Yoluxma sayımız niyə artır?

Yoluxma sayımız niyə artır?

Ekspertlər son zamanlar əhalinin böyük əksəriyyətinin gigiyena qaydalarına əməl etməməsinə işarə edirlər 96, 107, 117, 200, 233 və 530... Gözəgörünməz düşmən addım-addım bizi təqib etməyə, evimizə girməyə davam edir. Hazırda ölkə olaraq, iki cəbhədə mübarizə aparırıq. Yumşalmalara qədər yoluxma sayı azalsa da, son 4 gündə artımı müşahidə edirik. Proqnozlaşdırıldığı kimi, koronovirusun ikinci dalğası artıq qapıdadır... 19 oktyabrdan 2 noyabradək sərt karantin rejiminə geri qayıdırıq.
Hazırda görünən odur ki, Avropa ölkələrində olduğu kimi, biz də yenidən sərt mübarizəyə atılırıq. Bu dəfə virusu tanıyır və qorunma yollarını da bilirik. Bəs ikinci dalğada virus xarakterini dəyişə bilərmi? Əlamətlərində hansısa dəyişiklik varmı?
"Baş gicəllənmə koronavirus əlaməti ola bilər”
Epidemiya dünyanı təsir altına almağa davam edir. Ən çox görülən simptomlar hərarət, quru öskürək, yorğunluq və bəzən də bu halların heç birinin olmamasıdır. Lakin bu simptomlara baş gicəllənmə də əlavə olunur. Qulaq, burun, boğaz, baş cərrahiyə uzmanı Arif Şanlı deyir ki, əgər simptomların heç biri olmasa belə, baş gicəllənməsi varsa, bu, koronavirus əlaməti ola bilər: "Çin, Avropa və Amerikadakı son araşdırmalarda fərqli şikayətlərlə gələn xəstələr var. Bu vəziyyət xüsusilə vurğulanmalıdır. Bunlardan ən əsası başgicəllənməsidir. Qulaq həm də tarazlıq orqanıdır və şiddətli başgicəllənmə, qulaq patologiyası olan xəstələrdə ürək bulanması və qusma ola bilər. Koronavirus xəstəsi yalnız temperatur, burun axıntısı və ya öskürək olmadan başgicəllənmə ilə müraciət edə bilər. Bunu diqqətdən kənar saxlamaq olmaz”.
Koronavirus xəstələrinin tez-tez lor şöbəsinə də müraciət etdiklərini qeyd edən Prof. Dr. Şanlının sözlərinə görə, ümumiyyətlə, bu simptomlar qızdırma, öskürək və nəfəs darlığı kimi görülür: "Koronavirus qripi, soyuğa səbəb olan viruslarla eyni simptomlara malikdir. Bu xəstələr hər soyuqlayan xəstə kimi bizə burun tutulması, asqırma və burun axıntısı ilə müraciət edə bilərlər. Koronavirus qana, beyin toxumasına daxil olur. Eyni zamanda sinir toxumasını sevən virusdur. Birbaşa sinirə yayıla bilər. Qoxu və dad pozğunluğu, sinir sisteminə təsir göstərməsi qoxu mərkəzi yolu ilə beynə keçməsi ilə əlaqədardır. Eynilə qulaqdakı sinir hüceyrələrinə təsir edərək, balans saxlamaq qabiliyyətinin pozulmasına səbəb olur”.
Həkim deyir ki, Çin və İspaniyada yoluxanlarda artıq bu simptomlar mövcuddur: "Virus qandan bədənə keçir və sinir hüceyrələrini əhatə edir. Çində 78 yaşındakı bir xəstə xəstəxanaya birbaşa başgicəllənmə ilə müraciət edib. Müayinə nəticəsində ürək bulanması, qusma, balanssızlıq və eşitmə problemləri müşahidə edilib. Bu xəstənin koronavirus testi pozitiv çıxıb. Qızdırma və ya baş ağrısı kimi digər simptomları olmayıb. İspaniyada da 20 yaşında bir gənc xəstədə şiddətli başgicəllənmə, qulaqlarda dolğunluq hissi və eşitmə itkisi meydana gəlib. Qrip xəstələrində başgicəllənmə ilə qəfil eşitmə itkisi də görürük. Bu, həm də koronavirusa aiddir. Bunu bir mesaj olaraq xalqımıza çatdırmaq faydalıdır. Pandemiya dövründə başgicəllənmə baş verərsə, bunun COVİD-19 ilə əlaqəli ola biləcəyini unutmamaq lazımdır”.
Vaksinlə bağlı vəziyyət nə yerdədir?
TƏBİB-in şöbə müdiri Yaqut Qarayevadeyib ki, Azərbaycan COVİD-19 vaksini ilə bağlı prosesləri yaxından izləyir: "İndidən hansı vaksinin uğurlu olacağını demək, yaxud nə zaman hazır olacağını bildirmək mümkün deyil. Ölkə olaraq bütün proseslərin iştirakçısıyıq, hansı vaksin təsdiqlənərsə, əmin olun ki, onu ölkəmizə gətirəcəyik. Rusiyada hazırlanan vaksinlə bağlı beynəlxalq mütəxəssislərin rəyi hazırlanır. Təsdiqlənərsə, Azərbaycan da bununla bağlı düşünə bilər”.
"Yalnız bu yolla yoluxma sayını azalda bilərik”
Səhiyyə Nazirliyinin baş infeksionisti Təyyar Eyvazov deyir ki, son zamanlar əhalinin böyük əksəriyyəti gigiyena qaydalarına əməl etmir. Buna səbəb insanların təhlükənin ciddiliyini ikinci plana atmalarıdır: "Bu gün koronavirusa yoluxma sayında kifayət qədər artımın olmasının səbəbləri insanların qapalı məkanlarda toplaşmaları, sosial məsafəni qorumamaları və qoyulan qaydalara ciddi əməl etməmələridir. Ölkədəki vəziyyətlə əlaqədar olaraq epidemioloji situasiya diqqətlə izlənir. Əgər yoluxmaların sayında kəskin artım tendensiyası davam edərsə, Operativ Qərargah tərəfindən daha ciddi qabaqlayıcı tədbirlər görüləcək”.
T.Eyvazov bildirib ki, karantin rejiminin sərtləşdirilməni istəmiriksə, qoyulan sadə gigiyenik qaydalara əməl etməliyik. Yalnız bu yolla yoluxma sayını azalda bilərik. Bununla da ciddi tədbirlərə ehtiyac qalmaz.
Pandemiya nə vaxt bitəcək?
"COVID-19 pandemiyası ən yaxşı halda 2022-ci ildə başa çatacaq”. Bu fikri "Microsoft" korporasiyasının banisi Bill Qeyts "Fox News" telekanalına müsahibəsində səsləndirib. Bill Qeytsə ABŞ-da və dünyada sanitar-epidemiologiya vəziyyətin bütövlükdə nə vaxt normallaşa biləcəyi barədə sual verilib: "Bizim ümid etdiyimiz kimi, 2021-ci ilin əvvəlində peyvəndlərin tətbiqi təsdiq edilsə, onda ABŞ-da vəziyyət növbəti normal məcraya qayıtmağa başlayacaq və əlbəttə, əgər başqa ölkələrə kömək etsək, fəaliyyətimiz gələn ilin sonunda normaya düşəcək. Epidemiya ən yaxşı halda ehtimal ki, 2022-ci ildə başa çatacaq. Allaha şükür ki, peyvəndi inkişaf etdirmə texnologiyaları artıq mövcuddur, maliyyə işi alındı və şirkətlər ən yaxşı mütəxəssislərini təmin etdilər. Bu səbəbdən nikbinəm ki, bütün bunlar əbədi qalmayacaq”.
Tibbi maskalardan istifadə, əl yumaq, gigiyena qaydalarına əməl edib, sosial məsafəni gözləsək, bu cəbhədə də gözəgörünməz virusu məğlub edə bilərik. Ən əsası həkimlərin də işi yüngül olar, payız, qış aylarında respirator virus infeksiyalarının yayılmasının qarşısı alınar. Həkimlər də güclərini, enerjilərini cəbhədə yaralanan qəhrəmanlarımıza sərf edər.
Aygün ƏZİZ
 

Mənbə: kaspi.az