birbaşa müsahibəsi zamanı bu məsələyə konkret cavab verdi və tam aydınlıq gətirdi. Mən iki ay bundan əvvəl verdiyim müsahibədə demişdim ki, biz heç bir halda Türkiyənin müharibəyə cəlb olunmasına imkan verməməliyik, səbəbinin də Ermənistan və Fransanın öz məqsədləri üçün bölgədə Rusiya və Türkiyə qarşıdurması yaratmaq olduğunu izah etmişdim. Əgər mən, təqaüddə olan adi bir hüquqşünas bunun səbəblərini bilirəmsə, Azərbaycanın və Türkiyə, Rusiya kimi güclü dövlətlərin prezidentləri və müvafiq orqanları çoxdan məsələdən ən incə nüanslarına qədər xəbərdardılar.

Yuxarıda Ermənistanın öz məqsədləri üçün bölgədə böyük güclərin toqquşmasını yaratmaq niyyətini ifşa edən bəzi faktlara toxunduq. Adını çəkdiyimiz dövlətlərdə və onların xüsusi xidmət orqanlarında Paşinyanın Qalustyan vasitəsi ilə nə qədər pul göndərməsindən tutmuş, kəbinli arvadı ilə danışıqlarının detallarına qədər bizim bilmədiyimiz yüzlərcə faktlar var. Ona görə də Türkiyə bizə hərbi təlimlərdə ordumuzun peşəkarlığının artırılması istiqamətində köməklik etdi, bu da açıq şəkildə baş verdi. Azərbaycan uzun illər bu müharibəyə hazırlaşıb, Ermənistanın çoxillik büdcəsi qədər də ən mükəmməl silahları vaxtında alıb yığıb və indi, həqiqətən, kiminsə yardımına ehtiyacı yoxdur. Türkiyənin prezidenti hörmətli Rəcəb Tayyib Ərdoğan başda olmaqla rəsmi dairələri, rəsmi şəxsləri bütün imkanları ilə hər zaman Azərbaycanın yanında olduqlarını elan edib və edir. Bu özü qarşı tərəf üçün bir çox silahlardan güclü psixoloji təsir vasitəsdi. Bizim və bütün türk dünyası üçün bir coşqu, bir ruh yüksəkliyi mənbəyidir. Türkiyə bu mənada mənəvi olaraq bizim yanımızdadır, bütün siyasi platformalarda da bizim mövqeyimizi müdafiə edərək siyasi dəstək verir. İndi çaşqın vəziyyətdə olan Paşinyan həm ifşa olunmuş əməllərini gizlətmək, həm də Türkiyəyə qarşı olan qüvvələr içərisindən tərəfdaşlar toplamaq üçün müxtəlif feyklər uydurur. Türkiyə məsələsi isə onun işinə həm də ona görə yarayır ki, qaçılmaz görünən məğlubiyyətinə gələcəkdə erməni xalqı qarşısında “səbəb” uydursun.

Suriyanın, guya, bizə əsgər göndərməsi də feyklərin inandırıcı görünməsi üçün düşünülmüş kombinasiya ola bilər. Çünki suriyalı əsgərlərin Azərbaycanda döyüşməsinə nail olmaq Paşinyanın yuxarıda qeyd etdiyimiz planlarının reallaşdırılması üçün ən uyğun vasitələrdən biridir. Əgər belə deyilsə də, istər Suriyadan, istərsə də başqa xarici dövlətdən öz təşəbbüsləri ilə bizə yardım etmək üçün gələn əsgərlərə ehtiyacımız yoxdur. Digər tərəfdən, düşmənin şantaj və kompromat planından məlumatlı olan Azərbaycan dövlətinin onları qəbul etməyəcəyi əvvəldən gün kimi aydındır.

– İranın, Sizin qeyd etdiyiniz terrorçular barədə məlumatlarından əlavə, gündəlikdə həm də bu günə qədər ərazilərindən Ermənistana silah-sursat göndərməsi məlumatları gündəmdədir. Bu xəbərlərə münasibətiniz?

– Biz – DAK İdarə Heyətinin üzvləri bu məsələyə münasibətimizi onlayn formatında müzakirə etmişik, yəqin ki, bu gün yekun qərarımızı açıqlayacağıq. İranın Azərbaycandakı səfiri bu məlumatların yalan olduğu, iki ölkə arasında dostluq-qardaşlıq münasibətlərinə xələl gətirmək üçün uydurulduğunu bildirib. Bu faktlar mövcuddursa da, onların cənab səfir və ya İranın digər rəsmiləri tərəfindən təsdiq ediləcəyini gözləmək sadəlövhlük yox, axmaqlıq olardı. Zənnimcə, bu məsələnin aydınlaşdırılmasını və həll edilməsini orada yaşayan soydaşlarımızın öhdəsinə buraxmaq lazımdır. İranın Ermənistanla sərhəd zolağı, səhv etmirəmsə, 30-35 km-dir. Əl-ələ tutub sərhədi müşahidə altında saxlamaq üçün 35-40 min nəfər bəs edər. Bizim isə oradakı soydaş-qardaşlarımızın sayı isə eyni rəqəmin milyonla ifadəsi qədərdir. Qoy, özləri həll etsinlər!

Xatırlayırsınızsa, kecən müsahibələrdə İranda yaşayan azərbaycan türklərinin döyüşmək üçün Azərbaycan dövlətindən icazə istəməsinə mənim münasibətimi soruşmuşdunuz, onda da mən demişdim ki, bu həmrəylikləri üçün sağ olsunlar, lakin buna ehtiyac yoxdur. Onlar oradakı problemlərimizin həlli ilə məşğul olsunlar. Yenə də eyni fikirdəyəm. O ki qaldı İranın rəsmi hakimiyyətinə, əgər onlar sözdə dedikləri kimi, həqiqətən, bizimlə dost və qardaşdırlarsa, bunu əməli işlə sübut etsinlər – Zəngilanla Ordubad arasındakı zolaq boyu 9-10 kvadrat kilometrlik bir ərazini özlərinin seçiminə görə digər rayonlarımızdakı sərhəd rayonu ilə mübadilə etsinlər. Bu onlara gələcəkdə Azərbaycanla birlikdə enerji ehtiyatlarını ən qısa yolla Türkiyə üzərindən Avropaya çıxarmaq üçün alternativ loqistik dəhliz yaratmaq imkanı verir. Buyursunlar…!

Mənbə: strateq.az