Bu şəxslərə qarşı ictimai qınaq olmalıdır - ATU-nun dosentindən İRAD

Bu şəxslərə qarşı ictimai qınaq olmalıdır - ATU-nun dosentindən İRAD

“Azərbaycanda koronavirusa yoluxanların sayında kəskin artım müşahidə edilir. Hazırda yoluxma və sağalma halları arasında fərq yüksəlib və sanitar-epidemioloji durum pisləşir. Yoluxmadakı rekord artım xoşagələn hal deyil”.

Bu fikirləri Publika.az-a açıqlamasında Azərbaycan Tibb Universitetinin (ATU) dosenti, yoluxucu xəstəliklər üzə mütəxəssis Elza Orucova deyib.

Həkimin sözlərinə görə, hazırkı dövrdə, ölkəmizin Vətən müharibəsi apardığı, ön cəbhədə düşmənlə savaşdığı bir vaxtda gözəgörünməz düşmən olan koronavirusla mübarizədə məsuliyyətsizlik xoşagəlməz hallara səbəb ola bilər: “Arxa cəbhədə insanlar əsgərlərimizə, ordumuza dəstək olmaq üçün özlərini virusdan qorumalıdır. Bu gün orduya dəstək vermək istəyən hər bir vətəndaş ilk növbədə hərbçilərimizin sağlamlığı haqqında düşünməli, özünü və yaxınlarını xəstəlikdən qorumaqla dövlətimizin haqq işinə layiqli töhfəsini verməlidir. Vətəndaşlarımız ordumuza ən böyük dəstəyi özlərini infeksiyadan qorumaqla edə bilərlər. Arxa cəbhədə olan məsuliyyətsizlik ön cəbhədə çətinliklər yarada bilər”.

E.Orucova qeyd edib ki, bütün bunları nəzərə alaraq hər kəs xüsusi karantin rejiminin qaydalarına riayət etməli, maska taxmalı, şəxsi gigiyenasını gözləməlidir: “Mən əsasən getdiyim yerlərdə maska taxmamağa görə irad bildirmişəm. İnsanlar maskanı ya taxmırlar, ya da yarımçıq, düzgün olmayan formada taxırlar. Düşünürəm ki, ictimai qınaq mütləq olmalıdır. Mən şəxsən bu gün bununa bağlı on nəfərə irad bildirmişəm. Hətta işçilərin özləri də maskanı düzgün taxmırlar. Koronavirus kəskin respirator virus infeksiyasıdır. Bu infeksiyada da ən etibarlı, hamının karına gələn, əlçatan tibbi maskalardır. Bunu isə əksəriyyət görüntü üçün taxır. Sosial məsafə də düzgün gözlənilmir. Avtobuslarda insanların arasında nəinki 1,5 və ya 2 metr məsafə, heç 5 santimetr belə məsafə yoxdur. Bunlarla yanaşı, şəxsi gigiyena, əl gigiyenasına da əməl olunmalıdır. Ancaq ən vacibi tibbi maskadan istifadədir. İnsanları məsuliyyətli olmağa, qaydalara riayət etməyə səsləyirik”.

Akqabay Mıradov

Mənbə: publika.az