Məşhur həkimdən SOS: Bu halda dərman qəbul etmək olmaz!

Azərbaycan Tibb Universitetinin Tədris Terapevtik Klinikasının Şüa diaqnostikası şöbəsinin müdiri, radioloq Aydın Əliyev COVID-19-a yoluxma sayının kəskin artımı barədə xəbərdarlıq edib.

Publika.az xəbər verir ki, həkim bununla əlaqədar olaraq hormonal preparat olan “Deksametazon” qəbul edənlərin sayının həddindən çox olduğunu bildirib. O qeyd edib ki, həkim nəzarəti olmadan bu dərmanı qəbul etmək ciddi fəsadlara yol aça bilər:

“Əksər insanlar panikadadır! Özlərini itiriblər: lazım oldu-olmadı antibiotik qəbul edən, sistem qoşduran, vitaminlər, hormonal preparat olan “Deksametazon” qəbul edənlərin sayı həddindən çoxdur! Qətiyyən qorxmayın, sağlam düşüncəni itirməyin! İnsanın başına nə bəla gəlirsə, sağlam düşüncəni itirməkdən gəlir! Əksər insanlar- təqribən 80-90% bu xəstəliyi yüngül keçirir, qorxmayın qətiyyən! Qorxu, panika, stress immuniteti zəiflədir.

38 dərəcəyə qədər hərarət, yüngül halsızlıq, başağrısı, iybilmə və dadbilmənin pozulması, əzələ, oynaq, bel ağrıları, iştahsızlıq, yüngül öskürək xəstəliyin yüngül əlamətləridir. Panik olmayın, bu halda heç bir dərman qəbul etmək lazım deyil! Mən müalicə həkimi deyiləm, amma bu şikayətlərlə bir çox xəstələri antibiotik, sistem qəbul etməkdən çəkindirmişəm və sağalıblar!

İnsan orqanizmində təbii olaraq virus əleyhinə təsir göstərən interferon 38,6 dərəcədə daha çox istehsal edilir. Nəzərə alsaq ki, daxili orqanların temperaturu normalda belə 38 olur, o zaman qoltuqaltı temperatur 38-ə qədər olanda dərman qəbul etmək lazım deyil, çünki o zaman daxili orqanlarda hərarət 39-a qədər qalxır və orqanizm virusun öhdəsindən gəlir.

Yanaşı ağır xəstəlikləri olan şəxslərdə isə yanaşma fərqli olmalıdır. Çünki onların immuniteti zəifdir, xüsusən ağır şəkərli diabeti olan və orqan köçürülən (transplantasiya edilən), dializ alan və oxşar ağır xəstəliyi olan xəstələr. Bəli, belə xəstələr xəstəxana şəraitində müalicə olunmalıdırlar!

80-90% insanlar normal qidalanmaqla, limon, soğan, sarımsaq, mürəbbəli çay, təzyiqi olmayanlar çoxlu maye qəbul etməklə bu xəstəliyin öhdəsindən asanlıqla gələ bilər. Payız mövsümü olduğundan, günəş az olduğundan əgər D vitamini çatışmazlığı varsa, analizlə dəqiqləşdirmək şərtilə vitamin D qəbul etmək olar”.

Həkim ağır xəstələrin xəstəxanaya yerləşdirilməsini məsləhət görüb:

“Tibbi maska geyinək, ara məsafəsi saxlayaq, əl gigiyenasına fikir verək!”

Aytən Məftun

Publika.az

ƏVVƏLKİ XƏBƏR

Türk qadın ABŞ-da prezident seçkilərində ilkə imza atdı

SONRAKI XƏBƏR

Göbək rəqsi çalındıqca, göbələk kimi bitdi anuşlar, haykanuşlar...