“Hər şeyimi Ağdamda itirmişəm”

“Hər şeyimi Ağdamda itirmişəm”

“Müharibənin ağrısını necə iliyimə qədər yaşamışamsa, hər qələbə xəbərini də o cür iliyimə qədər hiss edirəm”

Azad Azərbaycan telekanalında xəbərlərin əsas buraxılışının aparıcısı Günay Yelmarqızının ötən il yazdığı bir status məni məndən almışdı. Ağdamda uşaq ikən o döyüşlərin canlı şahidi olmuşdu, uşaqlığını yaşamadığını və bir tərəfinin hər zaman uşaq qaldığını yazırdı. Yarımçıq qalan insanın yaşadığı yurd həsrəti, vətən qoxusu üçün nələrdən keçəcəyini isə təbii ki, bizdən yaxşı bilən olmaz. Bu gün Azərbaycan orudusu xalqımızın, xüsusən də bir tərəfi yarımçıq qalan, işğal olunmuş torpaqlarda uşaqlığını, xəyallarını, xatirələrini qoyub gələn Günay xanım kimi neçə-neçə vətəndaşlarımızın arzularını həyata keçirir. Rəşadətli Azərbaycan orusunun qələbə xəbərini isə bizə onlar-arzuları, xəyalları yarımçıq qalmış, ən böyük arzuları hər gün çıxdıqları efirdə qələbə xəbərini vermək olan o insanlar çatdırırlar. Ürəklərində sevinc, gözlərində yaş, dillərində isə qələbə xəbəri.

Günay Yelmarqızı bu həssas dönəmdə hisslərini “Moderator.az” saytına bölüşdü.

- 27 ildən sonra torpaqlarımızın qələbə xəbərlərini eşidirik. Bu ağrını-acını yaxından duyan, o hadisələri yaşayanlar bunu daha yaxşı ifadə edər deyə düşünürəm.

- Əslində mən sentyabrın 27-dən o qədər qarışıq duyğular içərisindəyəm ki... Doğrusu o hissi ifadə edəcək bir kəlmə tapa bimirəm. Tam səmimiyyətimlə deyirəm. Sentyabrın 27-dən hər anım Qarabağ cəbhəsində baş verənlərdən ibarətdir. Həyatımdakı yeganə mövzu Qarabağdır. Bütün problemlərimi, çətinliklərimi, incikliklərimi, hər şeyi bir kənara qoymuşam. Ürəyim cəbhə xəttindədir, nəbzim ora ilə döyünür. Şəhid xəbərinə üzülür, düşmənin təxribat cəhdlərinə, dinc sakinlərimizə tuşlanan güllələr məni qəzəbləndirir. Gəncə, ardınca Bərdə də yaşanan hadisələr məni məhv etdi, sarsıtdı. Bu Ermənistanın dinc sakinlərimizə qarşı növbəti soyqırım aktı və misli görünməmiş vəhşilik idi. Xalqımızın yaşadığı hadisələri ATV kanalı da fasiləsiz yayımladı. Mən bir sutka fasiləsiz canlı efirdə oldum, o günahsız körpələrə, dinc sakinlərə görə keçirdiyim ağrını sözlə ifadə etməkdə çətinlik çəkirəm. Qisasımızı qüdrətli Azərbaycan əsgəri döyüş meydanında alır. Və hər qələbə xəbəri məni inanılmaz sevindirir, qürurlandırır. Cəbhədən gələn hər qələbə xəbərini səbrisliklə gözləyirəm.

- O hissləri tamaşaçılara çatdırmaq necə bir hissdir?

- Böyük sevinc, fəxarət hissi ilə qələbə xəbərlərini efirdən tamaşaçılara çatdırıram. Həmin an yaşadığım o duyğunun adının nə olduğunu bilmirəm. Bircə onu bilirəm ki, bu dünyanın ən möhtəşəm duyğusudur. Mən müharibənin ağrısını necə iliyimə qədər yaşamışamsa, hər qələbə xəbərini də o cür iliyimə qədər hiss edirəm. Çünki, özüm də müharibə uşağıyam. Düz 27 il əvvəl “Qrad” mərmilərinin yağışı altında doğulduğum torpaqdan çıxmaq məcburiyyətində qalmışam.

- Bir Ağdam övladı olaraq torpağınızın azadlıq xəbərini verməyi yəqin ki, arzulamısınız.

- İnanın ki, mənim üçün işğal altındakı bütün torpaqlarımızla bağlı qələbə xəbərlərini çatdırmaq böyük qürur və şərəfdir. Mən illərlə işğal tarixləri ilə bağlı yox, nəhayət işğaldan azad olunma xəbərlərini çatdırmağı arzulamışam. İndi bircə qarış Vətən torpağının belə düşmən tapdağından azad edilməsi xəbərini böyük sevgi ilə çatdırıram. İşğal altındakı hansı rayonumuz, hansı kəndimizin olmasından asılı olmayaraq qələbə xəbəri bizi sevindirir, ruhlandırır. Onların hamısını eyni sevgi, eyni həyəcanla çatdırıram. Biz hamımız bu tarixi anı illərlə gözləmişik. Və tam səmimi deyirəm ki, o xəbəri mənim ya da başqa bir həmkarımın çatdırmasının əhəmiyyəti yoxdur. Əsas odur qələbə xəbəri olsun. Amma təbii ki, Ağdamın işğaldan azad oluması xəbərini efirdən çatdırmaq mənə qismət olsa ikiqat sevinərəm, ikiqat xoşbəxt olaram. Çünki, mən o torpaqda doğulmuşam. Mənim üçün Vətən Ağdamdan başlayır. Və mən təxminən 10 yaşında balaca bir qız olanda “Qrad” mərmilərinin yağışı altında öz doğma şəhərimi tərk etmək məcburiyyətində qalmışam. Üstündən 27 il keçəndən sonra Ağdamın azad olunması xəbəri mənim üçün izaholunmaz bir sevinc olardı.

- 27 il ərzində bu xəbəri məhz sizin vasitənizlə tamaşaçılara çatdırmağın xəyalını necə, qurmusunuzmu?

- Düzü hərdən düşünürəm ki, görəsən o xəbəri efirdən versəm özümü necə apararam? Emosiyalarımı, duyğularımı idarə edə bilərəmmi? Bilmirəm. Bir onu bilirəm ki, bu həyatımın, karyeramın, yaradıcılığımın ən gözəl xəbəri olar... Hər şeyimi Ağdamda itirmişəm. Ən əsası uşaqlığım orda qalıb. İllərdir böyüməyən müharibə uşağıyam mən. Uşaqlığm Ağdamın kimsəsiz küçələrində nigaran gəzir. Azərbaycan əsgəri Ağdama qədəm qoyan gün böyüyəcəm, içimdəki o uşaq böyüyəcək. Bəlkə ondan sonra bütöv olaram...

Xəyalə Rəis

Mənbə: moderator.az