Ölkə başçısına: "Vətən savaşında qalib gələcəyimizə bütün qəlbimizlə inanırıq"

Ölkə başçısına: "Vətən savaşında qalib gələcəyimizə bütün qəlbimizlə inanırıq"

Prezident, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyevə vətəndaşlarımızdan məktublar gəlməkdə davam edir.

"Sherg.az" məktublardan bir neçəsini təqdim edir.

Vüsal Nəbiyevdən, Bakı, Azərbaycan

Möhtərəm cənab Prezident.

İlk növbədə Sizi öz adımdan və ailə üzvlərimiz adından salamlayıram. Mən də bütün Azərbaycan vətəndaşları kimi Sizə öz təşəkkürümü bildirmək istəyirəm.

Mən özüm məcburi köçkün ailəsində doğulmuşam. Atam Xankəndi şəhərində, anam isə Laçın rayonunda anadan olub. Mən özüm Xəzər rayonu Binə qəsəbəsində məcburi köçkün məktəbi olan Laçın rayonunun Bəhmən Səfərəliyev adına tam orta məktəbinin şagirdiyəm. İnşallah, doğma torpaqlarımızı işğaldan tam azad edəcəyik.

Qarabağ bizimdir!

Qarabağ Azərbaycanındır!

Rəşid Rəhimovdan, Tovuz, Azərbaycan

 

Hörmətli cənab Prezident.

Sizin rəhbərliyinizlə rəşadətli Ordumuz əzəli torpaqlarımızı işğaldan azad edir. Mətin, cəsarətli əsgər və zabitlərimiz düşmənin canlı qüvvəsini, hərbi texnikasını darmadağın edirlər.

Qələbələrimizə görə Sizi və xalqımızı ürəkdən təbrik edirəm.

Cənab Prezident, mən hazırda təqaüdçüyəm, lakin uzun müddət Daxili İşlər orqanlarında sabiq polis mayoru rütbəsində çalışmış, Qarabağ döyüşləri iştirakçısı kimi qətiyyətlə deyirəm ki, əmriniz olacağı təqdirdə, ön cəbhəyə gedib igid əsgərlərlə çiyin-çiyinə vuruşmağa hazıram.

Yaşasın Azərbaycan! Qələbə bizimlədir! Qarabağ Azərbaycandır!

 

Rəsul İbrahimovdan, Şəmkir, Azərbaycan

 

Hörmətli cənab Prezident.

Milli Ordumuzun qazandığı bu vacib uğurlar və döyüş meydanındakı qələbələr münasibətilə Sizi təbrik edirəm. Bundan sonra da yeni-yeni qələbələr, uzun ömür, cansağlığı arzulayıram.

Siz Koroğlunun, Babəkin və Şah İsmayılın göstərdikləri qəhrəmanlıqları xalqımızın gözü qarşısında təkrar etdirdiniz. Xalqımız heç vaxt bu cəsur əməllərinizi unutmayacaq.

Cənab Prezident, hələ Tovuz hadisələri baş verən zaman mən 86 yaşlı bir ahıl olmağıma baxmayaraq Sizə müraciət edərək ermənilərə qarşı vuruşmağa hazır olduğumu bildirmişdim. Bu yaşımda yenə həmin fikirdə qalıram. Əmin ola bilərsiniz ki, bütün Azərbaycan xalqı, körpədən tutmuş yaşlı nəslə kimi hamı Sizin arxanızdadır və Sizi dəstəkləyirlər. Nəinki mən, mənim yaşda olan nəslimizin hamısı cəbhəyə gedərək düşmənlə döyüşməyə hazırdır. Biz Sizin əmrinizi gözləyirik!

Hörmətli Prezident, hər bir kəndimizin düşməndən azad edilməsi bizim ömrümüzü uzadır, fərəhimizi artırır, başımızı ucaldır. Arzum budur ki, üçrəngli Bayrağımız tezliklə Şuşada və Xankəndidə dalğalansın.

Müharibə Qələbə ilə başa çatandan sonra respublikamızın daha da çiçəklənməsini arzulayıram.

Tehran Hüseynovdan, Kürdəmir, Azərbaycan

Möhtərəm Prezident, cənab Ali Baş Komandan.

Ordumuzun göstərdiyi şücaətə və Sizin qətiyyətli addımlarınıza görə öz adımdan və bütün neftçilər adından Sizə təşəkkürümüzü bildirir, uzun ömür və cansağlığı arzulayırıq.

Apardığınız haqq siyasətində, Vətən savaşında qalib gələcəyimizə bütün qəlbimizlə inanırıq.

İşğaldan azad olunacaq torpaqlarımızın hər bir guşəsində üçrəngli Azərbaycan Bayrağının fəxarətlə dalğalanacağı günü səbirsizliklə gözləyirik.

Qarabağ canda candır, Qarabağ Azərbaycandır!

 

Tərgül Ələsgərovadan, Goranboy, Azərbaycan

 

Cənab Prezidentim.

Mən bu məktubumu Sizə bütün Veyisli kənd camaatı adından yazıram. Biz Vətənimizin bu haqlı savaşda qalib gələcəyinə bütün varlığımızla inanırıq. Çünki bizim Sizin kimi qüdrətli və müdrik dövlət başçımız var. Sizə çox güvənirik və hər bir qərarınızı dəstəkləyirik. Əminik ki, uzaqgörən siyasətiniz sayəsində dövlətimiz bütün çətinliklərin öhdəsindən gələcək.

İnşallah, tezliklə Sizdən tam Qələbə xəbərini də alarıq. Yaxşı ki, varsınız və bizim Prezidentimizsiniz.

Allah şəhidlərimizə rəhmət eləsin, Sizi və əsgərlərimizi qorusun!

Cəlil Hüseynovdan, Laçın, Azərbaycan

Azərbaycan xalqının əbədi xilaskarı cənab Prezidentim.

Siz müdrik siyasətinizlə Azərbaycan tarixində heç bir zaman silinməyəcək qəhrəmanlıq salnaməsi yazdınız. Sizin qatı düşmənə qarşı verdiyiniz qətiyyətli əmriniz Azərbaycan xalqının ürəyincə oldu.

Hörmətli Prezident, hamı kimi mən də - 93 yaşlı Cəlil baba da çox sevindim. Sevindim ki, mən öz kəndimi yenidən görəcəyəm, orada həyatımın sonunu yaşayacağam. Arzum budur ki, tezliklə Laçının düşməndən azad edilməsi müjdəsini Sizdən eşidək.

Əziz və sevimli Prezidentimiz, biz laçınlılar Sizinlə çox fəxr edirik. Laçın ağsaqqallıları adından Sizə sonsuz təşəkkürümü bildirirəm. Sizin əzəmətli heykəlinizi Laçın rayonunun ən ucqar zirvəsində görmək biz laçınlıların böyük arzusudur.

Allah Sizi qorusun!

Mənbə: sherg.az