Suraxanıda yolların asfaltlanması davam etdirilir - Fotolar

Suraxanıda yolların asfaltlanması davam etdirilir  - Fotolar

Suraxanı rayonunda abadlıq-quruculuq sahəsində aparılan kompleks tədbirlər davam etdirilir. Rayonda həyata keçirilən sosial–iqtisadi siyasətin əsas istiqamətlərindən biri də qəsəbələrarası yolların və məhəllədaxili küçələrin əsaslı şəkildə yenidən qurulmasıdır.

"Qafqazinfo"ya daxil olan məlumata görə, nəqliyyatın maneəsiz hərəkətinin tənzimlənməsi, əhalinin rahat gediş-gəlişinin təmin edilməsi məqsədilə Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi 7 №-li Yol istmarı MMC tərəfindən rayonda təmirə ehtiyacı olan küçə və yollarda əsaslı təmir-bərpa işləri davam etdirilir.

Hövsan qəsəbəsi, Rasim Şahsuvarov küçəsində piyadalar üçün əlverişli hərəkət şəraitinin yaradılması məqsədilə yol kənarında səkilər yenidən qurularaq küçəyə 6000 kv.m asfalt örtüyü vurulub.

Həmçinin, Əmircan qəsəbəsində gediş-gəlişdə çətinlik yaranan ərazilərdən olan Tahir Bağırov küçəsində və küçəni əhatə edən məhəllədaxili yollarda 9000 kv.m asfalt örtüyü salınıb.

Qeyd edək ki, rayonun digər qəsəbələrində də bu işlər mərhələli şəkildə aparılır.

Mənbə: qafqazinfo.az