Vətən müharibəsi bizə nə verdi ?

Vətən müharibəsi bizə nə verdi ?

Lev Qumilyovun “Etnogenezin Passionarlıq nəzəriyyəsi” deyilən məşhur bir nəzəriyyəsi var. Bu nəzəriyyəyə görə bir xalqın inkişaf və tənəzzülü həmin xalqın tərkibində olan passionar insanların sayından asılıdır.

 

Passionar insan hansısa maddi olmayan ali məqsəd üçün fədakarlıq etməyə hazır olan insanlara deyilir, passionarlıq isə həmin fədakarlıq ruhuna. Xalqın inkişafı üçün passionar insanların minimal həddi var, ondan az olsa xalq və cəmiyyət tənəzzül edir. Artıq olsa inkişaf edir, hətta kənar regionlara da ekspansiya etməyə başlayır. Bu ekspansiya konstruktiv və destruktiv ola bilir, amma bu, ayrı mövzudur.

 

Məsələn, qəbilə halında yaşayan ərəblər, İslamın gəlişindən sonra həmin yüksək passionarlıq ruhunu qazandılar və qısa zamanda böyük xilafət quruldu. Şah İsmayıl tərəkəmə türkmən tayfalara həmin fədakarlıq və passionarlıq ruhunu bəxş edib bircə ilə nəhəng bir imperiya yaratdı. Və s.

 

Azərbaycan xalqı öz müstəqilliyinə yüksək passionar ruhla qədəm qoymuşdu. Amma xəyanətlər və bizə təhmil olunan iqtidarların sayəsində Qarabağ müharibəsini uduzduqda, o ruh çökdü. İnsanlar ali məqsədləri unutdular, məişət problemi üstün gəldi, insanlar yaxşı həyat dalınca köçdülər və ya öz həmvətənlərini vicdansızcasına istismar etməyə başladılar.

Vətən müharibəsi 25 ildir sönmüş o passionar ruhu diriltdi. Keyfiyyətcə dəyişməyə başladı. Hamı xalq haqda eyni sözü deyirdi – fədakarlıq! Əsgərdə də, adi camaatda da, həkimdə də, qocada da, cavanda da..

 

Bir dəfə yazmışdım, yenə deyirəm. Bu dirilmiş ruh, passionarlıq hissi davam etsə biz əvvəllər heç zaman nail olmadığımız yüksəkliklərə qalxa biləcəyik. Tək ölkəmizdə deyil, ətraf regionlarda da. Bu, xalq üçün də, dövlət üçün də çox mühüm və perspektivlidir. Amma o ruhu bu dəfə diri saxlamaq və xəyanətkarları yaxına buraxmamaq lazımdır. Hər şey rəhbərlikdən asılı olacaq.

 

Elçin Əsgərov

 

Mənbə: faktor.az