“Körpülər, binalar, yaşayış evləri belə minalanıb” - İctimai fəal Şuşaya getmək istəyənlərə səsləndi

“Körpülər, binalar, yaşayış evləri belə minalanıb” - İctimai fəal Şuşaya getmək istəyənlərə səsləndi

"İşğaldan azad edilmiş torpaqlarımızda bir çox yollar, strateji körpülər, bəzi binalar, hətta yaşayış evləri belə minalanıb. Yanlış bir yerə bircə toxunuş, bircə addım son toxunuş, son addım ola bilər".

"AzPolitika.info" xəbər verir ki, bunu ictimai fəal, orduya dəstək kampaniyasının əsas təşəbbüskarlarından olan Bəxtiyar Hacıyev deyib. Onun sözlərinə görə, işğaldan azad olunmuş bir çox yerlərdə ya bilməyərəkdən, ya da Paşinyana tabe olmadığına görə partizan kimi döyüşmək istəyən ermənilərin qalması ehtimalı var. "Qənimət üçün evlərə girənlərin zəhərlənməsindən tutmuş, yaralanaraq evdə gizlənən erməni əsgərinin bizimkilərə atəş açmasına qədər xəbərlər gəlir", - ictimai fəal vurğulayıb.

B.Hacıyev deyir ki, bəzi yollar, xüsusilə Şuşaya aparan yolun palçıqlı, sürüşkən olması orada texnikaya və insanların həyatına ciddi risk yaradır: "Məsələn, Ərgünəş zirvəsinə qaranlıqda yardım çatdırmağa çalışanda yoldakı palçıq sürüşkənliyi, yolun uçurumlarla əhatə olunmuş dar, dolaşıq yoldan ibarət olması hər an texnikanın uçurumdan aşağı yuvarlanması riskini yaşadırdı".

İctiami fəal bu fikirləri bir neçə əsas səbəbə görə yazdığnı ifadə edib: "Birincisi, çox adam ən qısa zamanda işğaldan azad edilmiş torpaqlarımıza getmək, oraları görmək istəyir. Çox adam elə bilir ki, Şuşa yolu Bakı-Yevlax yoludur, mülki maşında oturub, qalxacaq və düşəcək. Buna görə də oradakı zabitləri çox incidirlər ki, bizi Şuşaya qaldır. Ancaq düşünmürlər ki, addımbaşı ölüm riski var və başqalarını da riskə atırlar. Ona görə də kimisə sıxmaq lazım deyil, dövlət oraları minalardan təmizləsin, yollar çəkilsin, 1 ay gec, 1 ay tez, hamı gedəcək. Döyüşlər dayansa da, ərazi hələ də təhlükəlidir".

Bəxtiyar Hacıyev qeyd edib ki, dostlarından Haldun Novruzzadənin ön cəbhəyə yardım aparan komandasından 2 nəfər və əlavə sürücü, bələdçi minaya düşüblər. "2 nəfərdən birini minanın təzyiqi kənara atıb, digərinə isə snayperlə atəş açıblar, ikisi də bir neçə saatdan sonra bizim hərbçilərimizin olduğu yerə çatıblar. Sürücü və könüllü bələdçidən isə hələ də xəbər yoxdur".

"AzPolitika.info"

Mənbə: azpolitika.info