27 illik Kəlbəcər həsrətinə son (VİDEO)

Ürəyi vətən, torpaq həsrətilə döyünən Kəlbəcər sakininin həyətidir bura. İllər əlvvəl yurdundan məcburi köçkün düşərək Bakıya pənah gətirən 74 yaşlı Nurəddin Əsgərov burada məskunlaşıb, özünə bağ salıb, ağac əkib. Qısası, kiçik həyətində Kəlbəcəri canlandırmağa çalışıb. Deyir ki, heç nə Kəlbəcərin yerini verməsə də, sadəcə 27 illik həsrətimi bunlarla ovundururam. Onun Kəlbəcərə qayıtmaq üçün hər zaman içində ümid işığı olub.

Nurəddin Əsgərov deyir ki, ermənilər Kəlbəcəri tərk edəndə meşələrə, evlərə, yaşıllıqlara vurduqları odun alovu məni də yandırırdı. Doya-doya yaşaya bilmədiyim yurdumda o qədər arzularım yarım qaldı ki.... Yaşımın bu çağında gedib bütün arzularımız gerçəklədirəcəm.

1993-cü ildə Kəlbəcəri tərk edən Əsgərovlar ailəsi o ağrılı günləri heç vaxt unutmur. Dünənin hadisəsi kimi həmişə xəyallarında yaşadırlar.

Evin xanımı Xalidə Əsgərova deyir ki, dövlətimizin humanist addımı nəticəsində ermənilərin Kəlbəcərdən çıxması üçün 10 gün vaxt verildi. Amma o dövrdə ermənilər bizə 10 saat zaman verdilər. Ailə o müddət ərzində əşyalarını belə götürə bilmədi. Götürə bildiyi yalnız fincan oldu. 27 ildir Kəlbəcərin və İstisuyun ətrini aldığı fincan...

Əsgərovlar ailəsi nəvələrinə də hər gün Kəlbəcərdən danışır.

Valideynləri kimi Samirə Məmmədovanın da sevincinin həddi-hüdudu yoxdur. İllərdir yuxularından çıxmayan Kəlbəcərə qovuşmaq indi onun üçün ən böyük mükafatdır.

Vətəninə bağlı olan Samirənin əl işindən Azərbaycan xəritəsi hazırlaması təsadüfi deyil. Göz nuru ilə hazırladığı bu zəhmətin, əməyin arxasında bir az Kəlbəcər həsrəti, bir az da Kəlbəcər sevgisi var. Hisslərini muncuqlara düzüb, özünə vətən düzəldib. Artıq onlar məcburi köçkün deyil. 27 il gözü yolda qalan sakinlər kəlbəcərinə, kəlbəcər də doğma sakinlərinə qovuşdu.

 

 

Realtv.az

ƏVVƏLKİ XƏBƏR

Gəncədə Kəlbəcərlilərin sevinci - VİDEO

SONRAKI XƏBƏR

Elxan Məmmədov TFF rəhbərliyi ilə görüşüb