Qubadlıların qəbri üstündə ot göyərən gün: 25 oktyabr

Qubadlıların qəbri üstündə ot göyərən gün: 25 oktyabr

Müzəffər Azərbaycan Ordusu zəfər yürüşünü davam etdirir. Ötən gün ordumuz daha bir tarix yazdı. 27 il düşmən tapdağında inləyən Qubadlı rayonunun müqəddəs torpaqları murdarlardan təmizləndi. Bu rayon qədim-qayım Azərbaycan torpağı olmaqla yanaşı həm də sinəsində xalqımızın zəngin maddi-mənəvi irsini bəsləyib, saxlayıb.

Qubadlı toponimi Qubadlı tirəsinin adı ilə bağlıdır. 1823-cü ilə aid mənbəyə görə, Qarabağ xanı İbrahimxəlil xan kəndə məxsus torpaq sahəsini pulla satın almış və qardaşı Mehdiqulu xana bağışlamışdı. Azərbaycanın şimalının Rusiyaya birləşdirilməsindən sonra viranə qalmış kəndi rus generalı P.S.Kotlyarevski göstərdiyi xidmətin müqabilində Hacı Ağalar bəy adlı birisinə vermişdir. Versiyalardan birinə görə, Qubadlı toponimi V-VI əsrlərdə yaşamış Sasani hökmdarı I Qubadın adı ilə bağlıdır.

Tarixdə Bərgüşad mahalı kimi tanınan hazırkı Qubadlı rayonu XVIII əsrin ortalarına qədər Zəngəzur mahalının tərkibində Cənubi Azərbaycan dövlətinin Qaradağ xanlığına inzibati ərazi vahidi kimi tabe olmuşdur. Lakin sonradan zəmanəsinin görkəmli şəxsiyyəti olan Qarabağ xanı Pənahəli xanın uzaqgörən siyasəti və əzmkarlığı sayəsində Zəngəzurun ayrılmaz qismi kimi Qarabağ xanlığının idarəçiliyinə verilmişdir. Qubadlı rayonu Azərbaycan Respublikasında inzibati – ərazi vahididir. 14 mart 1933-cü ildə yaradılıb. İnzibati mərkəzi Qubadlı şəhəridir.

İnzibati bölgüsünə 1 şəhər, 93 kənd, 31 inzibati-ərazi dairəsi aiddir. Ərazisində 115 iri və orta müəssisə, 11 məktəbəqədər uşaq müəssisəsi, 56 ümumtəhsil məktəbi, 1 texniki peşə məktəbi, 4 xəstəxana və tibb müəssisəsi, 111 mədəniyyət ocağı vardır. Qubadlı rayonu ilə Bakı arasında olan məsafə 404 kilometrdir. Rayon ərazisi 31 avqust 1993-cü ildə Ermənistan silahlı qüvvələri tərəfindən işğal edilib. 2020-ci il oktyabrın 25-də Qubadlı şəhəri erməni işğalçılarından azad olunub.

Bu faktlar ilk baxışdan quru, statistik rəqəm təsiri bağışlayır. Əslində isə bu rəqəmlərin arxasında on minlərlə insanın canlı nəfəsi duyulur. Çünki əsrlər boyu minlərlə soydaşımız bu ərazilərdə yaşayıb, yurd – yuva qurub. Əkib-becərib, sevinib, kədərlənib, amma heç kimin tənəsini görməyib. “Qaçqın”, “köçkün” damğasını daşımayıb. Lakin görünür, qubadlıların qismətində bu da var imiş. 27 il “köçkün” adıyla yaşadılar. Ən ağrılısı da odur ki, yüzlərlə qubadlı doğma yurd-yuva həsrəti ilə qovrula-qovrula yanıb kül oldu. “Qubadlı” deyə-deyə bu dünyadan köçlərini çəkib getdilər… 25 oktyabr 2020-ci ili görmədən belə…

Deyirlər, tarix təkrar olur. Amma nə yazıq ki, insanlar təkrar dünyaya gəlmir. Necəki, son 27 ildə bu dünyadan köçüb, gedən qubadlılar kimi. Bəlkə də ən çox o insanların haqqı, istəyi idi, bu günü görmək. Heyf…

Amma bir təsəllimiz var. Qubadlı gec də olsa özümüzə qayıtdı. Başqa yerləri bilmirəm, amma ötən gecə Sumqayıt təlatümdə idi. Bütün qadağalara rəgmən hamı küçələrə axışmışdı. Müzəffər Azərbaycan ordusunun zəfərini, Ali Baş Komandanın hünərini qeyd etmək üçün…

Bütün Azərbaycan kimi qubadlılar da sevinirdi. Bu gecə dünyasını dəyişən qubadlılar da ilk kəs qəbirlərində rahat uyudular. Ruhları ilk dəfə doğma Qubadlını gəzərkən şad oldu. Və bu ilıq payız günündə onların qəbri üstündə ilk dəfə ot göyərdi.

Üzü Qubadlıya boylana-boylana…

Surxay Atakişiyev

 

Mənbə: konkret.az