Səhiyyə Nazirliyi yaşı 65-i ötənlər arasında ayrı-seçkilik edir

Səhiyyə Nazirliyi yaşı 65-i ötənlər arasında ayrı-seçkilik edir

Böyük Vətən müharibəsi gedir. Hər gün rəşadətli ordumuzun işğaldan azad etdiyi yaşayış məntəqələrimizin müjdəsini eşidirik. Allah bu müqəddəs savaşda şəhid olan Vətən övladlarına rəhmət eləsin, yaralananlara şəfa versin, sağ qalıb döyüşənlərin canını qorusun.

Yaralılara göstərilən tibbi xidmətin səviyyəsindən indi danışmağın yeri deyil. Əgər əsir düşmüş yaralı erməni əsgəri razılıq edirsə, demək bizimkilərə qat-qat yüksək xidmət göstərilir. Hətta xidmətin səviyyəsi qənaətbəxş olmasa belə, vəziyyət başa düşüləndir – “səhra cərrahiyyəsi” də yetərli sayılır. O da bəllidir ki, eynən gözəgörünməz düşmən” olan koronavirusla mübarizədə qurban getdikləri kimi, görünən düşmənlə müharibədə də xeyli həkim həmkarım düşmən gülləsinə tuş gəlib. Behiştlik olsunlar!

Amma məni narahat edən başqa məsələdir: Görəsən, eynən pandemiyanın birinci dalğası dönəmində olduğu kimi, bizim vəzifəli şəxslər müharibə amilindəndəmi sui-istifadə edəcək, işğal bitəndən sonradamı hələ xeyli müddət bu faktordan vətəndaşlardan gizlənmək, insanları süründürmək, müraciət edənlərin, haqqını tələb edənlərin qarşısına “Rəhmətliyin oğlu (qızı), millət nə hayda, sən nə hayda? Qoy, görək, noolur!..” deyib bürokratik əngəllər qoymaq, xəstələri və hüquqları pozulan səhiyyə işçilərini “öz qılınclarının altından keçməyə” məcbur etmək üçün yararlanacaqlar?

“Amma bizim səhiyyə nazirimiz dirənib-durub…” sərlövhəli məqaləm 26 sentyabr 2020-ci il tarixdə “Dərkənar” qəzetinin internet əlavəsi olan “Derkenarqazet.com” saytında dərc olunandan sonra saytın şərh bölümündə bir internet istifadəçisi “Nizami” niki ilə şikayət xarakterli məlumat yerləşdirib.

Şərh müəllifi nazir Oqtay Şirəliyevin Nazirliyin tabeçiliyində olan müəssisələrdə korrupsiyaya, pandemiya dövründə işçilərin işdən çıxarılmasına rəvac verdiyini, özünün düz-əməlli iş başında olmadığını, Nazirlik aparatında müraciətlərə cavab verilmədiyini və başqa neqativ halları qeyd edir. Müəllif məhz özünün üzləşdiyi haqsızlıqdan da söz açır:

“02 və 10 iyul tarixlərində yazdığım şikayət məktublarıma indiyə kimi cavab almamışam. Haqqım tapdanıb, amma onun (oxu: Nazirin – red.) vecinə deyil ki, tabeçiliyində olan idarələrin rəhbərləri qocaman işçilərin başına nələr gətirir. Başı TƏBİB-lə intriqa aparmağa qarışıb. Karantin müfəttişliyində neqativ əməllərə görə məsuliyyətə cəlb olunmaq ərəfəsində olan birini – öz müavinini bada verməklə “sudan duru çıxmağa” müvəffəq olmuş… Sara İman qızı Həsənovanı tez-tələsik publik hüquqi şəxs olan Respublika GEM-inə (Gigiyena və Epidemiologiya Mərkəzinə – A.X.) baş direktor təyin edib. Bu mərkəz respublikanın bütün rayonlarını əhatə edir və korrupsiyanın. rüşvətin çiçəkləndiyi, çox böyük maliyyə dövriyyəsi olan bir sistemdir. Baş direktor təyin olunan kimi yaşı 65-ə çatanların müqaviləsinə xitam verməyə başladı. Lakin o gələnə qədər işləməkdə olan 66, 67, 68 yaşlıları isə tərpətməyib pensiya yaşı yenicə tamam olan və qanunvericiliyə uyğun olaraq müvəqqəti işləmək istəyən əmək qabiliyyətliləri işləməyə qoymadı. Mənimlə eyni vaxtda ərizə verib təkrar ikinci il qalmaq istəyənə müsbət cavab versə də, mənə isə cəmi bir il belə əlavə işləməyə razılıq vermədi. İş yoldaşımı ikinci il saxladı, mənə isə “sənə görə qanunu poza bilmərəm” cavabı verildi və müqaviləmə xitam verildi. Dedim: “Yaxşı, saxlamadın, xub! O zaman mənim Səbail rayon GEM-də pullu xidmət əsasında qazanıb idarənin hesabına köçürtdüyüm vəsaitdən (10520 manat) mənə verilməli olan (okladım ki, 9 əmsalına vurularaq hesablanmalı idi) vəsaitin (2490 AZN ən azından, əslində isə 2709 manat) ödənilməsini təmin etsin. Onu da etmədi, rayon GEM-nin direktoru ilə birləşib mənimsədilər. Nazir Oqtay Şirəliyevə elektron qaydada müraciətimə cavab verilmədi, haqqım tapdalandı. Telefon zənglərimə də cavab almadım. Elə bir sistem yaradıblar ki, ancaq musiqi dinləyirik (dəstəyin o başından – A.X.). İstədiyim nömrəyə ulaşa bilmirəm. Mətbuat xidmətinin saytda olan nömrəsinə isə tamam başqa adam cavab verir və “ora düşmədiyimi” bildirir…”

Gəlin ümid edək ki, səhiyyə naziri Oqtay Şirəliyev bu günlərdə qeyrətə gəlib ön cəbhəyə yaxın qospitallara baş çəkib yaralı əsgərlərimizi ziyarət edəcək.

Aida Xasıyeva

 

Mənbə: milletinsesi.info