Azad edilmiş ərazilərimizdə milli tarix irsimizin bərpası üçün böyük tələbat açıldı - ermənilər nələrimizi məhv edib?..

Azad edilmiş ərazilərimizdə milli tarix irsimizin bərpası üçün böyük tələbat açıldı  - ermənilər nələrimizi məhv edib?..

Ənvər Çingizoğlu: “Erməni vandalizminə məruz qalan bütün mədəni irsimizi yüksək səviyyədə bərpa edəcəyik”

Ali Baş Komandan İlham Əliyevin rəhbərliyilə Azərbaycan Ordusu tərəfindən torpaqlarımız işğaldan azad edilir, kəndlərimiz, qəsəbələrimiz, rayon və şəhərlərimiz yağı tapdağından xilas olunur.

Bilirik ki, Ermənistanın işğalçı ordusunun qəsb etdiyi Dağlıq Qarabağda və ətraf rayonlarda bizim tarixi-mədəni irsimiz kütləvi şəkildə saxtalaşdırmaya məruz qalıb, eyni zamanda da məhv edilib, yer üzündən silinib. Düşmən tapdağından azad edilən ərazilərimizdəki tarix-mədəniyyət abidələrinin, qədim dini məbədlərimizin, alban xristianlığına aid tikililərin, məscid və ziyarətgahlarımızın erməni vandalizminə məruz qaldığını açıq şəkildə görürük.

İndi işğaldan azad edilmiş ərazilərimizdə Azərbaycan mədəni irsinin daha dərin tədqiqi üçün imkan açılıb.

Alimlər hesab edirlər ki, ordumuzun Ermənistanın silahlı birləşmələrinin işğalından azad etdiyi ərazilərimizdəki mədəni irsimiz kifayət qədər vandalizmdən əziyyət çəkib. Həmin abidələrin restavrasiyasına ciddi ehtiyac duyulduğunu deyən alimlər hesab edirlər ki, mümkün qədər bərpa işlərinə tez başlanması gərəkdir.

“Qarğabazarda Şah Abbas məscidi və Şah Abbas karvansarası vardı, ermənilər onlara qarşı vandalizm aktı törədiblər”

Tanınmış tarixçi-etnoqraf Ənvər Çingizoğlu baki-xeber.com-a bildirdi ki, işğaldan azad edilən ərazilərimizdəki abidələrin, mədəni irsimizin başına ermənilər min bir bəla gətiriblər. Ə.Çingizoğlunun fikrincə, Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) müvafiq institutlarının, Mədəniyyət Nazirliyinin uyğun strukturlarının, eləcə də bu sahədə fəaliyyət göstərən tədqiqatçıların, QHT-lərin iştirakı ilə xüsusi bir işçi qrupu yaradılmalı və bu istiqamətdə xüsusi işlər görülməlidir. Hətta bu işə xarici mütəxəssisləri, ekspertləri də cəlb etmək lazımdır, onlar gəlib gözləri ilə ermənilərin bizim mədəni irsimizə qarşı törətdikləri vandalizm aktlarını, saxtalaşdırmanı görüb bu faktlardan məqalələrində bəhs etsinlər. “Qarabağ ayaqdan başa, torpaqdan daşa arxeoloji və memarlıq abidələri ilə zəngindir. Torpaqlarımızın işğaldan azad edilməsi nəticəsində o abidələrin hazırkı vəziyyətini gözlərimizlə görürük. Hansı abidəmizə baxırıqsa, hamısının, eləcə də Xudafərin körpüsünün köksündə güllə yarası var, onlar ciddi şəkildə zədələnib. Bir sıra abidələrimiz isə uçurulub, dağıdılıb, tamamilə yer üzündən silinib. Bunun hamısının günahı, məsuliyyəti mənfur düşmənimizin boynundadır. Biz, şükür Allaha, əl-ələ verib dağıdılan evlərimizi yenidən tikəcəyik. Amma tarixi memarlıq abidələrini, arxeoloji abidələrimizi, mədəni irsimizi yenidən bərpa etmək işini dövlətimiz həyata keçirəcək, biz mütəxəssislər də həmin abidələri bərpa edəcəyik, onlara yeni həyat verəcəyik. Torpağın altında olan abidələrə çox toxunulmayıb, ona görə ki, onlara əlləri çatmayıb, əsas zərəri isə yerüstü abidələrə vurublar. Qarğabazarda Şah Abbas məscidi və Şah Abbas karvansarası vardı, ermənilər onlara qarşı vandalizm aktı törədiblər və onları darmadağın ediblər. Karakollu Dəli Kəhrizi, Kənd Horadiz və sair başqa qədim kəhrizlərimiz vardı, onların hamısını kor qoyublar, ana axarını qəddarlıqla bağlayıblar. Bunları tanınmaz hala salıblar. İşğaldan azad edilən torpaqlarımızda ermənilər bizim mədəni irsimizin xeyli hissəsini məhv ediblər.

Hesab edirəm ki, aidiyyəti təşkilatlar və mütəxəssislər tərəfindən mədəni irsimizin bərpası istiqamətində böyük işlər görüləcək. Əvvəllər bizim o irsə əlimiz çatmırdı, bu gün onlar “yaralı”, ağır vəziyyətdə, bəziləri tamamilə dağılmış şəkildə işğaldan azad olunublar. Erməni vandalizminə məruz qalan bütün mədəni irsimizi yüksək səviyyədə bərpa edəcəyik” - deyə Ə.Çingizoğlu vurğuladı.

İradə SARIYEVA

Mənbə: www.baki-xeber.com