“Virusdan qorunma vətənpərvərlik hisslərinin bir hissəsi olmalıdır”

Hazırda bütün dünyada koronavirus pandemiyasının yeni dalğası yaşanır. Artıq bir çox ölkələr virusun qarşısını almaq üçün sərt karantin tədbirlərinin tətbiqinə başlayıblar. İtaliya, İspaniya, Fransa və digər Avropa ölkələrində ictimai yerlərdə kütləvi toplaşmaq qadağan olunub, maska taxılması məcburi xarakter daşıyır.

Yarım milyondan çox yoluxma faktı qeydə alınan İtaliyada epidemioloji vəziyyətin pisləşməsi səbəbindən oktyabrın 26-dan məhdudiyyətlər artırılıb, bütün kinoteatr, teatr, idman zalları və hovuzlar bağlanıb. Restoran və barlar vaxt məhdudiyyəti ilə - axşam saat altıya qədər işə davam edir.

Fransada oktyabrın 30-dan dekabrın 1-dək bütün ölkə ərazisində küçəyə çıxmaq məhdudlaşdırılacaq. Bundan başqa, məktəblər istisna olmaqla, universitetlər, barlar, restoranlar fəaliyyətini müvəqqəti dayandıracaq. Həmçinin bu ölkənin 54 bölgəsində saat 21.00-dan 06.00-dək komendant saatı tətbiq olunur.

Çexiya hökuməti də əhaliyə saat 21:00-dan 05:00-a qədər küçəyə çıxmağı qadağan edib. İşə getmək və digər təcili tədbirlər, habelə ev itləri ilə evdən 500 m-ə qədər məsafədə gəzmək istisna təşkil edir.

Son bir neçə həftə ərzində Azərbaycanda da koronavirusla bağlı sanitar-epidemioloji durum pisləşib. Vətəndaşlar tərəfindən qoruyucu vasitələrdən istifadə səviyyəsinin aşağı olması, sosial məsafənin saxlanılmaması, yoluxmanın qarşısının alınması üçün digər tövsiyələrə lazımınca riayət olunmaması yoluxma sayını kəskin artırıb. Həmçinin ticarət, məişət-iaşə obyektlərində, ictimai nəqliyyatda təhlükəsizlik qaydalarına riayət olunması səviyyəsi də qənaətbəxş deyil.

Ötən gün həm yoluxma, həm də ölüm sayında rekord göstərici qeydə alınıb – 988 nəfər virusa yoluxub və 11 nəfər həyatını itirib. Sağalanlarla yoluxanlar arasındakı fərq də üç dəfəyədək artıb. Artıq pandemiyanın qarşısının alınması məqsədi ilə Nazirlər Kabinetinin qərarına əsasən, ölkə ərazisində xüsusi karantin rejiminin müddəti 1 dekabradək uzadılıb. Eyni zamanda, son günlər Lənkəran şəhərində, Cəlilabad və Masallı rayonlarında yüksək yoluxma faktları aşkar olunduğun görə, həmin rayonlara giriş-çıxış dayandırılıb. Hazırkı durum onu deməyə əsas verir ki, qarşıdan gələn dövrdə xüsusi karantin rejimi daha da sərtləşdirilə, yoluxma hallarının geniş yayıldığı şəhər və rayonlarla bağlı yeni məhdudiyyətlər tətbiq oluna bilər.

TƏBİB-in Elmi Komitəsinin sədri, professor Akif Qurbanov “Qafqazinfo”ya bildirib ki, yoluxma sayının artacağı təqdirdə qorunma tədbirlərinə daha ciddi əməl edilməlidir. Lüzumsuz olaraq evdən çıxmaq, kiminləsə görüşmək məsləhət deyil.

“Kimsə özündə narahatlıq, soyuqlama əlamətləri hiss edirsə, “COVID” xəstəsilə bilmədən təmasda olubsa, özünü təcrid etməldir. Evdə də təmasları azaltmaq lazımdır, mümkünsə, ayrıca bir otaqda olmaq lazımdır.

Payız-qış mövsümünə girmişik. Bu dövrdə həmişə qrip və qripəbənzər xəstəliklər olur. Həkimə müraciət edilib “COVID” və ya digər respirator xəstəlik olduğu dəqiqləşdirilməlidir. Dəqiqləşdirilənə qədər hər hansı soyuqlama xəstəliyinə biz ilk öncə koronavirus infeksiyası kimi yanaşmalıyıq. Bu tədbirlərin hamısı diqqətdə saxlanılmalıdır. Belə olduğu təqdirdə, biz yoluxmaların sayının azaldılmasına nail ola bilərik”.

A.Qurbanov həmçinin bildirib ki, hazırda ölkəmizdə müharibə gedir. Biz həm də özümüzü əsgərlərimizə, hərbçilərimizə görə virusdan qorumalıyıq:

“Sözsüz ki, müharibə gedən ölkədə əsgərlər arasında yaralanalar olur. Yaralılara tibb xidməti göstərmək birinci dərəcəli vəzifədir. Ona görə də hamımız çalışmalıyıq ki, özümüzü qorumaqla səhiyyə orqanlarını, klinikalarımızı “COVID” xəstələri ilə çox yükləməyək. Hər kəs özünü qoruyursa, səhiyyə müəssisələri də əsgərlərimizin xidmətində durar. Bizə bu dövrdə yoluxmadan qorunmaq həm də bu nöqteyi-nəzərdən lazımdır. Qorunma tədbirləri vətənpərvərlik hisslərinin bir hissəsi olmalıdır. Özümüzü, ailəmizi, ətrafdakıları bu infeksiyadan qorumaqla həm də əsgərlərimizə, Ordumuza kömək etmiş olarıq”.

Gülnar Əliyeva

Qafqazinfo.az

ƏVVƏLKİ XƏBƏR

Qulu Məhərrəmli: "Reportaja görə erməni diasporunun təzyiqi Fransa üçün biabırçılıqdır"

SONRAKI XƏBƏR

“Ermənistan tam təcrid vəziyyətindədir, ordumuzun Şuşa və Xankəndinə daxil olması...” - Tofiq Zülfüqarov