Dəyərlərə sədaqət...

Dəyərlərə sədaqət...

Və ondan yaranan sağlam cəmiyyət

Bazis və üstqurumun əsasında nələrin dayandığını bilənlər bilir. Ailə dəyərlərinin də bütün olanlardan üstün tutulduğu vaxtlar vardı. Zamanla o da atrofiyaya uğradı. Onu, bütün millətlərdən fərqimizi aydın şəkildə göstərən, ortaya qoyan o qiymətli dəyəri indi əldə çıraqla axtarmaq gərəkir. Çünki nələrəsə dəyər-dəyməzinə “satılan” o dəyərlər azalıb. Kiminsə, az sayda kimlərinsə ailəsində qalıbsa, evində, ocağında ona yer varsa, xoş o adamın halına...

...Bəli, “keçid dövrü” dediyimiz zaman kəsiyindən başlayaraq, mental, milli-mənəvi dəyərlərlə “müasir” insanlar arasında görünməyən divarlar “hörüldü”. Elə “körpü”lər yandırıldı ki, sanki ona qayıdış lazım olmayacaq.

Zamanla ailə dəyərlərindən məhrum bir xalq, sönmüş od-ocaq, viranə qalmış ürəklər, qəlblər formalaşdırılmağa başladı. Halbuki, bizdəki qaynar, isti ürək, millilik, yüksək mənəviyyat formulu roman-kitabların əsas mövzusu, istər nəsrin, istər də nəzmin ideyası, qayəsi, məzmunu idi. Uzağa getməyək, viranə ürəklərdən, qəlblərdən süzülən misralardan yoğrulan matəm ruhlu ədəbiyyat, işığı öləzimiş sənət nümunələri heç indiki qədər çox olmamışdı. Pessimizm kimi görünməsin, həmin motivdən çıxış edən sənət əsərlərinin renessans dövrünü yaşamaqdayıq sanki...

Xülasə, mövzuya qayıdaq. Qayıdaq ki, əsas məsələ, haqqında bəhs edəcəyimiz o vacib məqamı yaddan çıxarmayaq. Zatən, elə get-gedə yaddan çıxmaqda, bəlkə də yaddaşlardan çıxarılmaqda olan o vacib dəyərə qayıtmalıyıq.

Qayıtmalıyıq ki, nə vaxtsa kütləvi şəkildə zombiyə çevrilməkdən qurtulaq...

Unutmayanlar isə vaxtilə ənənəvi bir ailə modelinin hansı müsbət, gözəl cəhətlərinin olduğunu inkar etməz. Həmin ailələrdə ailə başçısının yeri, mövqeyi nəsildən-nəslə qiymətli bir estafet kimi ötürülürdü. Bu məqamda ailə başçısı dediyimizi də məhz bütöv bir nəslin-kökün başçısı kimi xarakterizə edirik.

Bəli, keçənlərdə, ötənlərdə hər nəslin özünün “seçki”siz seçilən bir rəhbəri, başçısı olardı. Həmin şəxsin sözü də keçərli idi. Çünki ailədə, qohum-əqrəbada, ətrafında özünü doğrultduğu qədər, verdiyi məsləhətlə, nəsihətlə bütöv bir nəsli də yönləndirə bilirdi. Ona görə də ötənlərdə indiki qədər dağılan ailələr, məhv olan həyatlar yox idi...

Bəlli ki, hazırda külli sayda olan cürbəcür adlı təşkilatların, qurumların, assosasiyaların fəaliyyətini, gördüyü çoxsaylı işi, həyata keçirdiyi layihələri, silsilə tədbirlərin əməli nəticəsini hər nəslin bir ağsaqqalı, ağbirçəyi təkbaşına həll edirdi. Onların bircə sözüylə, nəsihətiylə əsrləri qocaldıb bugünə qədər gəlib çatmışıq.Yəni bütöv bir millət, xalq olmağın digər yolu da nəsillərin estafetindən, sağlam ailə dəyərlərindən keçərək indiyədək var ola bilib...

İndilikdə isə ailə dəyərlərimizin aşındığından, dağılan, məhv olan ailələrdən daha çox danışmalı, yazmalı oluruq. Təbii, günün reallığı nədirsə, ondan da bəhs etməliyik. Doğrusu, bu vəziyyət hamını narahat edir, hər halda, belə zənn edirik. Ona görə ki, necəliyindən asılı olmayaraq, ailələrin saglam dəyərlər üzərində qurulması, dayanıqlı olması, fikrimizcə, hamının arzusu-istəyidir.

Amma həmişə qeyd etdiyimiz kimi olurmu? Bu gün ailələr, bütöv ömürlər, həyatlar nədən məhv olur, darmadağın edilir? Sualın cavabı, təəssüf ki, birmənalı deyil...

Çünki statistikada dağılan ailələr haqqında birmənalı şəkildə quru rəqəmlər çıxış edirsə, reallıqda o ailə-ocaqların məhvolma səbəbləri müxtəlifdir. Yenə də ötənlərdən, keçən əyyamlardan söz açmaq, ondan misal gətirmək zərurəti yaranır.

Demək olar ki, keçənlərdə ailələrin dağılmasına elə bir tutarlı səbəb lazım gələrdi ki, onu da hazırda uzun-uzadı fikirləşsək, tapa bilərik. Yəni ailə dağılmalarına, boşanmalara həddən çox ciddi səbəb gərəkərdi. İndi isə, təəssüf ki, belə deyil. İstənilən xırda məsələ, əsassız səbəb, yaxud, bəhanə ailələrin dağılmasına gətirib çıxarır. Hərçənd, hazırkı zəmanədə ailələrin dağılmasının əsaslı səbəbləri də mövcuddur ki, indilikdə bundan bəhs etmirik. Təkcə onu qeyd edək ki, bu gün ailələrin dağılmasına gətirən həmin əsassız və mənasız, tərəflərin bir-birinə güzəştə getmədiyi səbəblər azsaylı, əsaslı səbəbləri kölgədə qoyur...

İstər əsaslı, istərsə də əsassız səbəblərdən dağılan ailələrin mövcud statistikası isə heç də ürəkaçan deyil. Çünki kifayət qədər çoxdur. Belə ki, cari ilin ilk üç ayında Azərbaycanda 3940 boşanma qeydə alınıb. 2020-ci ilin yanvar-aprel ayında 4287 cütlük boşanıb. Həmin dövr ərzində 13738 nikaha daxilolma, bununla müqayisədə, fəqət beş minə yaxın boşanma qeydə alınıb. Necə deyərlər, orta hesabla hər gün 114 yeni ailə yaranıb, 35 cütlük isə boşanıb. Əhalinin hər min nəfərinə nikahların sayı 4,2, boşanmaların sayı isə 1, 3 olub...

Beləliklə, məsələni ümumiləşdirsək, bu ilin yanvar-sentyabr ayında qeydiyyat şöbələri tərəfindən 26312 nikah qeydə alınıb. Statistika Komitəsinin məlumatına görə, hesabat dövründə 11089 boşanma halı baş verib. Ümumiyyətlə, ölkə əhalisinin hər min nəfərinə nikahların sayı 3,5, boşanmaların sayı isə 1,5 olub. Maraqlı hal odur ki, qeydiyyat şöbələri tərəfindən nikahın pozulması haqqında müraciət edənlərin 602 nəfəri bu ilin yanvar-fevral ayında psixoloqla söhbətə cəlb edilib.

Və onların 126 nəfəri (63 cütlük) nikahın pozulmasından imtina edib...

Deməli, son məqamda olsa da, hansısa formada ailələrin dağılmasının qarşısını almaq mümkündür. Ailələrin dağılması, bu mənfi statistika əslində, bütöv cəmiyyətə təsir etdiyindən, onun harmoniyasını və gələcəyini sual altına qoyduğundan, istənilən halda və hansısa formada olursa-olsun, onun qarşısını almaq vacibdir. Bu məqamda, yuxarıda qeyd etdiyimiz, əsrlərin və nəsillərin sınağından keçən, özünəməxsus ailə dəyərlərinin yeri görünür yenə də. Necə deyərlər, bu gün heç kim könüllü olaraq psixoloqlara, ailə institutlarına, müvafiq mütəxəssislərə müraciət etmir. Bəzi hallarda sözügedən ünvanlara müraciətin olunmaması da müəyyən səbəblərlə izah edilir. Lakin istənilən halda, ailə ağsaqqallarına, ağbirçəklərinə müraciət elə də çətin deyil. Çünki onlar az da olsa, hələ də var və aramızdadır. İstənilən nəslin, kökün arasında şəxsiyyət olaraq seçilən, sözü keçən belə insanlar dağılmaqda olan ailələri düzgün yönləndirə, onları bu ağır və çətin sınaqdan uğurla keçirə bilər. Yetər ki, ona istək olsun.

Zatən, arzuladığımız, çatmaq istədiyimiz sağlam ailə və ondan yaranacaq hərtərəfli, inkişaf etmiş cəmiyyətdirsə...

Nigar Orucova

Mənbə: paralel.az