Ananın əlləri qalxacaq göyə, Şəhid ruhlarına dua edəcək...

Ananın əlləri qalxacaq göyə, Şəhid ruhlarına dua edəcək...

Azərbaycan Yazıçılar Birliyinin üzvü şairə Leyla Şah, Bakının Qobu kəndindən hazırda Qarabağımız uğrunda gedən döyüşlərdə qatılan və həlak olan şəhid Qasımov Gülverdi Habil oğluna aid şeir yazıb. Şeirdə şəhidin Birinci Qarabağ müharibəsində şəhid olmuş babasının xatirəsi də yad olunur. Qeyd edək ki, şəhid Gülverdi Qasımov 1990-cı illərdə olan Birinci Qarabağ müharibəsində şəhid olmuş babası Gülverdinin adını daşıyırdı.

Adları da birdir, andları da bir.

Baba da, nəvə də indi şəhiddir.

Adları da birdir, andları da bir.

Qobuda doğulan bu oğulların,

Arzuları azad, bütöv Vətəndir.

Gülverdi, igidim, sən şəhid oldun.

Babanın yanına gedirsən indi.

Üçrəngli bayrağdır sənin kəfənin

Onun kölgəsində yatırsan indi.

Ata qoxusuna həsrətli anan,

Babanın adını qoymuşdu sənə.

O sənə bələkdə hər toxunanda,

Ata qoxusunu alırdı səndən.

28 illik atasızlığı, 28 yaşlı balasızlığı,

Ananın qəddini əyməyəcəkdir.

Qeyrətlə aldığın Qarabağımız,

Ananın alnında indi qeyrətdir.

Gülverdi, məkanın indi cənnətdir.

Mələklər də sənə alqış deyəcək.

“Südüm halalındır”-söyləyən anan,

Aldığın torpağa Kəbəm deyəcək.

Ananın əlləri qalxacaq göyə,

Şəhid ruhlarına dua edəcək.

Əyilib öpəndə Vətən torpağın,

Sənin saçlarına sığal çəkəcək.

 

 

Mənbə: moderator.az