"İman yalnız azad bir vətən üzərində yaşana bilər..."

"İman yalnız azad bir vətən üzərində  yaşana bilər..."

"Allah sizə ancaq sizinlə din yolunda vuruşan, sizi yurdunuzdan çıxardan və çıxartmağa kömək edən kimsələrlə dostluq etmənizi qadağan edər. Onlarla dostluq edənlər əsl zalimlərdir!"

Hər insan bir ana və atanın övladı olaraq dünyaya gəlir. Hər uşaq bir ailəyə mənsub olaraq doğulur. İnsanın ailəsinin də bağlı olduğu bir milləti, vətəndaşı olduqları bir vətənləri vardır.

Eyni dili danışan, eyni dinə inanan, ortaq tarix və mədəniyyətə sahib olan insan cəmiyyətlərinə millət adı verilir. İnsanlar bağlı olduqları ailə və milləti özləri seçməzlər. Allah insanı bir ailənin fərdi və bir millətin mənsubu olaraq yaradır.

Bu mövzu Qurani-Kərimdə belə dilə gətirilir: "Ey insanlar! Biz sizi bir kişi və bir qadından yaratdıq. Sonra bir-birinizi tanıyasınız deyə, sizi xalqlara və qəbilələrə ayırdıq. Allah yanında ən hörmətli olanınız Allahdan ən çox qorxanınızdır. Həqiqətən, Allah (hər şeyi) biləndir, (hər şeydən) xəbərdardır" (Hucurat, 13).

Ailənin möhkəmliyi ailə üzvləri arasındakı sevgi və hörmətə bağlıdır. Millətin birlik və bərabərliyi də, o milləti meydana gətirən insanlar arasındakı sevgi və hörmətlə mümkün olur. Qısaca, millətin birlik və diriliyinin təminatı millət sevgisidir.

 

Millət və vətən sevgisi

Millət və vətən sevgisi necə olmalıdır? Bir insanın millətini, vətənini sevməsi demək, onun dinini, dilini, əxlaqını və tarixini sevməsi deməkdir. Bir millətin dini, dili, əxlaq və tarixinin hamısına birdən o millətin mədəniyyəti adı verilir.

Millətin yaşadığı coğrafiyanın adı vətəndir. Bir millət üçün vətən, sadəcə üzərində yaşadığı düzənlik, dağ, meşə və axar sular demək deyildir. Mədəniyyətimizdə vətənin ayrı bir yeri və mənası vardır. Mədəniyyətimizdə vətən, namus, şərəf, heysiyyət və azadlığımızın bir başqa adıdır. Vətən itiriləndə, dini və əxlaqi bütün müqəddəs dəyərlərimiz də onunla birlikdə itir.

Vətənlərinə sahib çıxmağı bacarmamış millətlər, nə dinlərinə, nə də dillərinə sahib ola bilməmişlər. Dilimizdəki "Vətən sevgisi imandandır" sözü, bu baxımdan son dərəcə mənalıdır və sadəcə, bizim mədəniyyətimizə xas bir anlayışdır.

Həqiqətən də vətən sevgisi imandandır, çünki iman, ancaq azad bir vətən üzərində yaşana bilər. Vətən itirilərsə, din və imanın əldən getməsi qaçılmazdır. İnsanlar namus, şərəf və azadlıq kimi müqəddəs dəyərlərinə hər şeydən daha çox əhəmiyyət verirlər. Çünki insan ancaq bu dəyərlərlə insanlığını yaşama imkanı tapmaqdadır. Buna görə vətən, bu müqəddəs dəyərlərin yaşana biləcəyi coğrafi məkanın dilimizdəki adıdır.

Millətin birliyinin, vətənin sakitliyinin və qayda-qanunun düşmənlər tərəfindən pozulmaması üçün Uca Allah hər cür tədbirin əvvəlcədən alınmasını istəyir. Ayədə belə buyurulur: "Allahın düşmənini və öz düşməninizi, onlardan başqa sizin bilmədiyiniz, lakin Allahın bildiyi düşmənləri qorxutmaq üçün kafirlərə qarşı bacardığınız qədər qüvvə və döyüş atları tədarük edin. Allah yolunda nə xərcləsəniz, onun əvəzi artıqlaması ilə ödənilər və sizə heç bir haqsızlıq edilməz!" (Ənfal, 60). Ayədən də göründüyü kimi, dövlətin ordu saxlaması, bu ordunu hər cür döyüş vasitələrilə təchiz etməsi vacibdir.

Üzərində iman və əxlaq əsaslarının qorxusuz şəkildə yaşanan vətənin müdafiəsi uğrunda çəkilən keşiyin mənəvi dəyəri son dərəcə yüksəkdir. Peyğəmbərimiz bu barədə belə buyurmuşdur: "Allah üçün bir gün keşik çəkmək həm dünyadan, həm də orada (dünyada) olanlardan daha xeyirlidir" (Buxari). Başqa bir hədisdə isə belə buyurulur: "Səhər və ya axşam Allah yolunda vətən üçün edilən yürüş, dünyadan və dünyadakı şeylərin hamısından, şübhəsiz, daha xeyirlidir".

Vətənin sakitliyi və qayda-qanunun aliliyinin qorunması üçün vətəndaşlar öz vətənlərini sevməli və vətəninin düşmənlərilə əməkdaşlıq etməməlidir. Hər bir ölkənin qanunvericiliyində ən ağır cinayətlərdən hesab olunan vətənə xəyanəti Uca Allah da pisləyir: "Ey iman gətirənlər! Nə mənim düşmənimi, nə də özünüzün düşmənini dost tutun! Onlar sizə gələn haqqı inkar etdikləri halda, siz onlarla dostluq edirsiniz. Siz Rəbbiniz olan Allaha iman gətirdiyiniz üçün onlar Peyğəmbəri və sizi (Məkkədən) çıxardılar. Əgər siz Mənim yolumda və Mənim rizamı qazanmaq uğrunda cihada çıxmısınızsa (Mənim düşmənlərimi dost tutmayın). Siz onlarla gizlində dostluq edirsiniz. Mən sizin gizli saxladığınız və aşkar etdiyiniz hər şeyi bilirəm. Sizdən kim bunu etsə, o, şübhəsiz ki, haqq yoldan azmışdır!" (Mumtəhinə, 1).

Bir şeyə nəzərə almaq lazımdır ki, Allahın dostluq qurulmamasını istədiyi millətlər, müsəlmanlara sırf dini və əxlaqi dəyərləri üzündən düşmən kəsilənlərdir. Yəni burada İslam dinini qəbul etməyən millətlərin hamısıyla əlaqələrin kəsilməli olduğundan söhbət getmir. Din uğrunda savaşmayan və müsəlmanları vətənlərindən çıxarmağa çalışmayan millət və dövlətlərlə əlaqələr qurmaqda heç bir problem yoxdur. Bu anlayış Quranda belə ifadə edilir: "Allah din yolunda sizinlə vuruşmayan və sizi yurdunuzdan çıxartmayan kimsələrə yaxşılıq etməyi və onlarla ədalətlə rəftar etməyi sizə qadağan etməz. Allah ədalətli olanları sevər! Allah sizə ancaq sizinlə din yolunda vuruşan, sizi yurdunuzdan çıxardan və çıxartmağa kömək edən kimsələrlə dostluq etmənizi qadağan edər. Onlarla dostluq edənlər əsl zalimlərdir!" (Mumtəhinə, 8-9).

Yəqin ki, sonuncu ayə sizlərin də diqqətini çəkdi. Çünki bizlər də yurdlarımızdan çıxarılmış olduğumuzu nəzərə alaraq bir milyona yaxın insanımızı yurdlarından çıxaranlara qarşı düşmənçilik hisslərimizi qorumalı olduğumuzu unutmamalı və hər an öz tarixi düşmənlərimizlə döyüşə hazır olmalıyıq. Ayədə də çox açıq bir şəkildə müsəlmanlarla din üzündən savaşan və onları vətənlərindən çıxarmağa çalışan düşmənlərə qarşı qəti addımların atılması istənilir.

İslam.az

 

 

Mənbə: moderator.az