Özəl məhkəmə eksperti qismində fəaliyyət göstərmək istəyənlərə ödənişli icbari təlim keçiləcək

Özəl məhkəmə eksperti qismində fəaliyyət göstərmək istəyənlərə ödənişli icbari təlim keçiləcək

Ədliyyə Nazirliyinin Kollegiyası “Özəl məhkəmə eksperti qismində fəaliyyət göstərmək istəyən şəxslərlə icbari təlimin keçirilməsi Qaydası”nı təsdiq edib.

APA-nın məlumatına görə, Qayda noyabrın 22-dən qüvvədədir.

Qayda özəl məhkəmə eksperti qismində fəaliyyət göstərmək istəyən şəxslərlə icbari təlimin keçirilməsi qaydasını müəyyən edir. Qaydanın məqsədi özəl məhkəmə eksperti qismində fəaliyyət göstərmək istəyən şəxslərin məhkəmə ekspertizası fəaliyyətinə dair qanunvericiliyin ümumi tələblərini, ekspert rəyinin tərtib edilməsi qaydalarını və etik davranış kodeksinin müddəalarını öyrənmək məqsədilə icbari təlimini təşkil etməkdir. İcbari təlimdə özəl məhkəmə eksperti olmaq istəyən ali təhsilli şəxslər iştirak edə bilərlər.

Özəl məhkəmə eksperti qismində fəaliyyət göstərmək istəyən şəxslərin icbari təlimi Ədliyyə Nazirliyinin Ədliyyə Akademiyası tərəfindən bu Qaydaya uyğun olaraq il ərzində iki dəfədən az olmayaraq internet informasiya ehtiyatı vasitəsilə təşkil olunur. İcbari təlimin keçiriləcəyi vaxt barədə kütləvi informasiya vasitələrində, o cümlədən Ədliyyə Nazirliyinin (www.justice.gov.az) və Ədliyyə Akademiyasının (www.academy-justice.gov.az) rəsmi internet səhifələrində təlimin başlanılmasına azı 10 gün qalmış elan verilir.

Mənbə: apa.az