Qubada yoluxanların xəstəxanaya aparılması üçün xüsusi maşınlar ayrılıb

Qubada yoluxanların xəstəxanaya aparılması üçün xüsusi maşınlar ayrılıb

Quba rayonunda koronavirus infeksiyası ilə mübarizə tədbirləri çərçivəsində reyd keçirilib.

"Report"un Şimal bürosunun məlumatına görə, son günlər rayon ərazisində yoluxmanın artması səbəbindən 4 nəfərdən ibarət 140 mobil dəstə yaradılıb.

Reyddə Quba Rayon İcra Hakimiyyətinin başçısı Ziyəddin Əliyevin rəhbərlik etdiyi mobil qrupun tərkibinə daxil olan hüquq-mühafizə orqanlarının rəhbərləri və digər vəzifəli şəxslər də iştirak ediblər.

Reyd, əsasən, rayon mərkəzi və əhalinin sıx toplaşdığı bazar ətrafı ərazidə, ərzaq mağazaları və apteklərdə keçirilib. Yerli sakinlər və satıcılarla maarifləndirici söhbətlər aparılıb, digər tövsiyələr verilib. Qanun pozuntusuna yol vermiş şəxslər barəsində qanunvericiliklə müəyyən edilmiş qaydada protokollar tərtib edilib.

Z.Əliyev "Report"a açıqlamasında bildirib ki, son günlər Quba rayonunda koronavirus xəstələrinin sayının artması ciddi narahatçılıq doğurur: "Artıq görülən sərt tədbirlər nəticəsində ötən həftəyə nisbətən bu həftə yoluxma sayında azalma müşahidə olunub. Çünki yoluxanların xəstəxanaya gətirilməsi üçün xüsusi maşınlar ayrılıb. Eyni zamanda şübhəlilərin evlərdə də müayinəsi aparılır. Bu hal da yoluxmanın qarşısının alınmasına müsbət təsir göstərir. Bu gün gəzdiyimiz yerlərdə insanları bir-biri ilə ara məsafəsi saxlamaq, qoruyucu tibbi maskalardan yararlanmaq və gigiyenik qaydalara riayət etməklə özlərini qorumağın vacib olduğunu bildirmişik".

 

Mənbə: pia.az