Xəzər üzərində şəfəq - İMRAN QASIMOV

Xəzər üzərində şəfəq - İMRAN QASIMOV

"Bədii söz plakat deyil, rəngarəng rəsm əsəridir. Emosional, intellektual təsir yolları mürəkkəb və çoxcəhətlidir” - İmran Qasımov

Azərbaycan dramaturqu və kinossenaristi, Azərbaycan Yazıçılar İttifaqının katibi, Azərbaycanın Əməkdar incəsənət xadimi Azərbaycan SSR Dövlət mükafatı laureatı, Azərbaycanın Xalq yazıçısı İmran Qasımovun doğum günüdür.
Hörmətlə xatırlayaq.

Dənizi yaman çox sevirdi İmran Qasımov. Bəlkə gözünü açıb elə böyük Xəzərimizi görmüşdü, ona görə. Onun bitib-tükənməyən gözəlliyi, əlçatmaz sahilləri, ənginliklərinə çatmaq istəyirdi. Cəsur Xəzər neftçilərinin həyatı, sevgisi, düşüncələri... onun ürəyində özünə yer tutmuşdu.

Bəlkə elə buna görə də, sənətkarın yaradıcılığında dənizin, Xəzər neftçilərinin xüsusi yeri var. Buna onun “Xəzər neftçiləri haqqında dastan”, “Dəniz cəsurları sevir”, “İnsan məskən salır”, “Arzu”, “Xəzər üzərində şəfəq” və digər əsərlərini misal göstərmək olar. Ondan dənizə aşiqliyi barədə soruşanda belə deyib: “Mən dənizdə doğulub, dənizdə böyümüşəm. Haqqında yazdığım adamlar isə mənə çox doğmadırlar. Mənə elə gəlir ki, onlarla bir oxumuşam, bir yaşa dolmuşam”.

İmran Qasımov Azərbaycan ədəbiyyatının inkişafında mühüm xidmətləri olan ədiblərdən biridir. O, nasir, dramaturq və ssenarist kimi zəngin ədəbi-bədii irsə malikdir.
Onun dəyərli yazıçımız Həsən Seyidbəyli ilə birgə qələmə aldığı «Uzaq sahillərdə» romanı zamanının ən populyar əsərlərindən olub.

Ədəbi yaradıcılığında müasirlərinin mənəvi zənginliyini, əxlaqi keyfiyyətini əks etdirib. Məhz bu səbəbdəndir ki, onun əsərləri zamanında da sevilib və bu gün də sevilir.

İmran Qasımov həm də istedadlı ssenarist idi. Onun ssenariləri əsasında bir çox filmlər çəkilib. Həsən Seyidbəyli ilə birgə eyniadlı roman əsasında yazdıqları ssenari üzrə çəkilən “Uzaq sahillərdə” filmi xüsusilə geniş şöhrət qazanıb. Film dünyanın 25 dilinə tərcümə olunub, Asiya və Afrika ölkələrinin festivallarında birinci yer tutub, Kanadada mükafata layiq görülüb.
İmran Qasımovun ssenariləri üzrə çəkilən filmlərdə fədakar əmək, məhəbbət parlaq şəkildə əksini tapıb. Müasirlərin və yenilikçilərin hiss və duyğuları aydın şəkildə verilib. “Onun böyük ürəyi”, “İnsan məskən salır“ və s. filmləri bu gün də sevilərək baxılır.

Özünəməxsusluq, xəlqilik İmran Qasımovun yaradıcılığını şərtləndirən və səciyyələndirən xüsusiyyətlərdir. Bu, onun təsvir etdiyi qəhrəmanların mənəvi aləminə, qayğılarına və sevinclərinə çox bağlı olduğunu parlaq şəkildə göstərir. O, qəhrəmanının həyat yolunu az qala addım-addım izləyir, böyük rəğbətlə müşahidə edir və öyrənirdi.

O, ədəbi yaradıcılıqla bərabər, həm də ictimai xadim olub. Tez-tez xarici ölkələrə səfərə çıxıb. Müxtəlif görüşlər, böyük xalqlar, maraqlı adamlar haqqında xatirələr yazıb.

Qısa arayış:
Dramaturq və kinossenarist İmran Qasımov 1918-ci il noyabrın 25-də Bakıda ziyalı ailəsində anadan olmuşdur. Çox qarışıq bir zamanda dünyaya gəlmiş İmran Qasımov açıqfikirli bir ailədə böyümüş, savadlı, məlumatlı, zəkalı insanlardan müsbət cəhətləri öyrənmişdir. Adını daşıdığı əmisi - İmran Qasımov qüdrətli sənətkarlarla - Üzeyir Hacıbəyli, Hüseynqulu Sarabski, Cəlil Məmmədquluzadə, Abbas Mirzə Şərifzadə, İsmayıl Hidayətzadə və başqa şəxsiyyətlərlə çiyin-çiyinə işləyərək Azərbaycanda musiqili teatrın yaranmasında, inkişafında böyük rol oynamışdır. 1914-cü ildə vəfat etmiş əminin adını dörd il sonra dünyaya gələn qardaşı oğluna vermişlər.

Yazıçının atası Həşim Qasımov ötən əsrin əvvəllərində Azərbaycanın Peterburqda ali təhsil almış ilk mühəndislərindən biri idi. Anası Mələk xanım da dövrünün nəcib, geniş dünyagörüşə malik qadınlarından olmuşdur.

Azərbaycan ədəbiyyatının, kino və teatrının inkişafında əvəzsiz xidmətləri olan İmran Qasımov1934-cü ildə orta məktəbi bitirdikdən sonra əvvəlcə Azərbaycan Dövlət Universitetinin filologiya fakültəsində, sonra Moskvada kinossenaristlər kursunda oxuyub. Vətənə döndükdən sonra Azərbaycan SSR Nazirlər Soveti yanında Kinematoqrafiya Komitəsi sədrinin birinci müavini, “Literaturnıy Azerbaydjan” jurnalının baş redaktoru, 1975-ci ildən ömrünün sonuna kimi (1981) Azərbaycan Yazıçılar İttifaqının birinci katibi vəzifələrində çalışıb.

İmran Qasımov Xalq yazıçısı fəxri adına, Azərbaycan Dövlət mükafatına layiq görülüb, “Qırmızı Əmək bayrağı”, “Şərəf nişanı” ordenləri ilə təltif olunub.

Görkəmli qırğız yazıçısı Çingiz Aytmatov: “Sənin dramaturgiyan Azərbaycan teatrının adasıdır. Sənin dramaturgiyanda qaldırılan məsələlər müasir insanın, zamanın problemi olub, qəhrəmanların simasında gələcək tarixə vəsiqə almışdır. Sən hər barədə öz dövrünün vətəndaşısan. Həqiqət, xeyirxahlıq, gözəllik, məhəbbət, ölüm, harmoniya kimi mövzular daim sənin yaradıcılığında aktual, günümüzlə səsləşən əhəmiyyət kəsb edir. Sənin bəşəri ədəbiyyat və incəsənət haqqında anlayışın, düşüncələrin məni həmişə heyran edib”.

Tanınmış ədəbiyyatşünas alim, akademik Məmməd Arif də ədibin dramaturgiyasını yüksək qiymətləndirib: “İnsan məskən salır”, “Ömür elə qısadır ki”, “Sən nə üçün yaşayırsan?”, “Nağıl başlananda”, “Dairəni genişləndirin” pyesləri Azərbaycan dramaturgiyasının qazandığı görkəmli nailiyyətlərdəndir”.

Cəmi 63 il ömür yaşadı İmran Qasımov.

Amma bu qısa ömründə keçdiyi həyat yolu ilə çoxlarına nümunə oldu, zəngin yaradıcılığı ilə ədəbiyyatımızda və kino sənətimizdə mötəbər yer tutdu.

Azərbaycanın Xalq yazıçısı İmran Qasımov görkəmli yazıçı, işıqlı şəxsiyyət, ictimai xadim kimi ədəbiyyatımızda və mədəniyyət tariximizdə həmişə yaşayacaqdır.

İllər keçəcək, kim bilir, bəlkə o da elə çox sevdiyi doğma Xəzərimizin üzərində yanan o parlaq şəfəq kimi bizlərə boylanacaq, işıq saçacaqdır...

Nurlanə Əliyeva,
Azərbaycan Jurnalistlər Birliyinin üzvü

Mənbə: buta.ws