Beynəlxalq mediada II Qarabağ müharibəsinə dair məqalələr dərc olunub

Beynəlxalq mediada II Qarabağ müharibəsinə dair məqalələr dərc olunub

Avropa İttifaqının nüfuzlu “Euractiv” informasiya portalında BMTM-in eksperti Vasif Hüseynovun “Mülki əhalini qəsdən öldürmək müharibə cinayətidir: Ermənilər 80-dən artıq azərbaycanlını öldürüb” başlıqda məqaləsi yayımlanıb. Məqalədə diqqət ilk öncə Ermənistan rəhbərliyinin hazırda davam edən müharibəyə səbəb olan təxribat əməlləri və ekspansionist siyasəti haqqında məlumat verilir. “Yeni torpaqlar üçün yeni müharibə” hərbi doktrinasını qəbul etmiş Ermənistanın məqsədli şəkildə müharibəyə hazırlaşması və işğal edilmiş torpaqların coğrafiyasını genişləndirmək üçün Azərbaycana hücum etdiyi bildirilir. Müəllif əlavə edir ki, 27 sentyabrdan bir neçə gün öncə könüllülərdən ibarət 100,000 nəfərlik militant qruplaşmalar yaratmaq haqqında qərar qəbul edərək rəsmi Yerevan bu niyyətini açıq şəkildə ifadə edib.

V.Hüseynov qeyd edir ki, Azərbaycan ordusunun gücü və xalqın əzmi sayəsində təcavüzkar niyyətinə çata bilməyən Ermənistan ağır məğlubiyyətlərə məruz qalıb. Bunun nəticəsidir ki, aciz durumda olan düşmən ordusu xalqı qorxutmaq, panika yaratmaq və sosial xaos törətmək üçün mülki əhalini hədəfə alıb və onlarla günahsız insanın ölümünə səbəb olub: “Müharibənin başlamasından etibarən 80-dən artıq mülki vətəndaşımızın eyni zamanda uşaqların ölümünə səbəb olan ballistik raket hücumları müharibə cinayətidir və Ermənistanın hərbi və siyasi rəhbərliyi bunun üçün məsuliyyət daşımalıdır”.

Müəllif sonda Azərbaycanın bu cinayətlərə döyüş meydanında cavab verdiyini bildirir.

Həmçinin Mərkəzin aparıcı məsləhətçisi Orxan Bağırovun “Azərbaycan və Ermənistan arasında yaşanan hərbi qarşıdurmanın Ermənistan üçün iqtisadi nəticələri” adlı məqaləsi Qafqaz-Asiya Mərkəzi tərəfindən çap edilib.

Məqalədə əsas diqqət Azərbaycanla Ermənistan arasında yaşanan hərbi qarşıdurmanın Ermənistan iqtisadiyyatına, o cümlədən müxtəlif iqtisadi göstəricilərinə təsirlərinə toxunulur.

Qeyd edilir ki, hərbi xərclər artdığından Ermənistan hökuməti büdcə layihəsinə yenidən baxmaq məcburiyyətində qalıb və nəticədə büdcə xərcləri 84 milyon ABŞ dolları həcmində artıb. Bu isə büdcə xərclərinin ÜDM-in 26.5%-nə çatması deməkdir. Bununla yanaşı göstərilir ki, vergi gəlirlərinin azalması Ermənistanda büdcə kəsrinin əsaslı şəkildə artmasına yol açır. Nəticədə, ilin sonuna büdcə kəsri ilkin büdcə layihəsi ilə müqayisədə 3 dəfə artaraq 963 milyon dolları ötəcək.

“Belə olan halda Ermənistan hökuməti büdcə kəsrini maliyyələşdirmək üçün xarici borc cəlb etmək məcburiyyətində qalacaq ki, bu da onsuzda yüksək olan dövlət borcunun daha təhlükəli səviyyələrə qalxmasına səbəb olacaq. Əgər aprel ayında büdcəyə edilən ilk dəyişikliklərdən sonra 532.3 milyon ABŞ dolları həcmində borc götürməyə ehtiyac yaranmışdısa, indiki halda əlavə olaraq 825 milyon dollar borcun cəlb edilməsinə ehtiyac yaranır. Bu isə dövlət borcunun ÜDM-ə nisbəti göstəricisinin 60% həddini keçərək təhlükəli həddə, yəni 67%-ə çatmasına səbəb olacaqdır. Bu isə maliyyə təhlükəsizliyi baxımından çox böyük göstəricidir”, deyə müəllif yazır.

Sonda müəllif bildirir ki, qarşıdan gələn illərdə Ermənistan ciddi maliyyə problemləri ilə qarşılaşacaq: “Həm hərbi qarşıdurmanın davam etməsi, həm də COVİD-19 virusunun Ermənistanda yenidən sürətlə yayılması iqtisadi və sosial vəziyyəti daha da gərginləşdirəcək. Bu isə Ermənistanı xarici borc götürmək məcburiyyətində qoyur. Həddindən artıq borclanma isə Ermənistanın öz üzərinə götürdüyü maliyyə öhdəliklərini yerinə yetirə bilməməsi risklərini artırır ki, bu da Ermənistan iqtisadiyyatı üçün fəlakətli nəticələrə səbəb ola bilər. Ona görə də ciddi maliyyə problemlərinin mövcudluğu şəraitində uzun illər Ermənistan iqtisadiyyatını ayaq üstə saxlayan “borcu yeni borcla qaytar” yanaşması bu dəfə iflasa uğrayacaq”.

Mənbə: sia.az