BDU Qazax filialı konfrans keçirir:“İşğala son: İctimai-siyasi və sosial-iqtisadi aspektlər” - FOTO

BDU Qazax filialı konfrans keçirir:“İşğala son: İctimai-siyasi və sosial-iqtisadi aspektlər”    - FOTO

BDU-nun Qazax filialında elmi-praktik konfrans keçirilib.

Bakı Dövlət Universitetinin Qazax filialında onlayn formatda elmi-praktik konfrans keçirilib. “İşğala son: İctimai-siyasi və sosial-iqtisadi aspektlər” mövzusunda keçirilən konfrans 27 sentyabrda başlayıb 10 noyabr tarixində başa çatan Vətən müharibəsində Azərbaycan Ordusunun şanlı qələbəsinə həsr olunub.

BDU-nun Qazax filialının direktoru Arif Rüstəmov konfransı giriş sözü ilə açaraq qeyd edib ki, Azərbaycanın döyüş, diplomatiya və informasiya cəbhələrindəki mühüm qələbələri xalqımızı uzun illər həsrətində olduğu Qələbə Gününə yetirdi. Sentyabrın 27-də Ermənistan ordusunun başladığı müharibə Silahlı Qüvvələrimizin tarixi Qələbəsi ilə başa çatdı. Ali Baş Komandan, Prezident İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu 44 gündə Ermənistanın 30 il ərzində formalaşdırdığı silahlı qüvvələrini darmadağın edərək işğal altında olan torpaqlarımızı azad etdi.

A.Rüstəmov müharibədə qazanlmış şanlı qələbəyə görə Ali Baş Komandan, Prezident İlham Əliyev başda olmaqla bütün Azərbaycan xalqını təbrik edib, ən xoş arzularını bildirib. Qeyd edib ki, qələbə münasibətilə kollektivin adından Ölkə Başçısına minnətdatlıq məktubu göndərilib və həmin məktub Prezident.Az saytında və digər informasiya vasitələrində dərc olunub.
A.Rüstəmov pandemiya dövründə filialda təhsilin onlayn formasında davam etdirildiyini bildirərək, təhsil ocağında onlayn təhsil üçün hər cür şərait yaradıldığını qeyd edib. Filialda yaradılan yüksək şəraitə göstərdiyi köməyə görə BDU-nun rektoru Elçin Babayevə, Qazax Rayon İcra Hakimiyyətinin başçısı Rəsəb Babaşova kollektiv adından öz dərin minnətdarlığını bildirib.
Sonra 44 günlük müharibəyə həsr edilmiş “Azərbaycan Prezidenti tarix yazdı və yazmağa davam edir” adlıvideoçarx nümayiş olunub.

Azərbaycan Milli Elmlər Akademiyasının, Bakı Dövlət Universitetinin, Gəncə Dövlət Universitetinin və BDU-nun Qazax filialının əməkdaşlarının iştirakı ilə keçirilən onlayn konfransda Dağlıq Qarabağın tarixinə, Ermənistan-Azərbaycan-Dağlıq Qarabağ münaqişəsinə, bu münaqişənin sosioloji-psixoloji aspektlərinə, müharibə dövründə İlham Əliyevin nitq siyasətinə, münaqişənin Azərbaycanın iqtisadiyyatına vurduğu ziyan və onun qiymətləndirilməsinə həsr olunmuş məruzələr dinlənilib. Konfransda professor Hüseyn Xəlilov, dosent Hürü Şamilova, dosent İlhamə Qəsəbova, fəlsəfə doktoru Nəsibə Hacıyeva, baş müəllim və müəllimlərdənMübariz Süleymanov, Ülviyyə Bayramova, Veyis Adıgözəlov, Hikmət Yusifov, Mustafa Mustafayev məruzələrlə çıxış ediblər.

Mənbə: buta.ws