Kəlbəcərin çəhrayıyanaq qızları... Arzu Qazıyeva yazır

Kəlbəcərin çəhrayıyanaq qızları... Arzu  Qazıyeva  yazır

ARZU QAZIYEVA

Qrupumuzda Sevinc adlı kəlbəcərli qız oxuyurdu. Uzun, sarışın gür saçlarına, üzünün şüşə kimi hamar, ləkəsiz ağ dərisinə, yanaqlarının təbiətən çəhrayılığna qibtə etməmək olmurdu. Gözlərindəki dağ adamına məxsus sadəlövhlüyü ilə, çöhrəsindəki səmimiyyətilə digərlərindən çox seçilirdi. Kəlbəcərdən danışanda bütün vücudu sevinirdi, xüsusən də ora gedən yolun çox uzaq, 10 saatdan artıq olduğunu, dağların başında yaşadıqlarını fəxrlə vurğulayırdı. Yolun 10 saatdan artıq olduğunu deyəndə isə lap mat keçirdik, sanki demək istəyirdi ki, Kəlbəcərə getmək, dağlara qalxmaq hər adamın hünəri deyil. Bizim şəhər qızlarının solğun bənizlərinə ənlik-kirşan çəkmələrinə baxıb gözaltı xısın-xısın gülürdü. Ondan təbiətən çox şux görünməsinin səbəbini soruşanda, çox sadə bir cavab verirdi: kəlbəcərlilərin hamısı belədir, çünki biz dağların təmiz havasının, buz kimi soyuq sularının adamlarıyıq. Uşaq kimi elə səmimiyyətlə, elə həvəslə danışırdı ki, sanki dünyanın mərkəzi elə Kəlbəcər imiş və Kəlbəcərdən başqa yer yalanmış.

İllər keçdi, məlum hadisələr baş verdi, kəlbəcərlilər Kəlbəcərdən kənarda doğuldular, Kəlbəcəri görmədən böyüdülər. Kəlbəcərsiz doğulan Kəlbəcər qızlarının da yanaqlarının təbiətən çəhrayı olub-olmadığını bilmirəm, amma indən belə doğulacaq Kəlbəcər qızlarının qibtəediləcək qədər təbiətən yenə də şux olacaqlarını dəqiq bilirəm. Kəlbəcərin qarlı-dumanlı dağlarından, təmiz havasından, buz kimi soyuq sularından, ora aparan yolun 10 saatdan artıq olmasından, sanki dünyanın mərkəzidir kimi uşaq sadəlövhlüyüylə, səmimiyyətlə danışacaqlar. Və solğun bənizli Bakı qızlarının ənlik-kirşanlarına baxıb gözaltı xısın-xısın qımışacaqlar.

 

Mənbə: olaylar.az