Tarix yazan igid qəhrəmanlarımız

Tarix yazan igid qəhrəmanlarımız

II Qarabağ savaşı Xalqımızın ürəyinə su səpdi, bütün xalqlar arasında başımızı dik tutmağa, məğrur dayanmağımıza zəmin yaratdı. Təbii ki, xoş günləri, tarixi hadisəni bizlərə yaşadan ilk növbədə qəhrəman əsgərlərimiz oldu. Belə qəhrəman əsgərlərimizdən biri də Babayev İqbal Zəki oğludur.

İqbal 1985-ci ildə sentyabrın 10-da Xətai rayonunda dünyaya göz açıb və 257 saylı orta məktəbə yollanıb. Oorta məktəbi bitirdikdən sonra Xəzər Universitetinə qəbul olur, ikinci kursdan isə öz istəyi ilə Əmək və Əhalinin Sosial Müdafiəsi Akademiyasına keçir.

2018-ci ildə sözügedən Universitetin iqtisad fakültəsini bitirir. Elə həmin ilin iyun ayında hərbi xidmətə, Vətənin müdafiəsinə yollanır. Bir illik vətənə borcunu Naxçıvanda başa vurduqdan sonra 2019-cu ilin iyun ayında hərbidən təxris olunur. İqbalın arzusu bilik və bacarığını daha da artırmaq idi. Məhz bu səbəbdən təhsilini artırmaq üçün gecə-gündüz dövlət qulluğuna hazırlaşır. Fəqət, hamının səbirsizliklə gözlədiyi Qarabağ savaşı başlayır. Hər bir Vətənsevər gənclərimiz kimi, İqbalın da qəlbi Vətən sevgisiylə atırdı. O, Xətai rayon Hərbi Komissarlığına üz tutur və Vətən uğrunda döyüşmək, Vətənin müdafiəsinə yazılmağı özünə şərəf bilir. Çox keçmədən ona çağırış vərəqəsi gəlir və qəhrəmanımız ön cəbhəyə yollanır. Cəbrayıl, Füzuli, Zəngilan istiqamətində gedən döyüşlərdə aslanlar kimi düşmənə qan uddurur. Kim bilərdi ki, İqbal Azərbaycan xalqının xatirəsində əbədi dastan yazanlardan olacaq.

Cənub istiqamətində gedən döyüşlərdə mətinliklə vuruşan İqbalın rəşadətini Vətəni heç vaxt unutmayıb, onun cəsurluğuna şəhadət gətirəcək. Döyüşçü yoldaşlarının dediyinə görə, düşməndən azad olunmuş yaşayış məntəqəmizin birinə üçrəngli bayrağımızı asmaq üçün dörd nəfər könüllüyə ehtiyac olur. İqballa birlikdə dörd nəfər irəli atılır. Bayrağımızı yüksəkliyə asmaq İqbalın nəsibindəymiş. Vətənin igid oğlu üçrəngli nayrağımızı sancdıqdan sonra mənfur erməninin namərd gülləsinə tuş gəlir. Bu hadisə oktyabr ayının 25-nə təsadüf edirdi. Yenidən ərazi uğrunda düşmənlə döyüş gərginləşir. Təbii ki, çətin otaq relyefində hər qarış torpaq üçün usanmadan mücadilə etmək gərəkdir.

Beləliklə, İqbalın nəşini döyüş bölgəsindən çıxarmaq çətinləşir. Nəhayət, iki gündən sonra, yəni oktyabrın 27-si döyüşçü yoldaşları onun nəşini döyüş bölgəsindən çıxarmağa müvəffəq olurlar. Həyata əbədi gözünü yuman qəhrəmanımızı Beyləqan rayonuna gətirirlər. Atası Şirvan Apellyasiya Məhkəməsinin hakimi (Mülki Kollegiyanın sədri) Zəki Babayev öz qəhrəman

övladının nəşini Beyləqan rayonunda təhvil alır. Söz yox ki, hər bir valideynin çiyninə çökən ağır yük övlad itkisi yüküdür. Lakin şəhidlikdən doğan yük bilavasitə, həm də qürur lu yükdür. Ölməz qəhrəmanımız İqbal ata-baba yurdu Qəbələdə torpağa babasının yanında tapşırılır.

Şəhidlik zirvəsinə yüksəldin, Vətənin igid oğlu İqbal! Ruhun Şad olsun!

Qəhrəman şəhidimizin atası Zəki müəllimin dediklərindən: İqbal heç vaxt turşulu, acılı yeməzdi. Mən indi başa düşürəm ki, tanrı onu Şəhidlik çəqamına yüksəktmək üçün yaradıbmiş. Adətən, Şəhidlər xüsusi seçilmişlər olur. İqbal həmişə deyirdi ki, mən də babam kimi, nəslimizdə ad qoyacam. Babası Sovetlər birliyi dönəmində Sosialist Əməyi qəhrəmanı olub - Əlimirzəyev Əşrəf Oruc oğlu.

Babasına oxşamaq istəyirdi və istəyinə nail oldu. Həmişə Qarabağdan söz düşəndə damarlarında qanı qaynayır, Vətəni ermənilərdən azad etmək üçün çılğına dönür, döyüş atəşiylə yanırdı İqbal. Məhz elə bu səbəbdən onun tabutu Qəbələdə böyük izdihamla qarşılaşanda, bir amlıq o mənim deyil, Azərbaycanın övladı olduğunu hiss etdim. Tələbə yoldaşları bizi mütəmadi ziyarət etdikcə ürəyim dağa dönür. Onların hər birinə minnətdaram. Məni sevindirən bircə məqam da odur ki, Ali Baş Komandan İlham Əliyevin səyi nəticəsində xalqımız döyüşə səfərbər oldu və torpaqlarımız azad edildi. Əsgərlərimiz bütün dünyaya öz gücünü göstərdi. Başımız sağ olsun!

P.S. Zəki ata, Ülviyyə ana, başınızı dik tutun, Siz Şəhid valideynlərisiniz. Bu şərəf hər bir valideynə nəsib olmur. Vətən sağ olsun!

Məmmədhəsən MƏMMƏDOV

Mənbə: sia.az