Şahin Cəfərli: "Rusiya prosesi mümkün qədər öz nəzarətindən buraxmamağa çalışır"

Şahin Cəfərli: "Rusiya prosesi mümkün qədər öz nəzarətindən buraxmamağa çalışır"

Siyasi şərhçi Şahin Cəfərli hesab edir ki, Ermənistan və Azərbaycan Xarici İşlər nazirlərinin Moskvaya çağırılması ölkələrin birinci şəxslərinin görüşünə "hazırlıq xarakteri daşıyır", çünki Rusiya bu görüşdən "real nəticə" əldə etməyə çalışır.

"Eyni zamanda Rusiya nazirlərin Vaşinqton səfəri ərəfəsində böyük ehtimalla hər iki ölkə ilə müəyyən məsləhətləşmələr aparmaq ehtiyacı hiss edib ki, ABŞ-dakı görüşdə Rusiyanın iradəsindən və maraqlarından kənar hansısa razılaşma və yaxud bəyanat ehtimalı ortaya çıxmasın. Rusiya prosesi mümkün qədər öz nəzarətindən buraxmamağa çalışır".

Azərbaycan və Ermənistan Xarici İşlər nazirlərinin oktyabrın 23-də ABŞ Dövlət Katibi Mike Pompeo ilə görüşü gözlənir.Şahin Cəfərli XİN rəhbərlərinin planlaşdırılan Vaşinqton danışıqlarından "sensasiyalı hadisə” gözləmir, tərəflərin oktyabrın 10-da Moskvada əldə etdiyi sülh razılaşmasına bənzər, ümumi sözlərlə hansısa birgə bəyanatın qəbul oluna biləcəyini düşünür.Siyasi şərhçinin fikrincə, Azərbaycan artıq Ermənistan tərəfindən "real güzəşt və real addımlar gözləyir və hər hansı predmetsiz və perspektivsiz danışıqlarda iştirak etmək istəmir".

"Təbii ki, Ermənistan tərəfi bu mərhələdə ciddi güzəştlərə hazırdırsa, ən azı baza prinsiplərində qeyd olunduğu kimi ətraf rayonlardan - hansı ki, Azərbaycan son əməliyyatlarda o rayonlardan bəzilərini azad etdi - çıxmağa hazır olduğunu bildirəcəksə, Azərbaycan təbii ki, danışıqlarda iştirak edəcək və böyük ehtimalla cəbhədə atəşkəs olacaq. Əgər Ermənistan yenə prosesi uzatmağa çalışacaqsa, hansısa qeyri-müəyyən mövqe tutacaqsa, real və ciddi güzəştlərə hazır olmayacaqsa, düşünürəm ki, Azərbaycan bu danışıqlarda iştirak etməyəcək".

Cənab Cəfərli söyləyir ki, Dağlıq Qarabağın Azərbaycandan ayrılması ehtimalı, xüsusən Azərbaycanın xeyli əraziləri azad etməsindən və cəbhədəki vəziyyəti öz xeyrinə dəyişməsindən sonra "sıfırın altındadır.O deyir ki, Azərbaycan buna "heç vaxt" razılıq verməz."Ermənistan rəhbərliyi öz ənənəvi mövqeyini davam etdirmək məcburiyyətindədir. Hər halda, Paşinyan çıxıb erməni xalqına deyə bilməz ki, biz artıq əvvəlki mövqeyimizdən imtina edirik, artıq yeni reallıqlar formalaşıb. Ermənistan rəhbərliyi siyasi qüvvələri, cəmiyyəti bunu nəzərə almaq məcburiyyətindədir. Ona görə onların Dağlıq Qarabağın müstəqilliyində israr etməsinin artıq heç bir mənası qalmayıb. Onlar yalnız Dağlıq Qarabağa Azərbaycanın daxilində hansısa yüksək status verilməsi məsələsində yəqin ki, israr edəcəklər. Qapalı danışıqlarda da Ermənistan eyni mövqeyində [Dağlıq Qarabağın müstəqilliyində] israr edəcəksə, hər hansı razılaşma əldə etmək mümkün olmayacaq".

Şahin Cəfərli Rusiyanın tərəflər üzərində əvvəlki qədər ciddi təsir imkanlarının olmadığını, buna səbəbin isə Türkiyənin regionda iştirakının olduğunu söyləyir.O qeyd edir ki, 2016-cı ilin aprel döyüşlərindən sonra Moskvanın təşəbbüsü ilə tərəflər tez bir zamanda atəşkəs barədə razılığa gəlsələr də, bu dəfə nəticə fərqli olub.

"Bu dəfə Moskva ciddi təsir göstərsə də, iki dəfə atəşkəs razılaşmasının əldə olunduğu elan olunsa da, buna faktiki əməl olunmadı. Bu onu göstərir ki, Rusiyanın regionda nüfuzu və təsir imkanları əvvəlki dövrlə müqayisədə zəifləməkdədir. Bunun səbəblərindən biri Türkiyənin də yeni bir oyunçu olaraq bu bölgədə iştirakıdır. Türkiyənin bu bölgədə aktiv iştirakı və nüfuzunun genişlənməsi, öz növbəsində Rusiyanın nüfuzu və təsirinin zəifləməsi ilə müşayiət olunub".

Mənbə: criminal.az