Pandemiya dövründə ən çox idmanla məşğul olanlar yaşlılardır - ARAŞDIRMA

Pandemiya dövründə ən çox idmanla məşğul olanlar yaşlılardır - ARAŞDIRMA

Pandemiya dövründə əsas risk qrupuna 65 yaşdan yuxarı şəxslər aid olunur. Bir çox ölkələrdə məhz bu səbəbdən 65 yaşdan yuxarı əhali ilə bağlı xüsusi karantin tədbirləri olub. Mütəxəsislər onlara karantin dövründə də mümkün olduğu qədər aktiv olmağı, ev şəraitində olsa belə idman hərəkətləri etməyi tövsiyə ediblər.

E-tibb.az xəbər verir ki, İngiltərədə aparılan bir araşdırma nəticəsində yeni növ koronavirus (Covid-19) epidemiyası zamanı ən aktiv qrupun 65 yaşdan yuxarı olanlar olduğu ortaya çıxıb.

“Daily Mail”-in verdiyi məlumata görə, London Universitet Kollecinin (UCL) mütəxəssisləri 14-93 yaş arası insanlarla bağlı məlumatları araşdırıblar və Covid-19 epidemiyasının fiziki idman vərdişlərinə təsir etdiyini sübut ediblər. Tədqiqat çərçivəsində, yanvar ayından iyun ayının sonuna qədər 5 min 395 adamın smartfonuna yüklənən tətbiq məlumatları izlənib.

Məlum olub ki, mart ayında karantin saatı ilə əhalinin təxminən üçdə ikisi daha az gəzməyə, qaçmağa və velosiped sürməyə başlayıb. 65 yaşdan yuxarı əhali bu dövrdə daha aktiv olmağa çalışıb, qaydalar yumşaldılan kimi aktivlik səviyyələrini artırıblar.

Aktivliyin ən çox azaldığı qrupun gənclər olduğu müşahidə olunub, bunun səbəbinin idman salonlarının bağlanması göstərilib.

Kollecin fiziki aktivlik və sağlamlıq üzrə professoru Abi Fisher deyib ki, işdən sonra müəyyən günlərdə idman salonuna getmə vərdişinizi pandemiya ilə bağlı davam etdirə bilmirsinizsə, onu əvəz edəcək bir motivasiya tapmaq lazımdır.

Mənbə: lent.az