İnfeksionist açıqladı - Bunu edənlər COVID-19-u yüngül keçirir

İnfeksionist açıqladı - Bunu edənlər COVID-19-u yüngül keçirir

Payız-qış aylarında koronavirus infeksiyasının artacağı əvvəlcədən proqnozlaşdırılmışdı. Müəyyən qrup vətəndaşların unutqanlığı və qaydalara məsuliyyətsiz yanaşması xəstəliyin gözləniləndən daha çox yayılmasına səbəb oldu.

Bu sözləri Publika.az-a açıqlamasında hepatoloq, infeksionist Azər Nağıyev deyib. Həkim bildirib ki, COVID-19-la bağlı aylardır maarifləndirmə işləri aparılmasına baxmayaraq, bəzi insanlar buna hələ də laqeyd və şübhə ilə yanaşmağa davam edir:

“Həm televiziya, radio, həm də kollektivlərdə maarifləndirmə işləri aparılmağa davam edir. Bu istiqamətdə çox yüksək səviyyədə işlər aparılır. Sadəcə bəziləri təhlükənin reallığını hələ də dərk etmək istəmir. Bu qaydalar çox bəsit tədbirlərdən ibarətdir. Maska taxılmalı, gigiyenik qaydalara əməl edilməli və sosial məsafə gözlənilməlidir. Dünyada bundan real tədbirlər mövcud deyil. İnfeksiyanın qarşısını almağın digər yolu peyvəndlənmədir. Bilirsiniz ki, yeni növ koronavirusa qarşı effektiv peyvəndlərin kütləvi istehsalına hələ başlanılmayıb. Düşünürəm ki, sərtləşdirilmiş karantin rejimi sayəsində yoluxmaların sayını yenidən azaltmaq mümkün olacaq”.

Həkim xəstəliyi yüngül keçirmək üçün dərman preparatlarından yox, təbii yollardan istifadə etməyi daha məqsədəuyğun görüb:

“Nələrdən söhbət gedir? Normal yuxu, çoxlu maye qəbulu, qida rasionunun tamlığı böyük əhəmiyyətə malikdir. Mövsümi meyvə-tərəvəzlərdən, göy-göyərtidən maksimum istifadə etməyə çalışın. Günəş şüalarından əldə edilən D vitamininin rolunu da vurğulamalıyam. Açıq havada icazə verilən şəkildə gəzməyə çalışın, idmanla məşğul olun. Bunlar insan orqanizmini möhkəmləndirib viruslara qarşı müqaviməti artırır. Belə insanlar ya xəstəliyi simptomsuz, ya da yüngül və fəsadsız keçirir”.

Aytən Məftun

Mənbə: publika.az