Qələbə tarixindən yazırıq

Qələbə tarixindən yazırıq

İşğaldan azad olunan məkanlarımızda yeni həyat başlanacaq

"Bir aya yaxındır ki, ikinci Qarabağ müharibəsi davam edir. Bu müharibə xalqımız üçün Vətən müharibəsidir. Biz Vətən torpaqlarını işğalçılardan azad edirik. Bu müddət ərzində Şanlı Azərbaycan Ordusu bir çox yaşayış məntəqələrini düşməndən azad edibdir. Biz döyüş meydanında tarixi ədaləti bərpa edirik. Çünki Dağlıq Qarabağ əzəli, tarixi Azərbaycan torpağıdır". Bu fikirlər Azərbaycan Prezident oktyabrın 26-da xalqa müraciəti zamanı bildirib.

Artıq Azərbaycan Ordusunun sentyabrın 27-də Qarabağda başladığı uğurlu əks-həmlə əməliyyatı nəticəsində işğalda olan şəhər, qəsəbə və kəndlərimiz azad edilib. Biz işğal tariximizdən deyil, bundan sonra qələbə ilə zəngin olan Azərbaycan tarixindən yazacağıq. Yaxın tariximizdə vətən torpağının 20 faizi erməni işğalçılarının təcavüzkar siyasəti nəticəsində işğal altında idisə, bu gün bu torpağın müəyyən hissəsi işğalçılardan azad olunub. Azərbaycan ordusunun əzmi, əsgər adını şərəflə daşıyan oğullarımızın ermənilərə verdiyi dərs bu torpaqların təzliklə qaytarılmasından soraq verir. Azərbaycan əsgəri mərdi-mərdanə düşmənlə üz-üzədir. Ona gücünü, ərənliyini göstərir. Əlbəttə ki, müharibə qan-qadadır. Ölümdür, itkidir. Buna baxmayaraq, bu gün Azərbaycan anası öz oğulların ləyaqətlə müharibəyə yola salır. Ər meydanına göndərir. Bu gün yaşından, tutduğu vəzifədən asılı olmayaraq hər bir azərbaycanlı Vətən keşiyində dayanan əsgərə mənəvi dayaqdır, lazım gələrsə yanında silahdaşdır. Biz onların qarşısında baş əyirik, onlarla qürurlanırıq. Vətəni sevən oğullar bu yurdun məsuliyyətini çiyinlərində daşıyırlar. Əlbəttə ki, hər nə olursa-olsun, yaranan hər bir çətin şəraiti gözə alaraq vətənimiz Azərbaycanın ərazi bütövlüyünü canımız və qanımız bahasına olsa belə qorumağa hazırıq. Biz hamımız bu torpağın Əsgəriyik. Onu qanımızla, canımızla son nəfsimizə qədər qorumalıyıq və necə ki, vətən oğulları qoruyurlar. Bu gün əsgərlərimiz yurdumuza, yurdumuzsa əsgərlərimizə söykənib.

"AZƏRBAYCAN XALQINI QÜRURLU XALQ KİMİ, CƏSARƏTLİ XALQ KİMİ, YENİLMƏZ XALQ KİMİ TƏSDİQLƏMİŞİK"

Bu gün bütün xalq Ali Baş Komandanın ətrafında bir yumruq olaraq birləşib. Məhz bunun nəticəsidir ki, hər gün demək olar ki, qələbə xəbərləri eşidirik "Biz əsgərlərimizin, zabitlərimizin canı-qanı bahasına bu torpaqları azad edirik" deyən Cənab İlham Əliyev bildirdiyi kimi, həm döyüş meydanında, həm siyasi müstəvidə özümüzü təsdiqləmişik, dünyaya təsdiqləmişik: "Azərbaycan xalqını qürurlu xalq kimi, cəsarətli xalq kimi, yenilməz xalq kimi təsdiqləmişik. Heç bir təzyiq bizə təsir edə bilməz. Heç bir hədə-qorxu bizi yolumuzdan döndərə bilməz. Çünki haqq yolundayıq, yumruq kimi birik. Bu birlik əbədidir və əbədi olacaq!".

Hər gün Azərbaycan torpaqlarına sancılan bayraqlarımız bizi daha da ruhlarndırır. Artıq biz bir sıra işğaldan azad olunan torpaqlarımız kimi Qubadlı rayonunun Ermənistan Silahlı Qüvvələri tərəfindən işğal edilməsinin 28 ili tamam olur yazmayacağıq. Qubadlının qələbə tarixindən yazacağıq. Ərazisi 802 kv.km olan Qubadlının 94 yaşayış məntəqəsi, o cümlədən, 1 şəhər və 93 kəndi var. 31 avqust 1993-cü ildə ermənilər tərəfindən işğal edilmişdi. İşğal ərəfəsində isə əhali 30 minə qədər olub.

İşğala qədər Qubadlının iqtisadiyyatının əsasını taxılçılıq, heyvandarlıq, tütünçülük, baramaçılıq və üzümçülük təşkil edib. 2 üzümün ilkin emalı zavodu, 1 yağ-pendir zavodu, 1 asfalt zavodu, 1 inkubator-quşçuluq fabriki, 1 balıqyetişdirmə vətəgəsi, 1 daş karxanası, 1 mərmər sexi, Azərbaycan "Neftqazavtomat" təcrübə zavodunun filialı və s. fəaliyyət göstərib. Ümumiyyətlə, Qubadlı rayonunda 62 idarə və müəssisə olub. Qubadlı rayonunda 61 ümumtəhsil məktəbi, o cümlədən, 33 orta, 16 səkkizillik, 12 ibtidai məktəb fəaliyyət göstərib. Qubadlıda 180-ə qədər mədəni-maarif müəssisəsi olub. 84 kitabxana, 12 mədəniyyət evi və 44 klub, 7 avtoklub əhaliyə xidmət edib. Rayonda 2 uşaq-musiqi məktəbi də fəaliyyət göstərib.

Ümumilikdə işğal nəticəsində rayonda olan 6988 yaşayış evi, 1080 kənd təsərrüfatı obyekti, 32 rabitə, 86 səhiyyə, 180 mədəniyyət, 6 sənaye müəssisələri, 650 km avtomobil yolları, 9 körpü, 2 su anbarı, 150 kilometr magistral su xətləri, 4830 km elektrik xətləri, 165 kilometr magistral qaz boru xətti, 146 idarə, müəssisə binaları, 18 dəyirman, 4 su nasos stansiyası, 120 ədəd elektrik yarımstansiyası və transformator dağıdılıb, 13 365 hektar meşə sahəsi işğal altında qalmışdı.

Ermənilər 5 mindən çox nadir eksponat saxlanılan Qubadlı tarix-diyarşünaslıq muzeyini də talan ediblər. IV əsrə aid "Gavur dərəsi"ndəki ibadətgah, V əsrə aid "Qalalı" və "Göyqala" abidələri, 14-cü əsrdə tikilmiş "Dəmirçilər" Türbəsi, Hacı Bədəl körpüsü, Laləzar körpüsü, eləcə də Əyin, Yusifbəyli, Seytas, Qarağaclı, Xocamsaxlı kəndlərindəki digər tarixi abidələr işğal olunub. Erməni təcavüzü zamanı Qubadlı 238 şəhid verib, 146 nəfər əlil olub.

"TƏKİ BAYRAĞIMIZ İŞĞALDAN AZAD EDİLMİŞ BÜTÜN TORPAQLARDA QALDIRILSIN"

Bu illər ərizində torpaq həsrəti bir an da olsun onları tərk etməyib. Dövlətimiz məcburi köçkünlərin yaşayış şəraitinin yaxşılaşdırılması, məşğulluğunun artırılması sahəsində kompleks tədbirlər həyata keçirib. Dövlətimizin başçısının məcburi köçkünlərə olan diqqət və qayğısının nəticəsidir ki, Abşeron rayonunun ərazisində, Sumqayıt şəhərində, eləcə də digər şəhər və rayonlarda tikilmiş yeni şəhərciklərə Qubadlı rayonundan olan məcburi köçkün ailəsi köçürülüb. Bütün bunlara baxmayaraq, məcburi köçkün düşmüş soydaşlarımız inanırdılar ki, tezliklə dövlətimizin başçısı İlham Əliyevin rəhbərliyi ilə öz doğma yurd-yuvalarına qayıdacaq və həmin günü qələbə günü kimi qeyd edəcəklər. Artıq həmin gün yetişib. İşğaldan azad olunan məkanlarımızda yeni bir həyat başlanacaq, hər bir rayon, şəhər, qəsəbə, kənd abadlaşacaq. "Düzdür, o kəndlərdən bir şey qalmayıb" deyən Cənab İlham Əliyevin bildirdiyi kimi, "Eybi yoxdur, bərpa edəcəyik. Azərbaycan xalqının da, dövlətinin də buna gücü çatacaq. Təki torpağımız azad olsun. Təki bayrağımız işğaldan azad edilmiş bütün torpaqlarda qaldırılsın".

O məkanlarda Azərbaycan bayrağı altında birləşən xalqımız dövlət başçısının rəhbərliyi ilə abadlıq-quruculuq işlərinə başlayacaq. "Gözün aydın Azərbaycan!" deyəcəyik.

Nəzakət ƏLƏDDİNQIZI

 

Mənbə: sia.az