Bütün rayon koronavirusa qarşı səfərbər olub

Bütün rayon koronavirusa qarşı səfərbər olub

Koronavirusla mübarizə tədbirləri çərçivəsində Quba şəhərində genuş miqyaslı dezinfeksiya işləri aparılıb.

IstiPress-in şimal bürosunun məlumatına görə, bazar günü olmasına baxmayaraq şəhərin Quba meydanına yığışan bir neçə avtomaşın və xüsusi geyimli işçilər rayon mərkəzinin bütün ərazilərində dərman çiləməkə məşğul olublar.

Quba İH başçısı Ziyəddin Əliyev prosesə birbaşa nəzarət etmək üçün ərazidə olub. Jurnalistlər qarşısına keçən İH başçısı Ziyəddin Əliyev İstiPress-in suallarını cavablandırıb. Onun sözlərinə görə, mart ayından Qubada bu dəhşətli virusa qarşı ciddi mübarizə aparılır: "İH-də operativ qərargah yaradılıb. Qubada Covid-19 regional xəstəxanasının fəaliyyətə başlaması məsuliyyətimizi ikiqat artırdı və bu günəcən həmin xəstəxanada yüzlərlə yoluxmuş insan sağalaraq normal həyata qayıdıb".

Quba İH başçısı bildirib ki, Operativ Qərargah 8 -ci aydır ciddi iş rejimində işləməkdədir. Rayonda 144 mobil dəstə fəaliyyət göstərir. Dəstə üzvləri Quba şəhərində və bütün yaşayış məntəqələrində əhali arasında təbliğat-maarifləndirmə işlərini davam etdirirlər. Ziyəddin Əliyev məlumat verdi ki, son günlər ərzində rayonda əhali arasında yoluxma sayının artması narahatçılıq doğursa da ciddi profilaktik tədbirlər müntəzəm davam etdirilir.

Rayon rəhbəri yoluxma sayının artmasını əsasən rayona gələn turistlərin sayının artması və bəzi sakinlərin qoyulan qaydalara əməl etməməsi ulə izah edib. Bildirib ki, Quba şəhərində insanların çox tollaşdığı yerlərdə reydlərin sayı intensivləşib.

Mənbə: istipress.com