Akif Aşırlı Azərbaycan Milli Ordusunun ilk marşını aşkarlayıb

Akif Aşırlı Azərbaycan Milli Ordusunun ilk marşını aşkarlayıb

Jurnalistika tarixi üzrə araşdırmaçı, "Şərq" qəzetinin baş redaktoru Akif Aşırlı Azərbaycan Milli Ordusunun ilk marşını aşkarlayıb.

Tiflisdə 1918-ci ildə Mirzə Bala Məhəmmədzadə və T.Hacızadə tərəfindən nəşr olunan "Gənclər yurdu" qəzetində çap olunan marşın müəllifi Əhməd Cavaddır.

Azərbaycan Gənclər Cəmiyyətinin nəşri olan "Gənclər yurdu"nun ümumilikdə 25 sayı nəşr olunsa da, arxiv və kitabxanalarda qəzetin çox az sayda nəşrləri qalıb. Milli ordumuzun ilk marşı müəllifin qeydi ilə dərc olunub.

1918-ci il 12 haziran (iyun ayının 12) tarixində Gəncədə qələmə alındığını qeyd edən Əhməd Cavad yazır:

"Bu marş Qafqaz İslam Ordusu komandanı Nuru Paşa həzrətlərinin arzusuna müvafiq Azərbaycan Türk Ordusu üçün söylədim.

Fəqət, hələlik bəstələnmədiyinə görə, nasıl çaxmağı bəlli deyil".

Qəzetin 2-ci sayında 1918-ci il 29 iyul tarixində çap olunan marşın bəzi sözlərinin oxunuşunda çətinliklər olduğunu qeyd edən A.Aşırlı bildirir ki, indiyə qədər ordumuzun marşı müxtəlif variantlarda nəşr olunub. Amma fakt və tarix baxımından əldə olunan bu marşın alternativi yoxdur. 1918-ci il iyulun sonlarında artıq Qafqaz İslam Ordusu Azərbaycanın ərazi bütövlüyü uğrunda Kürdəmir, Göyçay, Ağsu, Ağdaş və Şamaxıda həlledici qələbə qazandığından, marşın çapı da bu tarixə təsadüf etdiyindən, qeyd etmək olar ki, Milli Ordumuz Bakıya məhz bu marşın sədası altında daxil olub. Turançılıq, Türküstanın istiqlalı və türkün döyüş sərkərdələri bu marşın əsas qayəsi, ana damarıdır:

Marş

Millətimin tarixinə,

Şan və şərəf əkməliyəm.

Şu qarşıda yad qanıyla

Bir al bayraq tikməliyəm.

Düşmənlərə göstərdim ki,

Mənim kimi əsgəri yox.

Mənim fateh Orxan-zatım,

Dünyanın heç yerində yox.

İsmarladım nişanlıma

Mən Turana gediyorum.

Qardaşımı qurtarmaya,

Türküstana gediyorum.

Şu bayrağa xain baxan,

Xain gözə bir tikanam.

Ölürəmsə, kölgəsində

Halal olsun ona qanım.

Şəhid olsam, dost elində,

Mənə məzar qazılmasın.

Qazanarsam əsir adı

Xaqanıma yazılmasın.

Mənbə: sherg.az