Ombudsman erməni hərbi əsirlərə baş çəkdi — FOTO

2020-ci il 27 sentyabr tarixindən başlayaraq Ermənistan silahlı qüvvələri Azərbaycan Respublikasının mülki əhalisinin sıx məskunlaşdığı yaşayış məntəqələrini, sosial, mədəni və strateji əhəmiyyətli obyektləri ağır artilleriya qurğularından və xüsusi raket sistemlərindən istifadə etməklə intensiv şəkildə atəşə tutmaqda davam edir.

Bu barədə Demokrat.az-a Ombudsman Aparatından məlumat verilib.

Bildirilib ki, nəticədə dinc əhali, o cümlədən, qadın və uşaqlar qətlə yetirilib, yaralanıb, çoxsaylı evlərə və mülki obyektlərə ciddi ziyan dəyib.

Yeni ərazi iddiaları və hərbi əməliyyatların coğrafiyasını genişləndirmək məqsədilə Azərbaycan ərazisinə hücuma keçən Ermənistan silahlı qüvvələrinin hərbi qulluqçularından əsir düşənlər var.

Azərbaycan Respublikasının İnsan Hüquqları üzrə Müvəkkili (Ombudsman) Səbinə Əliyeva Milli Preventiv Mexanizmin funksiyalarının icrası çərçivəsində hərbi əsirlərlə rəftar və onların saxlanma şəraiti ilə bağlı başçəkmə keçirib.

BMT-nin İşgəncə və digər qəddar, qeyri-insani və ya ləyaqəti alçaldan rəftar və ya cəza əleyhinə Konvensiyasının Fakültativ Protokolu və Azərbaycan Respublikasının İnsan Hüquqları üzrə Müvəkkili (Ombudsman) haqqında Konstitusiya Qanununun tələbləri əsasında təşkil olunmuş başçəkmədə məqsəd hərbi əsirlərin saxlanma şəraiti, onlarla rəftar məsələləri, beləliklə də hüquqlarının təmin olunması vəziyyətinin beynəlxalq humanitar hüquq normaları, xüsusilə də Hərbi əsirlərlə rəftara dair Cenevrə Konvensiyasının müddəaları əsasında araşdırılmasından ibarət olub.

Başçəkmə zamanı hərbi əsirlər Ombudsman tərəfindən fərdi qaydada qəbul olunub, onlara hüquqları və müraciət mexanizmləri ilə bağlı öz dillərində qanunvericilik aktları təqdim edilməklə hüquqları izah olunub.

Ailələri ilə telefon danışıqlarının təmin edildiyini bildirən hərbi əsirlər göstərilən rəftardan və saxlanma şəraitindən, tibbi xidmətdən, qidalanmadan razılıq etməklə yanaşı, əvvəlcədən belə humanist münasibəti gözləmədiklərini bildiriblər.

Başçəkmə zamanı döyüşdə yaralanmış hərbi əsirlər Mili Preventiv Qrupun həkim üzvünün iştirakı ilə müayinə olunub. Hər hansı bir fərq qoyulmadan hərbi əsirlərə münasibətdə lazımi tibbi-psixoloji xidmətin təmin olunduğu, beynəlxalq humanitar hüquq normalarına, xüsusilə də Cenevrə Konvensiyalarının müddəalarına tam riayət edildiyi müşahidə olunub.

Təəssüflər olsun ki, Ermənistan Respublikası kombatant olmayanları, yəni mülki şəxsləri və sıradan çıxmış hərbi qulluqçuları müdafiə etmək və onlarla humanist rəftarın təmin edilməsi ilə bağlı Cenevrə Konvensiyalarının tələblərini ciddi şəkildə pozur.

Demokrat.az

ƏVVƏLKİ XƏBƏR

“Qarabağ”ın qara bəxti...

SONRAKI XƏBƏR

Lükk Koffi Azərbaycanın hərbi taktikasından yazdı