Azərbaycan rabitə administrasiyası 26-27 oktyabr tarixində keçirilən Ümumdünya Poçt İttifaqının (ÜPİ) Administrativ Şurasının iclasında təmsil olunub.
Regional Rabitə Birliyindən "APA-Economics"ə verilən məlumata görə, iclasın gündəliyində duran əsas məsələ ÜPİ-nin 27-ci Konqresinin keçiriləcək tarixinin və yerinin təyin olunması idi.
Qeyd edək ki, bu ilin avqust ayında Kotdivuarda keçirilməsi planlaşdırılan 27-ci UPU Konqres pandemiya səbəbindən təxirə salınmışdır ki, bu gözlənilməz vəziyyət ÜPİ üzv ölkələrinə və ÜPİ-nin Beynəlxalq Bürosuna ciddi problem yaratdı.
Administrativ Şurasının iclasında qərara alındı ki, Konqres 9-28 avqust 2021-ci il tarixlərində Kot-d'İvuarda keçirilsin. Lakin COVID-19-un yayılması ilə bağlı vəziyyət buna imkan verməsə, Konqres 2021-ci ilin sentyabrında ÜPİ-nin İsveçrədəki qərargahında keçiriləcək.
27-ci Konqresin keçiriləcəyi tarix və yer barədə ilkin qərar ÜPİ Administrativ Şurasının yaz sessiyasında müəyyənləşdiriləcək, son qərar isə 30 iyun 2021-ci il tarixinədək veriləcək.
Mənbə: apa.az