Azərbaycanda pandemiya birja bazarına təsir etməyib, əksinə aktivlik artıb

Azərbaycanda pandemiya birja bazarına təsir etməyib, əksinə aktivlik artıb

Dünya bazarında birjalarda vəziyyət həmişə dəyişkəndir. Üstəlik səhmlərin bazar payı davamlı şəkildə kəskin dinamika ilə dəyişir. Qlobal iqtisadi proseslər qiymətli kağızların dəyərində müxtəlif formada özünü göstərir. Əslində, birja bazarında proseslər digər bazar əməliyyatları ilə müqayisədə fərqli cərayən edir.

Məsələn, ABŞ-da prezident seçkilərindən sonra beynəlxalq birja indekslərində artım müşahidə olunub. Hətta, son dövrlərdə dollar indekslərində azalma müşahidə olunsa belə seçkilər ərəfəsində və sonradan dollar indeksində artım qeydə alınıb.

Dünya miqyasında birja bazarına geniş maraq var. Lakin, birjalardan gəlir əldə etmək üçün prosesləri daimi izləmək lazımdır. Çünki burada hesablanmamış dəyişikliklər baş verir. İlk növbədə karlı hesab edilən səhmlər daha sonra dəyər itirməyə başlaya bilər. İstiqrazlar isə risklilik dərəcəsi az olan qiymətli kağızlar hesab edilə bilər.

Azərbaycanda birja bazarındakı vəziyyətlə bağlı Bakı Fond Birjasının Biznesin İnkişafı Qrupunun baş mütəxəssisi Müseyyib Mehdiyev Oxu.Az-a bildirib ki, ölkəmizdə kapital bazarlarında aktivlik var və bazara ötən ilə nisbətən maraq artıb.

Onun sözlərinə görə, 2020-ci il ərzində korporativ istiqrazlar üzrə bir neçə kütləvi yerləşdirmə həyata keçirilib və yerləşdirmələrdə fiziki investorlar yüksək aktivlik göstərib.

“Dövlət müəssisələrindən xüsusilə “AzerGold” QSC istiqrazlarına maraq yüksək olub, təxminən, 40-dan çox investor hərracda iştirak edib və birinci tranş üzrə yerləşdirmədə tələb təklifi 2,5 dəfədən çox üstələyib. Yerləşdirmədə iştirak edən investorların böyük hissəsi fiziki şəxslər olub”.

O bildirib ki, birjada əsas aktivlik təkrar bazarla ölçülür və təkrar bazar dövriyyəsi ötən ilə nisbətən artıqdır:

“Ümumilikdə, birja bazarına ötən ilə nisbətən maraq artıb. Maraq səhm bazarı və istiqrazlar üzrə yuxarıdır. Hazırda, 2020-ci ilin yanvar-oktyabr ayları üzrə ümumi təkrar bazar həcmində ötən ilin müvafiq dövrünə nisbətən 60 faizə qədər artım müşahidə edilib. Eyni zamanda, korporativ qiymətli kağızlar bazarı üzrə 97 faiz, repo əməliyyatları üzrə 81 faiz, səhmlər üzrə ilkin bazarda 132 misli, səhmlər üzrə təkrar bazarında isə 15 misli qədər böyümə qeydə alınıb.

Kapital bazarları həmişə maliyyə imkanları ilə doludur və kapital bazarlarında daim ticarət etmək imkanı olduğu üçün ölkə iqtisadiyyatından aslı olmayaraq birjada aktivlik arta bilir”.

M. Mehdiyev qeyd edib ki, növbəti illərdə digər dövlət şirkətlərinin də “AzerGold” QSC kimi istiqraz buraxılışı etməyini gözləyirik:

“Bu il pandemiyaya baxmayaraq böyük həcmdə 4 korporativ istiqraz yerləşdirilməsi gerçəkləşdirilib. Yaxın zamanda bir neçə belə istiqraz buraxılışlarının da gerçəkləşməsi gözlənilir. Pandemiya ilə bağlı vəziyyəti nəzərə aldıqda bu böyük rəqəmdir”.

Azərbaycanda gəlirlilik dərəcəsi yüksək olan qiymətli kağızlar hansılardır?

“Hazırda dollar ilə olan istiqrazlarda “AzerGold” nominal dəyərlə 4 faiz gəlirlilik təklif edir. Təkrar bazarda isə SOCAR istiqrazları təxminən 2,9 faiz və 3,3 faiz gəlirliliklə ticarət olunur. Eyni zamanda, manatla olan istiqrazlar üzrə bu il yerlədirilməsi həyata keçirilən “Ferrum Kapital” istiqrazlarında 12,5 faiz gəlirlilik mövcuddur.”

Nigar Məmmədova

Mənbə: www.oxu.az