Azərbaycan - meşələr ölkəsi

Azərbaycan - meşələr ölkəsi

Meşələr eroziyaya qarşı ən effektli mübarizə vasitəsidir

Həyatımızı ağacsız, meşəsiz təsəvvür etmək mümkün deyil. Meşə təkcə maddi nemətlərin yaradılmasından ötrü istifadə edilən xammal mənbəyi (taxta-şalban, oduncaq, kağız istehsalı və s.) deyil, onun əvəzsiz ekoloji, rekreaksion, estetik, mənəvi dəyəri var. Meşələr sonsuz sayda bitki, heyvan və həşarat növlərinin yaşam yeri, ağac, qida, yem, texniki, dərman bitkiləri və başqa resursların mənbəyidir. Meşədə ağaclar, kollar, otlar, qıjıkimilər, mamırlar, göbələklər yetişir, iri heyvanlar, quşlar, sürünənlər, yağış qurdları və başqa orqanizmlər yaşayırlar. Bunlardan bəzilərinin başqa mühitdə yaşaması mümkün deyil. Meşə onların yaşam yeridir və meşəsiz mövcud ola bilməzlər. Məhz onların birgə yaşayışı meşəni təşkil edir. Onun tərkibinə təkcə orqanizmlər deyil, onları mürəkkəb zəncir kimi bir-birinə bağlayan proseslər və dövranlar da daxildir.

Lakin meşə onu təşkil edən çoxlu sayda növlərin birgə yaşaması deyil, daha böyük anlayışdır. Meşə örtüyü Yer kürəsinin ən iri ekosistemini təşkil edir. Bura canlılar üçün həyat əhəmiyyəti olan oksigenin mənbəyidir. Belə ki, fotosintez prosesində-karbonun udulmasında, atmosferdə oksigen balansının formalaşmasında, həmçinin, torpaqların münbitliyinin qorunmasında və şirin su mənbələrinin yaranmasında meşə örtüyünün rolu əvəzsizdir.

Meşələr dünyanın tükənən, eyni zamanda, bərpa olunan resursları kateqoriyasına aiddir. Hazırda Yer kürəsində meşələrin ümumi sahəsi təqribi hesablamalara görə, 5,12 mlrd.ha (bəzi mənbələrdə 4,32; 3,96; 3,60; 3,44; 3,00 mlrd.ha) olub, quru səthinin 37%-ni (uyğun olaraq 32, 30, 27%-ni) örtür. Meşə örtüyü qitələr və ayrı-ayrı ölkələr üzrə qeyri-bərabər şəkildə paylanmışdır. Ərazisinin meşəlik dərəcəsinə görə ən yaxşı təmin olunmuş ölkələr Finlandiya (ərazisinin 76%-i meşələrlə örtülüdür), Kamboca (69%), İsveç (68%), Braziliya (66%), Koreya Respublikası (66%), İndoneziya (60%), Malayziya (54%), Konqo Demokratik Respublikası (50%), Kanada (49%), Rusiya (45%), Myanma (44%), ABŞ (32%) hesab olunur.

Əhalinin adambaşına meşə resursları ilə təmin olunmasının dünya üzrə göstəricisi 0,6 (bəzi mənbələrdə 0,48 ha) hektar təşkil edir və bu göstərici də meşəsizləşdirmə hesabına ildən-ilə azalmağa doğrudur. Meşə resurslarının adambaşına düşən həcminə (sahəsinə) görə aşağıdakı ölkələr seçilir: Surinam - 36 ha, Kanada - 16 ha, Venesuela -11 ha, Avstraliya - 7 ha, Rusiya - 5,5 ha, Finlandiya - 5 ha, Braziliya - 2,5 ha.

Dünyanın 10 ölkəsi meşə örtüyündən tamam məhrumdur, 54 ölkədə isə meşələr ölkə ərazisinin 10%-dən azını örtür. Vaxtilə yaşadığımız planetin quru ərazisinin az qala yarıya qədəri meşələrlə örtülü olub. İndi bu rəqəm iki dəfə azalıb. Hesablamalar göstərir ki, insan cəmiyyətinin son 5000 illik tarixi ərzində meşələrin 1,8 mlrd.hektarı məhv edilmişdir. Bu proses bir qədər intensiv şəkildə indi də davam etməkdədir. Belə ki, tropik meşələrin ümumi sahəsi ildə 1% azalır və hər il quru səthinin 360 min hektarı meşəsizləşməyə məruz qalır. Latın Amerikası və Asiya ölkələri artıq həmişəyaşıl tropik meşələrinin 40%-ni, Afrika ölkələri isə 5%-ni itirib. Məsələn, son 100 ildə Argentina meşələrinin 70%-ni itirmişdir. Bu gün meşə massivlərinin ümumi ərazisi bu ölkədə 33 mln 190 min hektar təşkil edir. Halbuki bu göstərici 1900-cu ildə 100 mln.hektardan çox olmuşdur.

Meşələrin qırılması son 10 ildə daha sürətlə getmişdir. Bu, ölkənin əsas ərzaq və ixracat məhsulu olan soya əkinlərinin genişlənməsi ilə əlaqədar olmuşdur.

Bundan başqa, dünyadakı ağac növlərindən 10 faizi, yəni 8 mindən çox ağac növü yox olmaq təhlükəsi ilə üzləşib. İnsanların meşələri qırmasının üstünə təbii fəlakətləri, meşə yanğınlarını da gələndə, meşələrdən əsər-əlamət qalmır. Həm də, dünyada baş verən meşə yanğınlarının cəmi 4 faizi ildırım vurması, vulkan nəticəsində və s. təbii səbəblərdən baş verir. Əksər yanğınlarsa qəsdən və ya yanlış aparılan meşə təsərrüfatı siyasəti nəticəsində insanlar tərəfindən törədilir. Son illər baş verən yanğınlar Sakit okean bölgəsi, Aralıq dənizi hövzəsi və Şimali Amerika bölgələrində meşə sahələrinin azalmasına gətirib çıxarıb. Ancaq yanğınların meşələrə vurduğu ziyan ağacların kortəbii, amansızcasına qırılması ilə müqayisəyə gələ bilməz. Təqribi hesablamalara görə, dünyada icazəsiz ağac kəsmələri ilə ortaya çıxan illik itki 10 milyard dollardır.

Planetimizdə meşəsizləşmənin törətdiyi ekoloji fəsadlar aşağıdakılardan ibarətdir: meşəsizləşdirmə karbon qazının udulma kanallarının itməsinə, enerji, su və biogen elementlərin dövranının dəyişməsinə səbəb olur, atmosferin kimyəvi tərkibinə təsir göstərir, karbonun artmasına və oksigenin azalmasına səbəb olur; meşəsizləşdirmə lokal, regional və qlobal səviyyələrdə iqlim şəraitinin dəyişməsinə gətirib çıxarır; meşəsizləşdirmə biosferin davamlığını aşağı salır, daşqınların, sellərin, su eroziyasının, tozlu tufanların, quraqlıq və quru küləklərin dağıdıcı gücünü artırır, səhralaşma prosesini tezləşdirir; meşəsizləşdirmə ilə əlaqədar bitki örtüyü və heyvanat aləminin bioloji müxtəlifliyi və bütövlükdə biosfer kasadlaşır.

Meşəsizləşmənin yaratdığı fəsadları göz önünə gətirərək bir çox ölkələr meşələrin mühafizəsi istiqamətində ciddi addımlar atmaqdadır. Məsələn, Pakistanda “milyard ağac sunamisi” layihəsi çərçivəsində 42 növdən ibarət 1 milyard ağacın basdırılması və böyük massivlərdə meşələrin bərpası planlaşdırılmışdır. 300 milyon ağac dövlət, 150 milyon ağac isə torpaq mülkiyyətçiləri tərəfindən basdırılmışdır. “Milyard ağac sunamisi” elə bir zamanda həyata keçirilir ki, Pakistanda meşə sahələri təhlükəli minimuma - 5.2%-ə kimi azalmışdır. Bu, BMT-nin təklif etdiyi 12%-dən xeyli azdır. 2014-cü ildə başlamış bu layihə 2020-ci ildə başa çatacaq.

ABŞ-da meşə bərpa işlərinin böyük miqyası ilə yanaşı, meşə məhsullarına olan ehtiyacın azaldılmasına da böyük önəm verilir. Belə ki, hər il ABŞ-da 1,6 trln.ton kağızdan istifadə olunur. Lakin 2006-cı ildən bəri ofislərdə kağızdan istifadənin ildə 1-2% azalması müşahidə edilir. 2016-cı ildə kağızdan istifadə 2007-ci illə müqayisədə 10% az olmuşdur. Mütəxəssislərin nəzərincə, kağızların elektron sənədlərlə əvəzlənməsi yaxın 15-20 ildə başa çatacaq. Bu isə 100 minlərlə ağacın kəsilməsinin qarşısını alacaq.

Finlandiya Avropanın ən meşəli ölkəsi hesab olunur. Ölkə ərazisinin 76%-i (23 mln.ha) meşələrlə örtülüdür. Bununla belə, ölkənin meşə qanunvericiliyi qırılmış meşələrin bərpasını və meşələrdə qida maddələrinin dövranının pozulmasının qarşısını almaqdan ötrü, ağaclar kəsilən zaman budaqlarının yerindəcə təmizlənməsini tələb edir. Ölkə üzrə meşələrin illik artımı 75 mln.m3, oduncaq tədarükünün həcmi 64 mln.m3 təşkil edir. Bu səbəbdən də meşə resurslarının illik artımı ildə 10 mln.m3 təşkil edir və ölkə ərazisində meşə sahələrinin ildən-ilə genişlənməsi müşahidə olunur.

Dünyanın bir çox ölkələri ilə müqayisədə respublikamız azmeşəli ölkə sayılır. Azərbaycanın meşə ilə örtülü sahələri 1021,88 min hektar təşkil etməklə, ümumi ərazinin 11,8%-nə qədərdir. Hər adambaşına təqribən 0,12 ha meşə sahəsi düşür ki, bu da ümumdünya miqyasında götürülən müvafiq orta rəqəmdən 4 dəfə (0,48 ha) azdır. Meşələrimizin 90%-i (təxminən 800 min ha) dağ yamaclarında yerləşib böyük torpaq qoruyucu-su nizamlayıcı rola malikdir. Bu səbəbdən onlar təsərrüfat istifadəsindən kənarlaşdırılaraq, qorunur. Düzən ərazilərdə yalnız 90 min hektara yaxın meşə qalmışdır ki, bu da respublikanın meşə ilə örtülü sahəsinin 10%-ni təşkil edir.

Azərbaycanda meşələr növ zənginliyi ilə məşhurdur. Burada 435 növ ağac və kol bitir, onlardan 70-i endemik növlərə aiddir. Bütün respublika ərazisi üçün enliyarpaqlı meşələr səciyyəvidir. Meşələrimiz əsasən üç ağac növündən - fıstıq, vələs və palıddan ibarətdir. Onlar bütün meşə örtüyünün 86,2%-ni təşkil edir.

Azərbaycanda meşəsizləşmənin dəqiq başlanğıc tarixi məlum deyildir. Qədim Yunan və Roma mənbələrində Azərbaycan ərazisi başdan-başa meşələrlə örtülmüş ölkə kimi təsvir olunur. Ehtimal olunur ki, kütləvi qırılmalara baxmayaraq, XVII əsrdə ölkəmizin ərazisində meşəlik faizi 45-50%-dən az olmayib. Artıq XVIII-XIX əsrlərdə indiki Azərbaycan ərazisinin 35%-i meşə ilə örtülü olmuşdur. XIX əsrin sonu və XX əsrin əvvəllərində qoz, palıd və digər qiymətli ağac növləri bəzi rayonlarda başdan-başa kəsilmiş, əkinçilik və maldarlığın inkişafı ilə əlaqədar olaraq geniş sahələr məhv edilmişdir. Bu proses dövlət tərəfindən ciddi tədbirlərə baxmayaraq, XX əsr ərzində və yaşadığımız günlərdə də davam etməkdədir.

Qeyd edək ki, Azərbaycan Respublikasının meşə fondu dağ və düzən meşələrindən ibarətdir. İqtisadi və ekoloji əhəmiyyətinə, yerləşməsinə və yerinə yetirdiyi funksiyalara görə, ölkənin meşə fondu birinci qrup meşələrə aid olub aşağıdakı qoruyucu kateqoriyalara bölünür: qoruq meşələri; kurort meşələri; xüsusi qiymətli meşə massivləri; şəhərlərin və digər yaşayış məntəqələrinin ətrafındakı yaşıllıq zonalarının meşələri; yabanı meyvə meşələri; dövlət qoruyucu meşə zolaqları; sair meşələr.

Azərbaycan ərazisinin meşələşdirilməsi hazırda su resurslarının qorunması, alternativ enerji mənbələrinə keçidlə yanaşı, ön planda durur. Respublikamızda meşələrin bərpası və genişləndirilməsi bir neçə ekoloji problemin həllinə yönəlmişdir desək, səhv etmərik. Bunlar aşağıdakılardır:

Birincisi, Azərbaycan ərazisinin meşələşdirilməsi (azı 30% örtük əmələ gətirməklə) tarixi ədalətin bərpasıdır və bununla da ölkəmizin estetik görkəmini bərpa etmiş olarıq. Tarixi sənədlər sübut edir ki, Lənkəran zonasında XIX əsrin 60-cı illərində meşələr Biləsuvar rayonu ərazilərinə kimi örtürdü. Eyni zamanda, Bərdə rayonu ərazisinin 50%-i meşələrdən ibarət olub;

İkincisi, Azərbaycan ərazisində meşələrin 30%-ə kimi artırılması (həm düzən, həm də dağlıq ərazilərdə) qlobal iqlim dəyişmələrinə əsaslı töhfəmiz ola bilərdi. Tədqiqatlar göstərir ki, meşələrin sahəcə artması ilə yay fəslinin temperaturunun şiddətinin mülayimləşməsi arasında korrelyativ əlaqə var. Meşələşmə quraqlığın qarşısının alınmasında, lokal və regional yağıntıların miqdarının artmasında təsirli vasitədir;

Üçüncüsü, meşələrin bərpası eroziyaya qarşı ən effektli mübarizə vasitəsidir. Çay hövzələrinin meşələşmə dərəcəsindən asılı olaraq çayların bulanıqlığı azalır, onların sululuğu artır, sürüşmə və sel hadisələrinin təkrarlığı azalır;

Dördüncüsü, meşələr həmçinin, biomüxtəlifliyin bərpa olunmasında, kökü kəsilməkdə olan ağac, kol bitkilərinin, bir çox heyvan və quşların yenidən Azərbaycan ərazisinə qayıtmasında əhəmiyyət kəsb edə bilər.

Nəhayət, meşə örtüyü estetik və rekreasion əhəmiyyət daşıdığına görə iqtisadiyyatın mühüm sahəsi olan turizm, xüsusən də ekoloji turizmin inkişafı üçün əlverişli zəmin yarada bilər.

“Paralel”in
Araşdırma Qrupu
Yazı Azərbaycan
Respublikasının
Prezidenti yanında
KİV-ə Dövlət Dəstəyi
Fondunun maliyyə
dəstəyi ilə çap olunub

 

Mənbə: paralel.az