Rusiyalı milyarder Lavrovun ikiüzlü siyasətini İFŞA ETDİ

Sfera.az sabiq senator, iş adamı, xeyriyyəçi Fərhad Əhmədovun yazısını təqdim edir.

Dağlıq Qarabağın Azərbaycan olması barədə sadə həqiqət bu günlərdə özünüdaha aydın büruzə verir. Bölgə Azərbaycanın nəzarəti altına qayıdır. Tərifli erməni müdafiəsi gözümüz önündə dağılır, düşmən hərbi texnikasını, silah-sürsatını atıb geri çəkilir. Dağlıq Qarabağ ətrafında olan ərazilərin əhəmiyyətli hissəsi Azərbaycanın nəzarətinə qaytarılıb. Azərbaycan qoşunları artıq qədim Xudafərin körpüsü üzərində bayrağımızı dalğalandıraraq, Şuşa və Xankəndi istiqamətində irəliləyir.

Azərbaycan Müdafiə Nazirliyi tərəfindən yayımlanan videoçarxlar, düşmənin canlı qüvvəsinin və texnikasının PUA-ların dəqiq zərbələri ilə məhv edildiyini nümayiş etdirir. İrəvanın yüksək texnoloji hərbi vasitələrə müqavimət göstərəcək gücü olmadığından, döyüş bölgəsindən onlarla kilometr məsafədə yerləşən dinc yaşayış məntəqələrinə ayrı-seçkiliksiz gecə zərbələri endirir. Gəncəyə raket zərbələrinin endirilməsibeynəlxalq humanitar hüququn kobud şəkildəpozulması və ya rəsmi dildən tərcümədə müharibə cinayətidir. Paşinyanın Azərbaycan ordusunun uğurlu hücumuna cavab olaraq törətdiyi vəhşiliklər bütün dünya tərəfindən boşuna qınanmır.

Dağlıq Qarabağ ərazilərinin Azərbaycana qaytarılmasının sürətlə davam etdiyi bu günlərdə durmadan dəyişən hərbi-siyasi vəziyyətin çoxsaylı nəticələri olacağını nəzərə alaraq, Rusiyanın Cənubi Qafqaz bölgəsindəki rolu barədə düşünməyə dəyər.

Ənənəvi olaraq Moskva postsovet məkanında lider rolunda çıxış edir. Buna baxmayaraq, Qarabağ münaqişəsində onun siyasəti çoxdan lazımi dinamikasını, enerjisini və hadisələri qabaqlamaq bacarığını itirib.

"Qarabağ qovluğu” öz axarına buraxılıb, xarici vasitəçilərə və daxili diasporlara həvalə edilib. Nəticədə, bu gün Türkiyənin Rusiyanı Cənubi Qafqazdan "sıxışdırması" ilə bağlı, Ankaranın Dağlıq Qarabağ münaqişəsində və bütövlükdə bölgədə aparıcı rol oynamağa çalışdığı barədə həyəcanlı bəyanatlar eşidirik. Bu tendensiya Rusiyanın xarici siyasət isteblişmentindəki məsul şəxslərin biganəliyinin və münaqişənin əbədi dondurulacağına ümid edən ekspertlər cəmiyyətinin on illərdir, nizamlanma prosesində fəallıq göstərməkdən çəkinənlərinin nəticəsidir.

Dağlıq Qarabağda atəşkəs müqaviləsinin imzalanmasından iyirmi altı il ötür. Dörddə bir əsrdir, ATƏT-in Minsk Qrupu münaqişənin sülh yolu ilə həllinə çalışır, amma bu istiqamətdə bir millimetr də irəliləməyib. Bütün bu müddət ərzində Azərbaycan torpaqlarının işğalı davam etdi - həm Dağlıq Qarabağda, həm də yeddi ətraf rayonda. Azərbaycandan 12 min kvadrat kilometrlik ən yaxşı torpaqlarını qoparmağa çalışdılar. Otuz ilə yaxındır ki, işğalda olan torpaqlarımızdan qızıl, mis və digər strateji minerallar çıxarılır. Bəzi hesablamalara görə, hər il işğal olunmuş ərazilərin talan edilməsindən separatçı "DQR" liderlərinin cibinə orta hesabla 283 milyon dollar gəlirdi.

Heç bir lider belə bir vəziyyətə sonsuza qədər dözə bilməzdi. İlham Əliyevin, ondan əvvəl isə atasının münaqişənin qansız yolla həllinə nə qədər çalışdığını çox az adam bilir. Qeyd etmək lazımdır ki, hərtərəfli biliyə malik, Moskva Dövlət Beynəlxalq Münasibətlər İnstitutunun məzunu olan İlham Əliyev çox təmkinli və ehtiyatlı siyasətçidir. Belə çətin bir tarixi dövrdə ölkəyə onu 90-cı illərin əvvəllərindəki vəziyyətə qaytaracaq savadsız populistin deyil, belə bir liderin rəhbərlik etməsi Azərbaycan üçün böyük xoşbəxtlikdir.

Azərbaycan hərbi əməliyyatları başlatmaqda günahlandırılır. Halbuki, 1988-ci ildə başlayan hərbi əməliyyatlar bu günədək davam edir. Fərq yalnız ondadır ki, bu mərhələdə xalqımız həm torpaqlarımızı azad etmək, həm də gələcəkdə hər hansı erməni təxribatına yol verməmək uğrunda mübarizə aparır. Hazırkı gərginliyə təkan verən də məhz erməni təxribatları oldu. N.Paşinyan qəbuledilməz hərəkətləri və açıqlamaları ilə iki ölkə arasındaklı qarşıdurmanı pik həddə çatdırdı və konstruktiv danışıqlara bəslənən son ümidləri də puça çıxardı.

Təxribat arsenalının nə qədər zəngin olduğunu göstərən bir neçə nümunə.

"Tarixi faktlar”a istinad edərək, intellektuallar qarşısında "DQR”-nın müstəqilliyini əsaslandırmağa çalışan Paşinyanın "məntiq”inə görə, Çin və Rusiya Monqolustanın, Avropa Şurası isə Reoma şəhərinin tərkibinə daxil olmalıdır. Daha geniş kütləyə isə Paşinyanın əlində tutduğu Rusiya istehsalı olan tüfəngi Azərbaycan tərəfə tuşlayaraq televiziya kameraları qarşısına çıxan xanımının görüntüləri təqdim olunur.

Belə bir təəssürat yaranır ki, Ermənistan rəhbərliyi bilərəkdən Azərbaycan tərəfinin köhnə yaralarına duz səpməyə, Azərbaycan xalqını təhqir edib alçaltmağa, can evindən vurmağaçalışırdı. Son ana qədər problemin dinc yolla həll edilməsi üçün səylərini əsirgəməyən İlham Əliyevin qarşısına qoyulan 7 bəndlik ultimatum isə son damla oldu. Azərbaycan xalqının səbri sona çatdı. Düşmən təxribatı nəticəsində başlayan hərbi əməliyyatlar 10 milyon vətəndaş üçün əsl Vətən müharibəsinə çevrildi. Belə bir müharibədə isə istənilən dəstək vacibdir. Buna görə də, Türkiyə (yeri gəlmişkən, ATƏT-in Minsk qrupunun üzvü) kömək əlini uzadanda - Bakı niyə bundan imtina etməlidir?

Azərbaycan cəbhədəki uğurlara öz gücü hesabına nail olur. Ərəb muzdluları və türk təlimçiləri ilə bağlı şaiyələr Azərbaycanın uğurlarına kölgə salmaq cəhdidir. Sadəcə zaman dəyişib. 1992-1994-cü illərdə Azərbaycan daxili ziddiyyətlər ucbatından çətin vəziyyətdə idi. Bu gün isə ölkəmiz 21-ci əsrin tələblərinə cavab verən yüksək texnoloji orduya sahibdir. Həmin ordunun əsgər və zabitləri xalqın hərtərəfli dəstəyinə və etibarına güvənir. Azərbaycanı bölgədəki bütün qonşular dəstəkləyir: Türkiyə, İran, Gürcüstan. İstənilən tərəfdaşı ilə intriqa yaratmaq kimi patoloji meyli olan Ermənistandan fərqli olaraq, Azərbaycanın xarici ölkələrlə, məsələn, İsraillə möhkəm əlaqələri var.

Rusiyaya gəlincə, o təcili olaraq bölgədəki həlledici rolunu bərpa etməlidir. Bunun üçün isə bəyanatlar vermək deyil, əməli iş görmək lazımdır. Rusiyanın vasitəçiliyi ilə oktyabrın 9-dan 10-a keçən gecə Moskvada imzalanan humanitar atəşkəs razılaşması Ermənistan tərəfdən pozuldu və nəticədə Azərbaycanın mülki hədəflərinin atəşə tutulması intensivləşdi. Oktyabrın 17-i imzalanan yeni atəşkəs razılaşması da işə yaramır.

Demək, münaqişənin həll olunmasına, Rusiyanın Zaqafqaziyadakı əvvəlki nüfuzunun bərpa edilməsinə imkan verəcək yeni, sistemli addımlar atılmalıdır. Unutmaq olmaz ki, Rusiya Federasiyasında 5-6 milyon azərbaycanlı və erməni yaşayır və böyük ehtimalla müharibə uzanarsa, ölkə daxilində iki diaspor arasındakı qarşıdurma daha da gərginləşəcək.

2009-2011-ci illərdə Rusiyanın təşəbbüsü ilə demək olar ki, əməli nəticə əldə edildi. O zaman o vaxtkı Rusiya Prezidenti Medvedyevin sədrliyi ilə Azərbaycan və Ermənistan liderləri maksimal qarşılıqlı güzəştlərə əsaslanan konsensus barədə razılığa gəldilər. Təəssüf ki, müqavilənin imzalanması pozuldu. Sonradan məlum olduğu kimi, buna səbəb, erməni tərəfinin istəyi ilə xəbərdarlıq edilmədən son mətnə Azərbaycan üçün qəbuledilməz müddəaların əlavə edilməsi oldu.

Bu məsələ də "DQR”-ə açıq-aydın havadarlıq edən, qondarma respublikanı danışıqlar masasına oturtmağa çalışan Rusiyanın Xarici İşlər Naziri Sergey Lavrovun müdaxiləsi olmadan keçmədi. Lavrovun Qarabağ nizamlanmasındakı rolu ümumiyyətlə mənfi və qərəzli olub, mən bunu vəzifədən sui-istifadə kimi qiymətləndirərdim. 2005-ci ildə İrəvanda erməni tələbələrlə görüşü zamanı özü etiraf etmişdi ki, "Mənim damarlarımda yalnız erməni qanı axır və bu qan mənə heç bir maneə törətmir".

İcazə verin, son tezisə şübhəylə yanaşım. Lavrovun erməni jurnalistləri öz yanına dəvət edərək, onlarla içki məclisində söhbət etmək meyli hamıya məlumdur. Buna görə də onun sözlərinə, hərəkətlərinə etibarla yanaşılmadığı təəccüb doğurmur. Son atəşkəs razılaşmalarının hər ikisi pozuldu və Rusiyanın Müdafiə Naziri Sergey Şoyqu danışıqlara cəlb edildi. Rəhbəri etnik cəhətdən tərəfsiz olmayan qurumun mürəkkəb münaqişədəki fəaliyyəti obyektiv sayıla bilməz.

2011-ci ildə Kazandakı razılaşmanın pozulması Azərbaycan və Ermənistana 10 illərin itkisini yaşatdı. Halbuki, bu illər iki dövlət arasında normal qonşuluq münasibətlərinin nizamlanmasına sərf edilə bilərdi. Məsələyə iqtisadi baxımdan yanaşsaq, qeyd etməliyik ki, itirilmiş gəlir milyardlarla dollar təşkil edib. Silah-sursat alışına isə daha çox pul xərclənib. Üstəlik, Ermənistanın müdafiə xərclərinin bir hissəsi ənənəvi olaraq rusiyalı vergi ödəyicilərinin çiyinlərinə yük oldu. Amma o zaman münaqişənin sülh yolu ilə nizamlanmasına dair hərtərəflirazılıq əldə olunsa idi, Ermənistan onun üçün həyati əhəmiyyət kəsb edən enerji sektoru da daxil olmaqla, regional infrastruktur layihələrinin iştirakçısı ola bilərdi.

Amma İrəvan mehriban qonşuluq münasibətləri qurmaq əvəzinə, müharibə və ilhaq yolunu seçdi. 90-cı illərin əvvəllərində uğur qazanan ermənilər bunun əbədi olduğunu düşünərək qayğısız günlər yaşayırdılar və özlərinin yaratdığı "Böyük Ermənistan” mifinə inanırdılar. Amma heç bir cinayət cəzasız qalmır. Təəssüf ki, hər iki tərəf bunun bədəlini əsgərlərin və dinc əhalinin həyatı hesabına ödəyir. Bu həm də Rusiya XİN-nin yanlışlarının və biganəliyinin nəticəsidir.

Bu gün Paşinyan vasitəçilər tərəfindən təklif olunan "5 + 2 Madrid formulu”nu inadla rədd etməyə davam edir. Onun cəbhədəki uğursuzluqdan nə vaxt dərs alacağı hələlik məlum deyil. Hakimiyyəti əldən verməməyə çalışan Paşinyan, özü ilə birgə ölkəsini də uçuruma sürükləyir. Amma Ermənistan lideri Rusiyanın aydın və qəti şəkildə ifadə edilmiş mövqeyini qulaq ardına vura bilməz. Çünki bunu etiraf etmək istəməsə də, tamamilə Rusiyadan asılı vəziyyətdədir. Yalnız Moskva hər iki ölkə başçısını bir araya gətirib, hər iki tərəfin anlayıb qəbul edə biləcəyi arqumentləri tapa, mövcud şəraitdə, qüvvələr arasında tarazlığın və status-kvonun dəyişdiyi hazırkı dönəmdə sülh sazişinin yeni variantını, eləcə də sözügedən sülh sazişinin icra mexanizmini işləyib hazırlaya bilər. Şübhəsiz ki, sülh sazişinin əsasında Azərbaycanın ərazi bütövlüyünün tanınması duracaq.

Bu baxımdan bir məqam xüsusilə vacibdir. Rusiya Federasiyası Təhlükəsizlik Şurası sədrinin müavini Dmitri Anatolyeviç Medvedyev, Rusiya Prezidentinin yüksək etimadını qazanan bir şəxsdir. Qarabağ nizamlanması sahəsində də daxil olmaqla, geniş xarici siyasət təcrübəsinə malikdir. Düşünürəm ki, Bakı ilə İrəvan arasındakı vasitəçilik missiyasını ona etibar etmək olar. Təcrübəli diplomat və peşəkar hüquqşünas olan Medvedyevin tərəflərin heç birinə qarşı qərəzli münasibəti olmadığından, hər iki tərəf ona etibar edə bilər.

Xatırlatdığım münaqişələrdə ABŞ Moskvanı arxa plana keçirib. Cənubi Qafqazda buna imkan vermək olmaz. Əgər Rusiya indi qəti bir söz deməsə, nüfuzuna ciddi ziyan dəyəcək.

Əminəm ki, Azərbaycan itirilmiş ərazilərini geri qaytardıqdan sonra Qarabağda dinc quruculuq işləri aparılacaq. Şəxsən mən bu əzabkeş torpağa kömək etmək üçün əlimdən gələni etməyə hazıram. O cümlədən, təsadüfi raket zərbəsi nəticəsində Şuşada dağıdılan kilsənin bərpası üçün maliyyə ayırmaq fikrim də var. Bundan əlavə, dünyanın musiqi beşiyi olan Şuşada mütləq musiqi məktəbi inşa etdirəcəyəm. İnanıram ki, həmin məktəbdə həm azərbaycanlı, həm erməni, həm də digər xalqların nümayəndəsi olan uşaqlar birgə təhsil alacaqlar.

 

Yenilik.az

ƏVVƏLKİ XƏBƏR

QMİ sədri Türkiyədə mətbuat konfransı keçirib

SONRAKI XƏBƏR

İlqar Vəlizadə Qarabağ müharibəsi sonrası Azərbaycanın İranla əlaqələrində mənfi tendensiya yaşanmayacağını söyləyib