"Dövlətimiz hər zaman əsgərlərimizin, şəhid ailələrimizin yanındadır"

"Dövlətimiz hər zaman əsgərlərimizin, şəhid ailələrimizin yanındadır"

Dünən Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyev və birinci xanım Mehriban Əliyeva Ermənistanın sentyabrın 27-dən başlayan hərbi təxribatı zamanı yaralanan və Müdafiə Nazirliyinin Mərkəzi Hərbi Klinik Hospitalında müalicə olunan hərbçilərlə görüşüb.

Görüşlə bağlı təəssüratlarını Versus.az-la bölüşən Müasir Müsavat Partiyasının sədr müavini Könül İsmayılova ilk öncə şəhidlərimizə Allahdan rəhmət, yaralılara şəfa dilədi.

Bu günlərdə MMP-nin Nərimanov rayon təşkilat sədrinin də övladının şəhid olduğunu vurğulayan Könül xanım deyir ki, bütün şəhid ailələrinin yanındayıq və hər bir şəhid ailəsinin dərdi ümimi dərdimizdir:

“Cənab Prezident İlham Əliyev Birinci vitse-prezident Mehriban xanım Əliyeva ilə birlikdə Müdafiə Nazirliyinin Mərkəzi Hərbi Klinik Hospitalında müalicə olunan hərbçilərlə görüşdü. Bu görüşdə Mehriban xanımın göz yaşları axıtdığını hiss etməmək mümkün deyildi. Bu onu göstərir ki, ölkənin birinci xanımı əsgərlərimizə həssaslıqla yanaşır. Həqiqətən də yaralanan əsgərin yarası hər bir azərbaycanlının yarasıdır. Ölkə başçısı və birinci xanım əmindilər ki, Vətən uğrunda gedən döyüşlərdə müxtəlif xəsarətlər alan əsgərlərə həkimlər yaxşı baxacaq, əllərindən gələni edəcək və gənclərimiz öz əsgər yoldaşlarının yanına qayıdıb, mübarizələrini davam etdirəcəklər”.

 

K.İsmayılova bildirdi ki, dövlətinin qayğısını görən əsgərlər bilirlər ki, tək deyillər və arxada qoyduqları ailələri də daim diqqətdə olacaq:

 

“Biz torpaqlarımızı əsgərlərimizə, ordumuza etibar etmişik, onlar da ailələrini dövlətə etibar edib gedirlər. Bu o deməkdir ki, oğullarımız şəhidliyi gözə alıb sevə-sevə bu yolu gedirlər. Məqsəd birdir – 30 ildir erməni vandallarının işğalında olan əzəli torpaqlarımızı əks-hücumlarla geri qaytarmaq. Bu günün əsgəri sabahın şəhididir. Bunu ordumuzda sıravisindən tutmuş rütbəlisinə kimi hərkəs dərk edir. Ta ki Vətən sağ olsun”.

 

MMP sədr müavini qeyd edib ki, bəzi ölkələrdən fərqli olaraq Azərbaycan dövləti şəhid ailələrinə xüsusi diqqət göstərir:

 

“Prezidentimiz də şəhid ailələri ilə bağlı çıxışlarında həmişə bildirir ki, Qarabağ müharibəsində həlak olmuş qəhrəman övladlarımızın ailələri tam miqyasda evlərlə, mənzillərlə təmin olunacaqdır. Dövlətimiz sözdə deyil, əməldə də göstərir ki, hər zaman öz əsgərinin, şəhidinin ailəsinin yanındadır və həmişə də yanında olacaq”.

 

Könül xanım onu da qeyd etdi ki, işğalçılıq siyasəti yürüdən Ermənistanın əsgərləri də işğalçı əsgərdir və xislətləri bütün dünya insanına bəllidir:

 

“Bizim əsgərlərimiz isə xilaskar əsgərlərdir. Bizim əsgərlər heç bir ölkənin torpaqlarına göz dikmir. Bizim əsgərlər öz torpaqlarının uğrunda əks hücumlara başlayıb. Çox keçməz ki, ordumuz torpaqlarımızı işğaldan azad edib, Azərbaycan bayrağını o yerlərdə dalğalandıracaq. Yaşasın Azərbaycan, yaşasın dövlətimiz, var olsun müzəffər ordumuz”

Mənbə: demokrat.az