Ali Baş Komandanın siyasəti xalqı yumruq kimi birləşdirdi

Ali Baş Komandanın siyasəti xalqı yumruq kimi birləşdirdi

İndi ölkəmiz həyatının çox əlamətdar və tarixi günlərini yaşamaqdadır. Sentyabrın 27-də əks hücum əməliyyatları ilə başlayan Qarabağ savaşı nəticəsində işğal altında olan ərazilərimizin işğaldan azad olunması, Azərbaycan, Rusiya və Ermənistan siyasi rəhbərləri tərəfindən imzalanmış Birgə Bəyanatın qüvvəyə minməsi böyük Qələbəni gerçəkləşdirdi.

Ard-arda Füzuli, Cəbrayıl, Zəngilan rayonlarının, Şuşa şəhərinin və 330-dək yaşayış məntəqəsiinin düşməndən geri alınması qələbəyə gedən yolumuzu açdı. Son 30 il ərzində erməni faşistlərinin torpaqlarımızda həyata keçirdiyi işğalçılıq siyasətinə müzəffər ordumuz tərəfindən son qoyuldu və düşmən təslim oldu. Müzəffər Azərbaycan Ordusu Ermənistanın hərbi bnirləşmələrinə ağır zərbələr endirərək, onların işğalçılıq siyasətinə son qoydu.

30 il bütün dünya ictimayyətini həyasızcasına aldadan Ermənistan rəhbərliyi sözdə sülh tərəfdarı olduğunu, Dağlıq Qarabağ münaqişəsinin danışıqlar yolu ilə həllinin mümkünlüyünü bəyan edirdi. Amma əməli fəaliyyətində isə düşmən ölkə tam əksinə, Dağlıq Qarabağda, Füzulidə, Cəbrayılda, Ağdamda, Ağdərədə müdafiə istehkamları quraraq işğal etdikləri torpaqları qaytarmamaq üçün məkrli planlar qururdu. Bəs sonu nə oldu?! Möhtərəm Prezident və Ali Baş Komandanın dediyi kimi, “nə oldu Paşinyan?”. İstehkamlar dağıdıldı, düşmənin hərbi texnikası, minlərlə əsgər və zabiti məhv edildi, çox sayda hərbi texnika və silah-sursat qənimət olaraq götürüldü.

Bu bizim haqq işimizin təntənəsi idi. Bu həm də Azərbaycan alqını ətrafında yumruq kimi birləşdirən Ali Baş Komandanın tarixi qələbəsi idi. Şah İsmayılın, Nadir şahın qurduğu imperiyaların süqutundan sonra torpaq itirə-itirə gələn Azərbaycan ilk dəfə idi ki, ərazisinin mühüm və strateji bir hissəsini-- Qarabağı özünə qaytarmaqla şanlı tarixinin yeni səhifəsini yazmış oldu. Bununla da Azərbaycan tarixi torpaqlarını qaytarmağa nail oldu.

Bu günlərdə hələ barıt qoxusu çəkilməyən torpaqlara cənab Prezidentin öz xanımı, Birinci vitse-prezidentlə birlikdə səfər etməsi isə yeni bir fədəkarlıq nümunəsidir. Bu çox riskli addımı ilə Ali Baş Komandan xalqın yanında olduğunu bir daha ortaya qoydu. İşğaldan azad edilmiş torpaqlara gedən Prezident İlham Əliyev həm də bütün dünyaya yeni bir mesaj verdi: Azərbaycan xalqı tarixi torpaqların sahibidir və bu gün onun sahibləri bu torpaqlarda rahat və qorxuzuz gəzə bilər. Bu həm də Azərbaycan dövlətinin gücünün, haqq savaşında qalibiyyətinin təntənəsi idi.

Ali Baş Komandan İlham Əliyev erməni tapdağından təzəcə qurtarmış əzəli torpaqlara getməsi ilə buraya qayıtmaq istəyən xalqın inamını və arzusunu dəfələrlə artırmış oldu. Prezident bu tarixi səfəri ilə erməni vandalizminin sifətini də beynəlxalq ictimaiyyətə göstərdi. Həm də bütün dünyaya böyük bir çağrış edildi: Görün ermənilər necə vəhşiliklər törədiblər, bir dənə də olsun salamat tikili belə qoymayıblar, tarixi abidələri, hətta qəbristanləıqları belə “eşiblər”. Prezident İlham Əliyev işğaldan azad olunmuş ərazilərə səfəri zamanı onu da vurğuladı ki, “Azərbaycan vətəndaşları bütün xalqların, dinlərin nümayəndələri ilə normal yaşayırlar, mehribanlıq, sülh şəraitində yaşayırlar. Bizim erməni xalqı ilə işimiz yoxdur ”.

Bu gün də vəhşiliklərindən çəkinməyən, Kəlbəcərdən və ağdamdan çıxarkən evləri, meşələri yandırıb viran qoyan ermənlərin vandal xislətini, yaramaz əməllərini dünya görür. Doğma yuvalarını tərk edəndə bir ovuc torpaq götürüb, qışın qar-çovğununda günlərlə ayaqyalın, başıaçıq yol gedib canını qurtaran azərbaycanlıları onlarla müqayisə etmək tarixi haqsızlıq olardı. Bütün bunları bilə-bilə Azərbaycan dövləti yeni bir hümanizmi ilə onlara daha 10 gün də vaxt verdi ki, murdar ayaqları müqəddəs torpaqlardan kəsilsin.

Möhtərəm Prezidentin Qarabağa tarixi səfəri hərbi kapitulyasiyaya məruz qalan, tənəzzülə uğrayan, amma yerdə qalan 3 rayondan çıxmamaq üçün bəhanələr axtaran və bəyanatdakı öhdəliklərinə əməl etməməyə çalışan Ermənistan üçün də ciddi bir çağırış idi: Qarabağ Azərbaycandır! Biz Azərbaycanın hər yerinə gedəcəyik. Hər qarış torpağımızı azad edəcəyik, ölkəmizin ərazi bütövlüyünü bərpa edəcəyik. Eyni zamanda, cənab Prezidentin də səsləndirdiyi kimi: “Heç bir status haqqında söhbət gedə bilməz. Vahid Azərbaycan dövləti var. Çoxmillətli, çoxkonfensiyalı, mütərəqqi Azərbaycan dövləti var”.

Yaşadığımız günlər Azərbaycan tarixinin ən zəfərli və şöhrətli günləridir. Noyabrın 12-də Azərbaycanda müstəsna əhəmiyyətli dövlət bayramı — Azərbaycan Respublikasının Konstitusiya Günü qeyd olundu. İyirmi beş il bundan öncə, 1995-ci ildə ümumxalq referendumu yolu ilə suveren dövlətin əsas qanunu-- müstəqil demokratik hüquqi cəmiyyətin təminatçısı olan Azərbaycan Konstitusiyası qəbul edildi. Müstəqil Azərbaycanın son 25 ildə keçdiyi yola nəzər salanda görürük ki, Azərbaycan Respublikasının Konstitusiyası böyük hüquqi, siyasi və ideoloji potensiala malikdir və Azərbaycan xalqının rifahına xidmət edir. Bu konistitusiya hakimiyyət və xalq birliyinin təminatçısıdır.

Azərbaycan xalqı, o cümlədən ədliyyə işçiləri və hakimlər xalqımıza qələbələr bəxş edən dövlət başçımızın-- Prezi­dent, Ali Baş Komandan İlham Əliyevin və Azərbaycan Ordusu­nun arxasındadır. Ədliyyə naziri Fikrət Məmmədovun Ermənistanın Azərbaycana qarşı hərbi təxribatı ilə bağlı xarici həmkarlarına müraciəti dövlət başçımızın informasiya cəbhəsindəki yorulmaz fəaliyyətinə ciddi dəstəkdir. Bu birlik tarixi Qara­bağı qaytardığı kimi, Qarabağa nor­mal həyat və inkişaf da gətirəcək. Ərazi bütövlüyünü bərpa edən, tarixi torpaqlarında üçrəngli bayrağını ucaldan Azərbaycan dövləti Qarabağ savaşəndakı tarixi qələbədən sonra daha da qüdrətlənəcək. Ali Baş Komandanımız, möhtərəm Prezidentimiz İlham Əliyevin liderliyi ilə xalqımız daha böyük gələcəyə, xoş sabahlara qovuşacaq.

Könül MƏMMƏDOV,
Şəmkir Rayon Məhkəməsinin sədri

Mənbə: xalqqazeti.com