"Ruhun şad olsun, ana, sən gedə bilməsən də biz Kəlbəcərə gedirik" - FOTO

"Ruhun şad olsun, ana, sən gedə bilməsən də biz Kəlbəcərə gedirik" - FOTO

Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusunun qazandığı Qələbənin sevincini yaşayanlar arasında 27 il əvvəl Ermənistan silahlı qüvvələri tərəfindən doğma yurdlarından didərgin salınmış Kəlbəcər sakinləri də var. Bu gün - noyabrın 25-də Kəlbəcərin Azərbaycan Ordusunun nəzarətinə keçməsi bu rayonun sakinlərinin 27 illik doğma yurd, Vətən həsrətinə son qoydu. Bütün xalqımız, o cümlədən kəlbəcərlilər bu günü sonsuz bir sevinc hissi ilə qeyd edirlər.

Milli.Az AZƏRTAC-a istinadən xəbər verir ki, doğma rayonlarının azad olunduğunu eşidən kəlbəcərlilər kimi, Bayramovlar ailəsi də sevinclərini sözlə ifadə edə bilmədiklərini, bu günün onların həyatında ən xoşbəxt gün olduğunu bildirirlər.

Kəlbəcər rayonundan olan Şəmsəddin Bayramov deyir ki, ermənilər Kəlbəcəri işğal etməmişdən qabaq orada xoşbəxt yaşamışıq. O yerlərdə gözəl günlərimiz olub. Kəlbəcər işğal olunanda biz çox çətinliklər çəkdik. Təsəvvür edin, bir andaca doğma evini tərk etməyə məcbur qalırsan və günlərlə soyuq havada yol gedirsən. Dəhşətli bir vəziyyət idi. Əhali ayaqyalın, başıaçıq qaçırdı, körpə uşaqlar soyuqdan donurdular. Bütün Kəlbəcər sakinləri, o cümlədən bizim ailənin də ən böyük arzusu rayonumuzun işğaldan azad olunması idi. Çox şükür ki, arzumuza çatdıq, gözlədiyimiz gün gəlib çatdı. Bundan sonra rayonumuza gedəcəyik və əvvəlki gözəl günlərimizə qayıdacağıq. Mən bu gün arzuma çatdım. Allaha çox şükür ki, işğal altındakı torpaqlarımız, eləcə də Kəlbəcərimiz azad olundu. Kəlbəcərin azad edilməsi xəbərini eşidəndə çox həyəcan keçirdim.

"Bu gün sevincimizin həddi-hüdudu yoxdur. Bu gün biz kəlbəcərlilər üçün əlamətdar və tarixə qızıl hərflərlə yazılacaq bir gündür. Doğma Kəlbəcərimiz Müzəffər Ali Baş Komandanımızın qətiyyəti, rəşadətli ordumuzun qəhrəmanlığı sayəsində 44 günlük qanlı döyüşlərin nəticəsində azad olundu"" bu sözlər isə aiddir".

Bu sözlər isə ev sahibi Akif Bayramova aiddir. Doğma Kəlbəcərə qayıdacaqlarına daim inandığını qeyd edən Akif Bayramov deyib: "Hər zaman qəlbimizdə bir ümid hissi var idi ki, bu torpaqlar, doğma ocaqlarımız nə vaxtsa bizə qayıdacaq. Şükürlər olsun ki, bizim arzularımız bu gün gerçəkləşdi. Mən gəncliyimin ən gözəl anlarını Kəlbəcərdə yaşamışam. Xain ermənilərin hücumuna qəfil məruz qaldığımızdan evdən heç nə götürmədən gecə ilə doğma yurdumuzdan çıxdıq. O vaxt mən Azərbaycan Dövlət İncəsənət Universitetində diplom müdafiəsində idim. Kəlbəcərdən çıxanda təkcə diplom işimi götürdüm ki, təhsilim yarımçıq, əziyyətim yerdə qalmasın. Kəlbəcərdən gəldiyimiz anları heç vaxt unuda bilmərik. Bu gün Gəncədə məskunlaşmışıq. Bura da bizə doğmadır. Amma biz o yanmış ocaqlarımızın başında özümüzü daha rahat hiss edəcəyik və doğma yurdumuzu qurub-yaradacağıq. Ora bizim doğma torpağımız, ana Vətənimizdir".

Akif Bayramov ulu öndər Heydər Əliyevin 1996-cı ildə Kəlbəcər ictimaiyyəti ilə görüşündə ifadə etdiyi "Vaxt gələcək ki, Kəlbəcər öz əvvəlki dövrünə qayıdacaq və ondan da gözəl olacaq" sözlərinin bu gün Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə yerinə yetirildiyini vurğulayıb: "Biz Ali Baş Komandanımıza, Azərbaycan Ordusuna təşəkkür edirik ki, mənfur düşmənlərin qarşısında qısa müddətdə yüksək peşəkarlıqla döyüş apardı. Qüdrətli ordumuz bizim qələbə, doğma torpaqlarımıza qayıtmaq arzularımızı həyata keçirdi. Son 27 ildə hər gün Kəlbəcərə qayıtmağı arzulamışam. Kəlbəcər torpağının hər qarışı, daşı, divarı, yaylağı, bulağı gözümün qarşısından getmirdi. Kəlbəcər bənzərsiz məkandır. Çox şükür ki, biz həmin yerləri 27 ildən sonra yenidən görəcəyik".

Evin xanımı Fazilə Bayramova isə sevincini bu sözlərlə ifadə edib: "Bu gün ən sevincli günümüzdür. Bütün Azərbaycanın xalqının, o cümlədən kəlbəcərlilərin gözü aydın olsun. Bizim 27 il 6 aylıq həsrətimizə son qoyulur. Həsrətini çəkdiyimiz Kəlbəcərə qovuşuruq. Bunun üçün Müzəffər Ali Baş Komandanımıza, rəşadətli Azərbaycan Ordusuna dərin minnətdarlığımı bildirirəm. Ağlaya-ağlaya çıxdığımız Kəlbəcərimizə qayıdacağımız gün yetişdi. Mən Vətən uğrunda canından keçən, yaralanan oğullarımızın qarşısında, şəhid anaları qarşısında baş əyirəm. Onların gücü və Prezidentimizin qətiyyəti sayəsində Kəlbəcərimiz işğaldan azad olundu. Allah şəhidlərimizə rəhmət etsin".

Fazilə xanım doğma yurdunun azad olunması xəbərini eşidəndə sevincindən kimə zəng edəcəyini bilmədiyini deyib. Ağlıma ilk gələn o oldu ki, anamın qəbri üstünə gedim və "Gözün aydın, Kəlbəcər azad olundu" deyim.

Kəlbəcərlə bağlı arzularını və xatirələrini dilə gətirən Fazilə xanım bildirib: "Kəlbəcərə ilk dəfə ayaq basanda atamın məzarını ziyarət edəcəyəm. Kəlbəcər deyəndə yadıma doğma evimizi tərk etdiyim gün düşür. O günləri çox həyəcanla xatırlayıram. Kəlbəcərdən çıxanda qızım altı aylıq idi. Biz çox çətin vəziyyətdə gəldik. Murova çatanda gördüm ki, qızımın dodaqları quruyub. Üç gün yol gəlmişdik. Elə bildik ki, uşaq ölüb. İndiki kimi yadımdadır, əsgərlər yığışıb onun ağzına qar sürtürdülər. Ondan sonra uşaq özünə gəldi".

Ev sahibinin bacısı İradə Bayramova da bu günlərdə sevinc göz yaşlarına qərb olub. Məcburi köçkün adının üzərindən götürülməsinin sevincini yaşayan İradə xanım deyib: "Kəlbəcərin işğaldan azad olunmasına çox sevindim. Buna görə Müzəffər Ali Baş Komandanımıza, qəhrəman ordumuza təşəkkür edirəm, şəhidlərimizə Allahdan rəhmət diləyirəm. Mənim ən çox xatirələrim nənəm və babamla bağlıdır. Onlar əsir düşüblər. Anam onların dərdinə dözə bilmədi, dünyasını dəyişdi. Anamın məzarı üstə gedib, "Ruhun şad olsun, ana, sən gedə bilməsən də biz Kəlbəcərə gedirik". Kəlbəcərlilərin hər birinə gözaydınlığı verirəm. Bütün Azərbaycanı təbrik edirəm ki, işğal altındakı torpaqlarımız azad olundu. Kəlbəcəri, eləcə də azad olunmuş bütün ərazilərimizi qarış-qarış gəzəcəyəm".

Milli.Az

Mənbə: news.milli.az